Jurnalist fəaliyyətim dövründə bir çox sevincli, kədərli, ağıla gəlməyən, əzabverici xəbərlər yazmalı olmuşam. Heç vaxt xəbərin təsirinə düşməmişəm. Amma ilk dəfə idi ki, cəmiyyətdə fahişə kimi tanınan Elnurə Əhmədovanın ölüm xəbərini hazırlayanda, bu istisnanı yaşamalı oldum. Özü-özümə dedim ki, nə qədər qəribə, dəhşətli və murdar bir cəmiyyətdə yaşayırıq!
Qısa arayış:
Əhmədova Elnurə Gülməmməd qızı. 1989-cu il noyabrın 4-də dünyaya gəlib. Hər iki valideynini kiçik yaşlarında itirib. Şəkidə uşaq evində böyüyüb, daha sonra Şağan qəsəbəsindəki 3 saylı internatda yerləşdirilib. O, 12 yaşında rəfiqəsi ilə internatdan qaçıb, 50 manat müqabilində kişilərlə intim əlaqədə olmağa başlayıb.
2003-cü ildən Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatdadır. 2007-ci ildə Cinayət Məcəlləsinin 140.1 (bilə-bilə başqa vətəndaşları immumçatışmazlığı virusu ilə yoluxdurma təhlükəsi qarşısında qoyma) maddəsi ilə həbs olunub, 7 ay həbsdə yatıb. 2008-ci ilin aprel ayında həbsxanadan çıxıb. Həbsxanadan çıxdıqdan sonra “Təmiz Dünya“ İctimai Birliyinin “Zorakılıq qurbanları üçün sığınacağı”nda 4 ay yaşayıb. Bundan sonra, Elnurənin barəsində heç bir məlumat yoxdur...
...Artıq məlumat var. Dörd gün əvvəl 22 yaşlı Elnurə QİÇS-lə Mübarizə Mərkəzində vəfat etdi. Nərimanov Rayon Məhkəmə-Tibbi Ekspertizasının onun ölümünə dair verdiyi rəydən başqa, bu dünyada Elnurədən heçnə qalmadı. Nə qədər dəhşətlidir! 22 illik bədbəxt ömür və hansısa məmurun etinasızcasına imzaladığı kağız parçası!
Türmədə verdiyi müsahibdədən:
- Fahişəliklə məşğul olmağı dayandırasanmı?..
Fahişəliklə məşğul olmağı dayandırmayacam, çünki kişilərə nifrət edirəm, daha çox kişini QİÇS virusuna yoluxdurmaq istəyirəm.
Azadlığa çıxdıqdan sonra verdiyi müsahibdədən:
- İndi özünü necə hiss edirsən? Həm psixoloji, həm də fiziki baxımdan.
- Özümü çox gözəl hiss edirəm, özümü çox sevirəm. Özümü həyata qayıtmış kimi hiss edirəm. İndi azadlıqdayam. Keçmişdə olanları unutmaq, tamam başqa bir həyatda yaşamaq istəyirəm. Bir yerdə işləmək, tövbə edib namaza başlamaq istəyirəm. Allaha qurban olum, türmədə olduğu kimi, azadlıqda da namaz qılmaq istəyirəm. İstəyirəm evdən işə, işdən evə gedim.
...Və Elnurə öldü!
Kimdir müqqəsir? Elnurə, yoxsa onu bu yola sürükləyən, həyata tutunmaq istədyi vaxt əlindən tutmayan cəmiyyət?
Azadlıqda verdiyi müsahibədən bir cavabıda diqqətinizə çatdırıb, müqəssirin kim olduğunu deyəcəm sizə.
- Cəmiyyətə nə demək istərdin?
Məni fahişə Elnarə kimi yox, autriç işçisi Elnurə kimi tanıyın. Mən artıq, yersiz diqqətdən azad olmaq istəyirəm. Mən də başqalarıyla bərabərhüquqlu insanam, mənim də xoşbəxt olmaq hüququm var. Mənim ailə qurmaq, işləmək, diqqətdən kənar, azad yaşamaq hüququm var.
Bütün insanlara üzümü tutub xahiş edirəm: Mən də sizin kimi insanam! Məni kabusa döndərməyin! Mən kabus deyiləm! Mənim kimi digər şəxslər də var, heç onlara bu qədər diqqət yoxdur. Məni başqalarından ayırmayın! Məni məhv etməyə çalışmayın! Sadəcə, mənə əl tutun ki, yaşayım!..
Bağışla bizi Elnurə, bağışla ki, ürəyi bakirə olmayan, oğraş, fahişə olan cəmiyyətimiz səni başqalarından ayırdı, əl tutmadı, məhf etdi. Azacıq ürəyimizdə insaf olsaydı, sənin əllərindən tutub həyata çəkərdik. Amma üzülmə, biz qeyrətsizliyi çoxdan boynumuzun arxasına yazmış millətik. İndi qeyrəti “yüz” və ya “yüz-yüz” vurunlar başlayacaq mənə qeyrət, millət dərs keçməyə.
Özlərini idealizə edib, dünyaya əxlaq və əxlaqsızlıq pəncərəsindən baxıb, qadınları fahişə və qeyri-fahişə deyə qruplara bölüb, heç nəyin dərininə varmadan fitva verənlər artıq mumlasanız yaxşıdır.
Mən hər gün qəzetlərdə oxuyuram, bu gün filan əxlaqsızlıq yuvası aşkarlandı, yaxud dünən filan körpünün ətrafında gəzişən fahişələr dağıdıldı. Tutalım, əxlaqsızlıq yuvaları dağıdıldı, bəs həmin fahişə adlandırdığınız insanlar bundan sonra nələrini satıb, necə qarınlarını doyuracaqlar? Kim onların qarnını, əynini, evini, bəlkə də, uşaqlarını sığortalayır? Onlara ictimai əngəl kimi baxmaq özü əngəl törədici bir mövzudur. Hər şeydən dəhşətli elə həmin pis baxmaqdır. Əgər pis baxırıqsa, əvvəlcə əxlaqsız kişilərə pis baxmalıyıq, qadınlara yox!
Bir gün İsa peyğəmbər yoldan keçirmiş, görür, bir qadını daşqalaq etmək istəyirlər. Yaxınlaşıb özü də bir daş götürür. Sonra ətəklərinə daş dolduranlara baxıb deyir: ”Hər kimin etdiyi günahlar bu qadınınkından azdırsa, daşlasın”. Daşlar bircə-bircə əllərdən, ətəklərdən yerə tökülür...
Əslində əxlaq nə qədər sərtdirsə, onun arxasındakı yalan bir o qədər böyük, "əxlaqsız" damğalı adamların sayı bir o qədər də çoxdur. Azərbaycanda "əxlaq" anlayışı qəribəliklərlə doludur. Məmləkətimizdə qadın kişi üçün namusdur, amma qadının geyindiyi paltarların yad kişilərdən toplanmış rüşvət hesabına alınması binamusluq deyil. Məmləkətimizdə iki sevgilinin dəniz kənarında qucaqlaşıb öpüşməsi əxlaqsızlıqdır. Lakin onlardan pul alan polisin hərəkəti əxlaqsızlıq deyil. Bəzi məmurlarımızın "papa roza"lıq etməsi əxlaqsızlıq deyil.
Fikirləşin...Fahişə kimdir? Xanımını evdə qoyu, heyvani hisslərinin dalınca gələn özünmü? Yoxsa səndən bir-iki saatlıq eyş-işrət üçün pul alan, həmin pulla qarnını doyuran, hal-hazırda yanında etinasız, çılpaq uzanmış fahişəmi? Niyə fahişə sadəcə qadın olmalıdır? Kişi “fahişə deyil” deyə qanunu kim yazıb? Axı kimidi fahişə? Qadınmı, kişimi, yoxsa tam əksinə, elə həyatın özümü?
Bütün hallarda biz Elnurəni cəmiyyət olaraq “yedik”. Bəlkədə, hələ nə qədər Elnurlər, Gülnarələr, Mehbarlər və başqaları var. Gəlin onları “yeməyək”, sahib çıxaq.
Oral MƏDƏNÇİ