Gedir ÖMÜR QATARI və ya "Küsmüşəm,TANRIM, KÜSMÜŞƏM..."
Rövşən Ağayev
Respublikanın Əməkdar Müəllimi
Gedir ömür qatarı! Sakit və həm də sükut içində... Özü də, bir dərya, nəhr olan, buludların göz yaşından yoğrulan, içindəki təlatümlə selə dönən, hayqıran, heç kəsə sirr verməyən səssizlik biçimində. Bəzən tənhalığa qapılıb "arxaya” boylanıram... Özümə doğma olan, dərdi-sərimə qalan, bəzən doğma olmayan, bir bulaqdan su içdiyim, həyətindən, qapısından keçdiyim, uşaqlıqda ağacdan at "çapdığım”, çay boyunca balıqların arxasınca qaçdığım, germic vaxtı köynəyimlə "yelbaba”ya döndüyüm, dağ başında şaqqıldayan şimşəklərdən səksənərək, ağac "koç”una girib leysan yağışlarına heyranlıqla baxdığım, toy-düyündə, gəncliyimdə bir oturub-durduğum sonra..,sonra, kimi, nəyi anıram!
Gedir ömür qatarı! Tax,tax,tax,tax! Qardaş, bacı, dönüb arxaya bax! Bu qatarı "minməyən” olmayacaq. Bu yol elə yoldur ki, keçməyəni tapılmaz! Bu, elə bir "şərab”dır ki, içməyən olmayacaq! Bu "qar”elə bir qardır ki, səpilməyən həyət olmaz! Bu, elə bir "körpü"dür ki, keçməyəni tapılmaz! Amma hər bir olanın qədəri, ölçüsü olaydi kaş! Qızılgüllər,bənövşələr, qərənfillər,l alələr, vədəsiz solmayaydı kaş!
Öz köküstə asta-asta böyüyən, qol-qanadın artırmaqla fərəhlənən, öyünən, əkdiyi ağacların meyvəsindən-barından dadmaqdaykən qapının ağzındaca durub səni gözləyən o qatar olmayaydı! Əcəba, bu, mümkündürmü?! Əsla.(Təəssüf ki,qarşısı alınmaz bir həqiqətlə üz-üzə dayanmışıq!!)
Gedir ömür qatarı!.. Nə yorulur, nə durur! Heç fərqinə də varmır. Biri gəlin köçmədi, biri "pərdə açmadı”, kimsə doğma balasını heç doyunca qucmadı! Kimsə qocaldı, getdi! İnanmıram o insan da dünyadan bac aldi, getdi! Gedir ömür qatarı!.
Özümə doğma olan çox yaxın itirmişəm! Zamanın sərt soyuğuna, istisinə, boranına, tufanına mətanətlə dözmüşəm. Ağrımışam, acımışam,bəzən göz yaşlarıma hakim kəsilmişəm. Kiminsə acısını eşidib içimdə alışmışam, yanmışam. Sonra xəyala dalıb toxtaqlıq da tapmışam. Həyat qanunlarıyla barışası olmuşam.Yenidən insanlarla qaynayıb-qarışası olmuşam!.Bəs son 4-5 il?! Üzləşdiyim qəmimi, kədərimi heç vaxt unutmamışam.
Gedir ömür qatarı! Bu Qatarda daha yaxınlarım olub. Elə günüm olub ki, qanım damarda donub! 2002-ci ilin sərt, unudulmaz sazağıyla-böyük qardaş itkisiylə rastlaşdım! Təzəcə dərd-qəmimi unutmuşdum, o qardaşımın da ətrini ikinci qardaşımdan alardım! Onu özüm üçün arxa, dayaq sanardım!. 2014-cü ilin mart ayinin 18-də -ilaxır Çərşənbə günümü qara etdi! Ağrı qəlbimi ditdi!
Gedir ömür qatarı! Etiraf edirəm ki, lap donub qalmışam mən! 2017-ci il mart, aprel qatarının sürəti çox, yerişi də yöndəmsiz! Əminin "40 səfər”i hələ tamam olmamış-üstündən 15 gün sonara” qatar” geri qayıtmış, qardaşoğlunu -CƏNUBUN LOĞMANINI -TAHİR HƏKİMİ də əbədiyyətə aparmış! Budur məni ağrıdan,budur məni iztirablarla üz-üzə qoyan!.. Nə isə!..
Soldan: Səlim Ağayev və Tahir Pişanov
Gedir ömür qatarı! Gedir, qoy getsin, nə qəm?! Bilirik ki, o qatarda bir gün biz də gedərik! Qalıb dünyanı fəth etmərik!! Onu biz yox, yalnız Yaradan bilir, o gün nə vaxt olacaq! "EH,onsuz da nə vaxtsa görüşəcəyik!.."Bizimlə sizin aranızda qısa bir zaman kəsiyi qalıb!! Bəli, gedir ömür qatarı!
Dərdimizə acıyan bütün qohum qardaşlara, bütün insanlara minnətdarlıq edirəm! Fikrimi bir şair dostumun aşağıdakı misralarıyla tamamlayası oldum:
Ucsuzdur-bucaqsızdır göylə yerin arası,
Gəlib tutub yaxamı dərdin gözüqarası,
Sanki duza qoyulub ürəyimin yarası,
Küsmüşəm,Tanrım, küsmüşəm! (Adilə Nəzər)
Miq.Az