“Güney Azərbaycanın öz istiqlalına qovuşması artıq real faktora çevrilməkdədir”

“Güney Azərbaycanın öz istiqlalına qovuşması artıq real faktora çevrilməkdədir”

Qulamrza Səbri Təbrizi: “Təbii olaraq xalqların diktator rejiminə “yox” deməsi dalğası İrana da sirayət edəcəkdir”

“Dünyanı idarə edən liderlər haqlı olaraq sual verirlər ki, 75 milyonluq ölkə əhalisinin sayının 35 milyonu ana dilində təhsil almaqdan, milli-mədəni təsisatlarına sahib çıxmaqdan niyə məhrum ediliblər”

Güney Azərbaycan məsələsi tədricən beynəlxalq xarakter və mahiyyət daşımaqdadır. Bu yöndə hətta bir sıra siyasi və ictimai təşkilatlar Güney Azərbaycanın müdafiəsinə qalxmışlar. Tehran rejiminin dünya birliyi tərəfindən tamamilə blokadaya alınması da zatən, Orta Şərqin ən strateji mərkəzi olan bu ölkədəki diktator rejimininin çöküşünü sürətləndirməyə başlamışdır. Azərbaycan Türkü ötən iki yüzillik tarixi və ictimai, siyasi və sosial mənada yenidən özünün hüquq və azadlıqlarını necə bərpa edəcək və bu yöndə hansı mərhələləri aşmalı olacaq? İndi bu və digər suallar həm Quzey, həm də Güney Azərbaycanda, eləcə də bütün Türk Dünyasında hər kəsin maraq dairəsindədir. Bu yöndə Edinburq Universitetinin professoru, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sədri Qulamrza Səbri Təbrizi ilə söhbət etdik və onun fikirlərini öyrənməyə çalışdıq.

– Qulamrza müəllim, indiki halda beynəlxalq səviyyədə Güney Azərbaycana olan marağın artmasının səbəbi nədir?

– Bilirsiniz ki, Orta Şərqdə baş verən sosial inqilabların əsl səbəbi iyirmi birinci yüzilin əsas siyasi prioritetlərindən biridir. Bu, dünyada demokratiyanın coğrafi miqyasının daha da genişlənməsi deməkdir. Demokratiya və vətəndaş cəmiyyətinin yaranması, insan haqlarının qorunması sadəcə Qərb dövlətləri sərhədləri daxilində məhdudlaşmamalıdır. Bu proses uzun illər dövlət totalitarizminin sərt şəkildə tüğyan etdiyi ölkələrə də sirayət etməyə başlamışdır. Buna görə də diktator rejimləri bir-birinin ardınca süquta uğramağa doğru səmtini almaqdadır. Soyuq Savaş bitdikdən sonra, bir baxın nə qədər ölkələrdə demokratik siyasətə üstünlük verilmişdir. Elə götürək postsovet ölkələrini. Macarıstan, Polşa, Rumıniya, Çexiya, Slovakiya, Litva, Estoniya, Latviya, Makedoniya, Serbiya, Kosovo, Bolqarıstan, Çernoqoriya, Bosniya-Hersoqovina, Xorvatiya, Azərbaycan, Ukrayna və Gürcüstanda demokratik rejimlər qurulmuşdur. İndi Orta Şərq ölkələri də həmin dalğanın qoynundadır. Artıq İraq, Pakistan, Əfqanıstan, Liviya, Əlcəzair, Misir, Tunis, kimi ölkələrdə qanuni yolla prezident, parlament və yerli bələdiyyə seçkiləri keçirilir. Həmin dövlətlərdə müxtəlif siyasi partiyalar və vətəndaş cəmiyyəti təşkilatları sərbəst şəkildə seçkilər yolu ilə demokratik mühiti inkişaf etdirməyə çalışırlar. Bütün bunlar əslində Orta Şərq dövlətləri üçün məzmunca yeni proses deməkdir. Mən uzun illər BBC televiziyasının Orta Şərq ölkələri üzrə xüsusi icmalçısı kimi həmin mövzulara çox yer vermişəm və hər dəfə Qərbə məxsus cəmiyyətləri inandırmağa çalışırdım ki, demokratik proseslər inkişaf edərsə, bu ölkələrdə cəmiyyətlərin radikallaşması, hədsiz dərəcədə mövcud olan yoxsulluq və digər problemlər də öz-özünə həll ediləcəkdir. İndi həmin ölkələr məhz bizim proqnozlarımız əsasında hərəkət etməyə başlamışlar. Təbii olaraq xalqların diktator rejiminə “yox” deməsi dalğası İrana da sirayət edəcəkdir. Mənim 20-30 il öncə irəli sürdüyüm konsepsiyalar indi özünü doğrultmaqdadır. Elə buna görə də Güney Azərbaycan məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Bu faktı Tehran rejimi də çox yaxşı anlayır. Onların ötən 35 il ərzində milyonlarla insana verdikləri vədlər kağız üzərində qalmışdır. Güney Azərbaycan Türkləri isə artıq öncələr olduğu kimi də yaşamaq istəmirlər. Bunun qanuni şəkildə yüzlərlə səbəbi var.

– Bu səbəbləri sadalaya bilərsinizmi?

– İlk öncə onu qeyd edim ki, Güney Azərbaycanda insanların həyat şəraiti İranın digər bölgələrindən fərqli olaraq qat-qat ağırdır. Əhalisinin sayı beş yüz min nəfər olan Şiraz şəhərinin illik büdcəsi üç milyon əhalisi olan Təbrizdən altı dəfə artıqdır. Şirazın iri sənaye müəssisələri belə yoxdur. Ancaq, qatı fars şovinizminin elmi və mədəni mərkəzi olduğu üçün Şiraza Tehran rejimi müstəsna hüquq vermişdir. Güney Azərbaycanın Zəngan, Xoy, Səlmas, Sulduz, Həmədan, Savə, Ərdəbil, Meşkin, Sərab, Urmu, Mərənd, Soyuqbulaq, Sayınqala, Makı, Culfa, Kəleybər, Marağa, Miyanə, Xalxal, Bicar, Binab, Əhər, Nəmin, Qəzvin, Əraq, Rəzqan, Xürrəmdərə, Sirdan, Əsədabad, Gülpənbə, Şəbüstər, Germi, Bostanabad, Piranşəhər, Qoşaçay, Tikantəpə, Sarıdaş, Bukan, Üşnü, Çaldıran, Çaroymaq, Miyanə, Vərziqan, Heris, Əhər, Mahnişan, Tarım, İcrud, Takistan, Xudabəndə, Buyin, Aybəy, Əsədabad, Bahar, Nəhavənd, Toysərkan, Göyrəng və digər şəhərlərində faktiki olaraq bu gün sənaye təsisatları tamamilə dağınıq vəziyyətdədir. İşsizlik baş alıb gedir. Demək olar ki, kəndlərdə əhalinin sayı sürətlə azalmaqdadır. Bu da təbii olaraq, Güney Azərbaycanda sosial-iqtisadi mühitə çox mənfi təsir göstərir. İndi faktiki olaraq, İranın daxili milli gəlirlərinin böyük əksəriyyəti kütləvi şəkildə silahlanmaya və farslara məxsus ərazilərin sosial-iqtidsadi durumunun sabit durumda saxlanılmasına yönəlmişdir. Digər yandan isə ölkənin son bir ildə milli gəliri 45 faiz azalmışdır. İran bir tərəfdən də qonşu Türkmənistan, Türkiyə və Azərbaycan kimi türk respublikaları ilə açıq şəkildə düşmənçilik siyasətini aparır. Bu üç türk dövlətinin İrandakı soydaşlarının ağır sosial-iqtisadi güzəranı və gözlənilən daha ağır fəlakətli durumla bağlı çox ciddi şəkildə narahatlıqları vardır. Bunu açıq şəkildə bəyan etməsələr də, proseslərin arxa tərəfində bütün bunlar çılpaqlığı ilə hər gün görünməkdədir.

– Bəs bütün problemlərin həlli yolunu nədə görürsünüz?

– Biz GAMAC təşkilatı olaraq, hər bir bölgənin özünə məxsus sosial-iqtisadi həyat tərzinin qurulması, milli və mədəni hüquqların bərpa edilməsində görürük. Bu barədə dəfələrlə öz münasibətlərimzi bildirmişik. Hollandiyanın Amsterdam, Almaniyanın Berlin və Türkiyənin Ankara şəhərlərində son vaxtlar GAMAC təşkilatı olaraq çox məhsuldar səviyyədə konfranslarımızı keçirərək Güney Azərbaycandakı prosesləri təhlil etmişik. Bu gün isə biz Güney Azərbaycanda insan hüquq və azadlıqlarına, ana dilində təhsilə, mədəni hüquqlara əməl olunmasını tələb edirik. Əslində bunun əsas səbəblərindən biri kimi Quzey Azərbaycanın bir dövlət olaraq özünün 20 illik müstəqillik tarixində əldə etdiyi uğurların hər bir Azərbaycan Türkünün qürur mənbəyinə çevrilməsi sayəsində baş vermişdir. İndi bizlər xaricdə sadəcə diaspor rolunu daşımaqla işimizin bitdiyini hesab etmirik. Bütün milli diaspor təşkilatlarımız Güney Azərbaycanda milli dilin rəsmi hüquqi şəkildə işlədilməsilə bağlı problemləri irəli sürməklə həm də bu prosesi beynəlxalq mövzuya çevirə bilmişik. Bu gün BMT səviyyəsində bizimlə görüşlərdə dünyanı idarə edən liderlər dəhşətə gəlirlər. Onlar çox haqlı olaraq sual verirlər ki, 75 milyonluq ölkə əhalisinin sayının 35 milyonu ana dilində təhsil almaqdan, milli-mədəni təsisatlarına sahib çıxmaqdan niyə məhrum ediliblər. Biz bu görüşlərdə açıq şəkildə bildirirk ki, Güney Azərbaycan xalqı hər hansı bir silahlı mübarizəni məqbul hesab etmir. Dinc və demokratik yolla milli-mədəni hüquqlarına sahib çıxmaq istəyir. Tehran rejimi isə Ana Yasada təsbit olunan bu hüquqları tələb edənlərə səkkiz il həbs cəzası verir. Buna örnək olaraq Səid Mətinpurun adını çəkirik. Onun kimi yüzlərlə, minlərlə insan İran rejiminin həbsxanalarında işgəncələrə məruz qalır.

– Professor, GAMAC-ın belə bir aktiv şəkildə həm Güney Azərbaycanda gördüyü işlərə, həm də xaricdəki fəaliyyətlərinizə bir sıra təşkilatların adından narazılıqlar da ifadə olunmaqdadır. Bunu necə xarakterizə edərdiniz? 

– Bütün zamanlarda xeyirxah məqsədlərlə iş görənlərə qarşı belə çamurlar çox atılmışdır. O insanlar sözdə bizləri “qorxaqlıq”da ittiham edirlər ki, onlar bizim uğurlarımıza məqsədli şəkildə kölgə salmaq istəyirlər. Halbuki, elə bizim təşəbbümüzlə tarixdə ilk dəfə olaraq BMT səviyyəsində Güney Azərbaycandakı durumu araşdırmaq üçün xüsusi komissiya yaradılmışdır. ABŞ Dövlət Konqresində Güney Azərbaycan haqqında xüsusi dinləmələr aparılmaqdadır. Biz artıq Avropanın nəhəng ölkələrinin də Güney Azərbaycana olan maraqlarını artıra bilmişik. Unutmaq olmaz ki, GAMAC-da xalqımızın qüdrətli aydınları birləşmişlər. Əhməd Obalı, Sadiq İsabəyli, Maşallah Rəzmi, Əyyub Qaneyi, Araz Süleymani, Nadir Tarək, Əli Məhəmmədi, Səttar İslami, Fəraməz Quluzadə, Araz Muğanlı kimi görkəmli ziyalılar GAMAC-ın rəhbərliyində təmsil olunurlar. Bizim təşkilatın İsveç, İngiltərə, Almaniya, ABŞ, Kanada, Hollandiya, Avstriya, Belçika, Türkiyə, Finlandiya, Norveç, Fransa və digər ölkələrdə artıq güclü şəkildə təşkilatlanmış təmsilçiliklərimiz vardır. Güney Azərbaycanın bütün şəhərlərində GAMAC-ın çox güclü stukturları yaranmışdır. Bizə qarşı təbliğat aparanlara məsləhətimiz budur ki, zəhmət çəkib ya milli davamızda bizimlə birgə addımlasınlar, ya da boş yerə enerjilərini sərf etməsinlər. Mən düz 60 ildir Güney Azərbaycanın milli davasında ömrümü həsr etmişəm. Ən azından mənim kitablarımı oxusunlar, məruzələrimi, müsahibələrimi izləsinlər. Bu yolda malımı və canımı fəda etmişəm. Bunu hər zaman özümə milli borc hesab etmişəm.

– GAMAC-ın proqramında belə bir qeyd də vardır ki, istənilən milli təşkilatla birgə əməkdaşlıq çərçivəsində mübarizəyə qapılarınız açıqdır. 

– Elədir ki, var. Ötən ayın 11-də BMT Baş katibi Pan Ki Muna Güney Azərbaycandakı milli hüquqlarla bağlı Azərbaycan Milli Demokartik Birliyi, Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT), Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP), Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) adından bütün milli siyasi təşkilatlar bir araya gələrək rəsmi müraciət imzaladılar. Bu son illərin ən uğurlu addımlarından biri oldu. Güney Azərbaycan uğrunda milli davanı aparan bütün təşkilatlar həmrəylik nümayiş etdirdilər. Biz açıq şəkildə bildirdik ki, fars mərkəzli rejimlər qismində həm pəhləvilər, həm də indiki mollakratiya hakimiyyəti 35 milyonluq bir millətin milli hüquqlarını tanımaq istəməmişlər və ana dilində təhsil almaq, milli-mədəni təsisatları yaratmaq kimi bəşəri hüquqları tanımağı qətiyyətlə rədd etmişlər. Bu rejimlər Güney Azərbaycana qarşı assimliasiya və sömürgə siyasətini aparmışlar. “Vahid İran milləti” şüarı adı altında bütün xalqlara qarşı farslaşdırma strategiyasını tətbiq etmişlər. Belə bir siyasətə etirazlarını bildirənləri isə dar ağaclarında edam etmişlər, sürgünlərə göndərmişlər, ya da həbsxanalarda onlara işgəncələr vermişlər. Bütün bunlar beynəlxalq hüquqda da qeyd olunduğu kimi dövlət siyasətinin tərkib hissəsi olaraq irqçilik deməkdir. Biz faktiki olaraq Güney Azərbaycanın bütün siyasi qüvvələri adından BMT Baş Məclisinin 16 dekabr 1966-cı il tarixli 2200 A

(XXİ) saylı Qətnaməsi ilə qəbul olunmuş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynalxalq pakta əsasən, BMT-nin nəzarəti ilə Güney Azərbaycanın tarixi ərazisində Azərbaycan Türklərinin iştirakı ilə ana dilində təhsil almaq və milli-mədəni təsisatların rəsmi status alması münasibətilə referendumun keçirilməsini tələb etməklə yanaşı, həm də bu məsələnin BMT-yə üvz dövlətlərin gündəliyinə çıxarılmasını irəli sürdük. Tehran rejimi tərəfindən təcavüzə məruz qalmış 35 milyondan çox bir millətin milli, siyasi, mədəni hüquqlarının tanınması və bəşəriyyətin tərəqqisinə xidmət edəcək bir milli-demokratik dövlətdə yaşamaq istəyimizin dünya dövlətləri tərəfindən dəstəklənməsi təklifini ortaya qoymuşuq.

(ardı var)

Söhbətləşdi: Ənvər YUSİFOĞL



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az