İlhamə: “Ali Baş Komandanım, mən Sizinləyəm!!!”

İlhamə: “Ali Baş Komandanım, mən Sizinləyəm!!!”

Ilhamə Quliyeva ... Bu ad musiqi içtimaiyyətimizə yaxşı tanışdır. Dünya sülh səfiri, Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət Akademiyasının Prezidenti, Xalq Artisti, Prezident təqaüdçüsü, “Şöhrət”, “Şərəf” ordenli, Azərbaycan estradasının parlaq siması olan Beynəlxalq dərəcəli sənətkarın avqust ayının 17-si doğum günüdür.

Xalqımızın, dünya azərbaycanlılarının sevimlisi olan Türk Dünyasının Sənət Kraliçasının yaşının üstünə bir yaş da gəlir. Ömrünün hər ilində kamilləşən, kamilliyində müdrikliyi, müdrikliyində dahiliyi, dahiliyində əbədiyaşarlığı olan canlı klassik, yaşayan əfsanə... Yaşaya-yaşaya əfsanəyə çevrilən sənətkar... Sənətkar olmaqla bərabər qayğıkeş ana, bənzərsiz övlad... və varlığı ilə doğmalarını sevən vətəndaş... Hər nəfəsində, hər kəlməsində Azərbaycan deyən, dünyanın hər qarışında İlhamlı Azərbaycanı şərəflə təbliğ edən 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan bənzərsiz sənətkar... Odlar Yurdu Azərbaycanın sənətkar vüqarı olan Azərbaycanımızın sənətkar qızı. Sənətdə keçən illər onu dəyişdirmədi. İllər ona qalib gələ bilmədi. O illərə qalib gəldi. Çünki həmişə qalibiyyət onunla olub. Çünki o güclü xanım, güclü sənətkardı. Bu il doğum gününü təmtəraqlı qeyd etməkdən imtina edən sənətkarın dedikləri:


- “Hər il “Space” telekanalı mənim ad günümü yüksək səviyyədə qeyd edir. Bu il də rəhbərlik tərəfindən əvvəlcədən ad günümün qeyd edilməsi planlaşdırılmışdı. İtaliya səfərindən qayıtdıqdan sonra çox pərişan olmuşam. Hələ də özümə gələ bilmirəm. Cəbhə bölgəsində yaranan vəziyyət, torpaqlarımızı qoruyan gənclərin şəhid olması, şəhid analarının göz yaşları məni rahat buraxmır. Əgər hələ də şəhidlər veririksə, şəhid qanı axıdılırsa, mən - illərin sənətkarı olaraq özümə necə ad günü keçirə bilərəm? Mən bu il ad günümü keçirtməkdən imtina etmişəm. Mən də anayam, övladını sevən ana. Mən də vətəndaşam, bu torpağın nəğməkar qızıyam. Ali Baş Komandanımızın cəbhə bölgələrinə səfərlərini yüksək qiymətləndirirəm. İnanıram ki, Ali Baş Komandanımızın səyi nəticəsində şəhidlərimizin qanı yerdə qalmayacaq. Hər birimiz vəzifəsindən asılı olmayaraq Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşmişik. Əminəm ki, tezliklə üzdəniraq ermənilər üzərində qələbə çalacağıq. Görürsünüzmü, onlar öz şəhidlərini belə gizlədirlər. Ancaq bizdə hər bir şəhidə, hər bir şəhid ailəsinə xüsusi diqqət, qayğı var. Erməni ordusu bizim güclü, formalaşan ordumuzun qarşısında acizdir. Bizim hərbi texnikamızın qarşısında erməni heçnə edə bilməz. Mən də bu gün əlimə silah alıb döyüşə atılmağa hazıram. Məni bu torpaq, bu vətən sənətkar edib, İlhamə Quliyeva zirvəsinə çatdırıb. Dövlətim həmişə sənətimə qiymət verib. Ömrümün son gününə kimi dövlətimə sədaqətlə xidmət etməyə hazıram. Dövlətimizə, xalqımıza, şəhid analarımıza başsağlığı verirəm. Vətən yolunda şəhid olmaq özü bir şərəfdir. Allah səbr versin. Vətən sağ olsun!”.


İlhamə Quliyeva musiqiçi ailəsində böyüyüb boya-başa çatıb. Əvəzolunmaz sənətkar, xalq artisti Tükəzban İsmayılova, ustad tarzən, xalq artisti Həbib Bayramov tərbiyəsi alaraq sənətdə püxtələşib. İki ustad sənətkardan həyat və sənət dərsi alıb. Xoşbəxt o valideyndir ki, övladı onların sənət səviyyəsində dayanır. İlhamə xanım sənətdə Tükəzban xanım, Həbib Bayramov səviyyəsinə ucaldı və onlarla bərabər dayandı. Azərbaycanda yeganə ailədir ki, üç xalq artisti, iki “Şöhrət” ordenlı sənətkarlar yetişib. Bu gün İlhamə xanım səsində, sənətində, Azərbaycanla döyünən ürəyində üç sənətkar ömrünü yaşayır. Üç ömrü bir qəldə yerləşdirərək özünü, bənzərsiz Tükəzban xanımı, ustad Həbib bəyi yaşadır. Yaşatdıqca da yaşayır, ucalır. İlhamə xanım yeganə xanım sənətkardır ki, Həbib müəllim dünyasını dəyişəndə onun tabutunu çiyninə alaraq son mənzilə yola salıb. Valideynlərinə qız övladı yox, oğlan övladı olub. Bəlkə elə ona görədir ki, səhnəmizin Kraliçası kişi qeyrətli böyüdü. Tükəzban xanımın Muğam Teatrında keçirilən yaradıcılıq gecəsində İlhamə xanım Tükəzban xanımın repertuarını canlı-canlı oxuyaraq anasının əllərindən öpüb dedi: “Vüqarı neyləyirsən? Sənin vüqarın mənəm!!!”. Həqiqətən də ustad sənətkar tək bir ailənin deyil, bütöv Azərbaycanın vüqarına çevrildi.

- Tükəzban xanım tez-tez yuxularıma girir. Tükəzban xanımsız yaşamaq mənim üçün çox çətindir. Onun yoxluğu ilə barışa bimirəm. Tükəzban xanımın yoxluğu ürəyimə yuk oldu, nəticədə bu yoxluqdan yaranan ağrıların nəticəsi məni cərrahiyə əməliyyatına qədər apardı. Dövlətimizin, dövlət rəhbərimizin, xalqımızın, həkimlərimizin qayğısı və Tükəzban xanımın ruhu mənı yenidən həyata qaytardı. Mən də anayam. Əməliyyat otağında hiss etdim ki, anaya da ana lazım olarmış... Niyə tələsdin, ana? Həbib müəllimi tək qoymamaqmı üçün??? Bəs niyə məni tək qoydun, ana? Bu gün yeganə ehtiyacım sənədir, ana...

İlhamə xanım ona görə xoşbəxt sənətkardır ki, dövlətimiz, dövlət başçımız tərəfindən həmişə dəyərləndirilib, qiymətləndirilib. Ulu öndər Heydər Əliyev həmişə İlhamə xanımın sənətinə yüksək qiymət verib, ifalarını dinləyib. Dövlət tədbirlərində hər zaman ürəkdən çıxış edən sənətkar hər çıxışında dövlətimizin əldə etdiyi uğurlardan bəhs edir, ulu

öndər Heydər Əliyevi anır, çiçəklənən, qüdrətlənən müstəqil Azərbaycandan ilham aldığını söyləyir.

- Mən ulu öndər Heydər Əliyevin təməlinin qoyduğu Müstəqil Azərbaycanımızla fəxr edirəm. Heydər Əliyev siyasi kursunu şərəflə davam etdirən Prezidentimiz və Ali Baş Komandanımız İlham Heydər oğlu ilə həmişə həmrəyəm. Ali Baş Komandanım, mən Sizinləyəm!!!

Azərbaycan onun üçün hər şeydən əziz, önəmlidir. Çünki o Azərbaycanda dünyaya gəlib, doğmalarının məzarı Azərbaycandadır. Onu Azərbaycan tanıtdı, o da Azərbaycanı. Təbii ki, səsi, təbliğatı ilə. Dünya Azərbaycanlılarının problemlərinin həllində yardımçı olaraq Azərbaycan həqiqətlərini dünyaya yayır, uğurları təbliğ edir, yalnız və yalnız Azərbaycan deyir. Azərbaycan onun ruhunun qidasıdır. Müstəqil, çiçəklənən Azərbaycan onun qürur mənbəyidir, əzəmətli ordumuz onun gücüdür.

Xalqımızın sənətkar qızı, vətənpərvər övladı, doğum gününüz mübarək!

Araz Hacıyev


Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az