İqtisadi İnkişaf Nazirliyi qoyun satacaq
Bu il ölkəmzidə Qurban bayramı sentyabrın 12-si və 13-ü tarixlərində qeyd olunacaq. Müsəlman aləminin ən gözəl bayramlarından biri olan Qurban bayramının əsas mahiyyəti - Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansız şəxslərlə bölüşmək, onları sevindirməkdir.
Hər il hicri təqvimlə Zilhiccə ayının 10-cu günündən başlayan və adətən üç gün davam edən mərasimlərdə qoyun, qoç, keçi, inək, dana və ya dəvə qurban kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay yollanır, bir hissəsi də kasıblara paylanır. Hamıya bərabər pay verilməlidir və bu zaman qurban kəsənin özü də bərabər pay götürə bilər. Adətə görə, yoxsullar və imkansızlar bayram günü ac qalmasınlar deyə onlar mərasimlərə dəvət almalıdır.
İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyatlı dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Qurban bayramı günlərində Bakı şəhərində və Bakı ətrafı qəsəbələrində qurbanlıq qoyunların satışını təşkil edəcək.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev deyib. O bildirib ki, bu məqsədlə bayram günlərində qurbanlıq heyvanların qəbul edilməsi, saxlanması, satışı ilə əlaqədar Bakı Şəhər Baytarlıq İdarəsi müəyyən edilən ünvanlarda nəzarət təşkil edəcək və həmin yerlərə baytar həkimlərin iştirakı təmin ediləcək. Qurbanlıq heyvanların kəsilməsi üçün Bakı şəhəri üzrə Sabunçuda 4, Nərimanovda 2, Nizami və Xətaidə 8, Suraxanıda 5, Səbayeldə 4, Yasamalda 2, Binəqədidə 10, Xəzərdə 4, Pirallahıda 3, Qaradağda 4 yer ayrılması planlaşdırılıb”.
Ş. Abdullayev qeyd edib ki, qurban bayramı ilə əlaqədar hazırda 65 baytar həkimi bu işə cəlb olunub: "Bakı şəhəri üzrə 27 baytar - sanitariya ekspertiza laboratoriyaları və səyyar ekspertiza laboratoriya maşınları bu yerlərdə fəaliyyət göstərəcək. Nəzarət təşkil ediləcək yerlərdə heyvanlar hamısı baytarlıq sənədi ilə daxil olacaq və təkrarən müayinədən keçiriləcək. Sonradan əhaliyə satılmasına şərait yaradılacaq. Əgər xəstə heyvan aşkarlanarsa onlar kənarlaşdırılacaq”.
İdarə rəisi ayrılan xüsusi yerlərdən kənarlarda heyvan və ət satışı ilə məşğul olan şəxslərin cəzalandırılacağını da söyləyib: "Fiziki və hüquqi şəxslərə 50-150 manat arasında cərimə sanksiyaları tətbiq olunacaq”.
Ş. Abdullayev onu da əlavə edib ki, qurbanlıq məqsədi ilə rayonlardan gətirilən heyvanlar tələbatı ödəyəcək, başqa ölkələrdən bununla bağlı heyvan gətirilməsinə ehtiyac yoxdur: "Yəqin ki, İqtisadi İnkişaf Nazirliyinin xətti ilə 10-15 min arası qurbanlıq qoyunlar də gətiriləcək. Onlar da baytarlıq nəzarətinə cəlb edilməmiş respublikaya daxil olmayacaq. Xaricdən gətirilən mal-qara ölkəmizə gətirilərkən qeydiyyata düşür və 1 ay ərzində müayinələrdən keçir. Laborator müayinədən keçdikdən sonra həmin heyvanlar sağlamdırsa, kəsimə yararlıdırsa biz onların kəsilməsinə icazə veririk. Əgər bayram ərəfəsində ehtiyac olarsa, o halda xaricdən gətirilən heyvanlardan da istifadə oluna bilər”.
Hansı heyvanları qurban kəsmək olar?
İsmayıl qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət deyil.
Qurbanı necə kəsmək lazımdır?
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı münasibətilə tövsiyələrini açıqlayıb.Şuranın açıqlamasında deyilir ki, bu il Qurban bayramı sentyabrın 12-nə təsadüf edir: "Bayram namazı Azərbaycan məscidlərində həmin gün qılınacaq. Dövlətimiz rəsmi olaraq iki gün – 12-13 sentyabr tarixlərini Qurbаn bаyrаmı münasibətilə qeyri-iş günləri elаn edib. Dindarlar bunu Qurban bayramına ehtiram əlaməti olaraq qəbul edir və dövlətimizə, onun rəhbərinə minnətdarlıqlarını bildirirlər”.
Tövsiyələrdə qeyd olunur ki, qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir: "Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş — müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.
Bundаn əlаvə, beş-altı adamın cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Qeyd edirik ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir.
Bir qayda olaraq, qurban kəsərkən heyvanı üzü qibləyə uzatmalı, qoyundursa, qıçının birini аzаd sахlаmаq, iribuynuzlu heyvаndırsа, dörd аyаğını dа möhkəm bаğlаmаq lаzımdır. Heyvаnın bоğаzınа bıçаq qоyulаrkən, yахşı оlаr ki, Qurbаn duаsı охunsun və ya heç оlmаzsа, "Bismillаhi və billаhi vəllаhu əkbər” deyərək kəsilsin”.
Tövsiyələrdə qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə kəsmək də əksini tapır. Həmçinin qurbanların uşaqların gözü qarşısında kəsilməsinin məsləhət olmadığı vurğulanır.
Kimlər və necə qurban kəsə bilər?
İslamda "nisab miqdarı" deyilən anlayış var. Bu anlam hər kəsin qurban kəsməsini zəruri edən maddi imkan miqdarı ilə rivah səviyyəsini göstərilir. Şəriətin buyruğuna görə, 561 qram gümüş və 650 kq buğdanın dəyəri qədər varidatı olan kəs qurban kəsməlidir.
Şəriət onu da buyurur ki, qurbanlıq heyvanlardan qoyun və keçi ancaq bir nəfər tərəfindən kəsilə bilər. İnək, camış və ya dəfəyə gəldikdə isə, 7 nəfər yığışıb bu heyvanlardan birini kəsmək hüququna malikdir. Qurbanlıq heyvana şəriklərin sayı daha çox ola bilər. Bir şərtlə ki, onların iştirakı ilə kəsilən qurban ətinin bərabər bölünmüş hissələrini şərilərin hər biri bir yoxsula və ya imkansıza çatdırsın.
Şəriklərdən biri sadəcə, ət almaq məqsədilə işə qatılarsa, onda yerdə qalan şəriklər də qurban kəsmiş sayılmırlar və onların qurbanı qəbul olunmur./bizimyol.info/
Miq.az