İŞİD-i dəstəkləyən qüvvələr aradan qaldırılmayanadək onun məhv edilməsi mümkün olmayacaq
Vətəninfo.az Türkiyənin milli müdafiə naziri
Vecdi Gönülün Trend-ə müsahibəsini təqdim edir:
- Fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin uzanmasının əsas səbəbləri hansılardır? Münaqişə hansı prinsiplər əsasında həll edilməlidir?
- Regionda sabitliyin təmin edilməsi üçün beynəlxalq hüquq prinsipləri
çərçivəsində Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalına
son qoymağın vaxtı gəlib çatıb. Ermənistan və Azərbaycan qoşunlarının
təmas xəttində baş verən son hadisələr bir daha Cənubi Qafqazda sabitlik
və sülhün bərpa edilməsi üçün əsas maneə olan Dağlıq Qarabağ
münaqişəsinin dərhal nizamlanmasının vacibliyini göstərir. Regionda
sabitlik və sülhün təmin edilməsi yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan
torpaqlarının azad edilməsi halında mümkündür.
"Soyuq müharibə" başa çatdıqdan sonra bu gün dünya ictimaiyyətinin
gündəliyində duran ən əhəmiyyətli məsələlərdən biri Ermənistanın
Azərbaycan torpaqlarını işğal etməsi, məhz Dağlıq Qarabağ problemidir.
Türkiyə Azərbaycan üçün Qərbə, Azərbaycan isə Türkiyə üçün Mərkəzi
Asiyaya çıxış imkanıdır. Bu fakt iki ölkə arasında yüz illərdir davam
edən qardaşlıq və dostluq münasibətlərini daha da möhkəmləndirib. Məhz
bu səbəbdən Dağlıq Qarabağ problemi Azərbaycan üçün olduğu qədər,
Türkiyə üçün də əhəmiyyətli məsələdir.
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesləri
diqqətlə izləyir və problemin həll edilməsində ATƏT-in Minsk qrupunun
bütün səylərini dəstəkləyir. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi
çoxtərəfli platformalar və üçüncü ölkələrlə danışıqlar zamanı həmişə
Dağlıq Qarabağ məsələsini qaldırır. Ancaq 20 il ərzində ATƏT-in Minsk
qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ciddi
uğurlar əldə etməməsi fakt olaraq qalır.
Dağlıq Qarabağ probleminin həlli Ankaranın xarici siyasətinin ən mühüm
və prioritet məsələlərindən biri olduğundan, Türkiyə bu məsələdə
Azərbaycanı tamamilə dəstəkləyir. Türkiyə Azərbaycanın ədalətli
mübarizəsini dəstəkləməyə davam edəcək və bu məsələni hər zaman
gündəlikdə saxlayacaq.
- Müdafiə sənayesi sahəsində Azərbaycan və Türkiyənin münasibətlərini
necə qiymətləndirirsiniz? Bu münasibətlərin inkişafı üçün hansı birgə
layihələr planlaşdırılır?
- Ankara Azərbaycan və Türkiyəni birləşdirən tarixi və qardaşlıq
münasibətləri çərçivəsində siyasi və iqtisadi əlaqələrin inkişafı ilə
yanaşı, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafına da xüsusi
diqqət yetirir.
Türkiyə üçün təkcə öz müdafiə sənayesinin inkişafı deyil, həm də
Azərbaycanın müdafiə sənayesinin inkişafı vacibdir və Ankara bu sahədə
Azərbaycanın tələbatlarını nəzərə alır.
Türkiyə bundan irəli gələrək dövlət ehtiyaclarını təmin etmək üçün
Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında əməkdaşlığın
tərəfdarıdır.
Azərbaycan regionda Türkiyə üçün ən vacib strateji tərəfdaşdır və bundan
çıxış edərək son illər Azərbaycan və hərbi müdafiə sistemi istehsal
edən Türkiyə arasında müdafiə sənayesi sahəsində sıx əlaqələr mövcuddur.
Bununla yanaşı, fikrimcə, hər iki tərəf müdafiə sənayesinin inkişafı və güclənməsi üçün daha çox səy göstərməlidir.
Müdafiə sənayesi sahəsində Azərbaycan və Türkiyə arasında əlaqələrin
güclənməsinə bu sahədə texnologiyaların açıq ötürülməsi modelinin
yaradılması və təcrübə mübadiləsi ilə nail olmaq mümkündür.
Bu məqsədə çatmaq üçün rabitə sahəsində taktiki sistemin (TASMUS)
yaradılması və inkişafına, Hərbi Hava Qüvvələrinin idarəsi və nəzarəti
sisteminin, elektron hərbi sistemin, elədə də zirehli hərbi maşınların
yaradılmasına xüsusi diqqət yetirmək lazımdır.
Türkiyə və Azərbaycan müdafiə sənayesinin inkişafı üçün bir sıra
layihələr reallaşdıra bilərlər. Qənaətimcə, tərəflər tərsanələrin
tikintisi, gəmilər üçün xidmət zonasının yaradılması, pilotsuz
aparatların, optik və elektrooptik malların yaradılması sahələrində
əməkdaşlıq edə bilərlər.
- Gündən-günə Suriya və İraqda İŞİD terrorçularının fəallaşması
müşahidə olunur. Bu, Türkiyə üçün təhlükədirmi? Terrorçuların məhv
edilməsi üçün təkcə hərbi əməliyyatların keçirilməsi kifayət edirmi?
- Türkiyə İŞİD terror təşkilatının yaratdığı təhlükəni aradan qaldırmaq
üçün zəruri tədbirləri görür. Bizi ümumi məqsədlər naminə birləşdirən
ölkələrlə əməkdaşlıq edilir. Türkiyə, həmçinin koalisiya qüvvələrini
dəstəkləyərək İŞİD-lə mübarizəyə töhfə verir.
Türkiyə parlamentinin 2012-ci ildə qəbul etdiyi mandata əsasən, Ankara
terrorçuluqla və ölkəyə qarşı yönəldilmiş digər təhdidlərlə mübarizə
aparmaq üçün istənilən tədbiri görə, İraq və Suriyadakı terrorçu
qruplaşmalar tərəfindən yarana biləcək təhlükəni dəf edə, böhrandan
əvvəl və sonra ölkənin maraqlarını qoruya bilər. Və bu, Türkiyəyə dövlət
təhlükəsizliyinin təmin edilməsini təhdid edən istənilən təhlükəyə
qarşı mübarizə hüququ verir.
İŞİD-ə qarşı səmərəli mübarizə və ölkənin təhlükəsizliyinin təmin edilməsi Türkiyənin prioritetlərindən biridir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, İŞİD-in yaranması və
güclənməsinə səbəb Əsəd rejiminin dəstəklədiyi Suriyadakı
qeyri-sabitlikdir. İŞİD-i dəstəkləyən qüvvələr aradan qaldırılmayanadək
onun məhv edilməsi mümkün olmayacaq. Bir sözlə, İŞİD-ə qarşı mübarizə
Suriyada sabitlik və təhlükəsizliyə də xidmət edəcək. Bu, Suriya
xalqının tələblərini təmin edən Cenevrə sazişlərinin reallaşdırılması
yolu ilə mümkündür.
Suriyada sabitliyin əldə edilməsi və siyasi danışıqlara başlamaq üçün
Suriya rejiminə siyasi təzyiq göstərilməlidir. Bu böhranın
nizamlanmasında nəticəyə yalnız belə nail olmaq olar və bundan sonra
İŞİD-in tam məhv edilməsi mümkün olacaq. Bununla yanaşı, kəşfiyyat
məlumatlarının mübadiləsi və terrorçuluqla mübarizədə əməkdaşlıq
lazımdır. Bu məsələdə terrorçuluqla mübarizə sahəsində ciddi uğurlar
qazanmış İraq nümunə göstərilə bilər.
- Türkdilli ölkələr arasında münasibətləri necə qiymətləndirirsiniz? Əlaqələrin inkişafı üçün hansı addımları atmaq lazımdır?
Türkiyə türkdilli ölkələr arasında əlaqələrin inkişafı istiqamətində
çıxış edir. Sovet İttifaqının süqutundan sonra türkdilli ölkələr
arasında əlaqələrin inkişafı istiqamətində müəyyən irəliləyiş əldə
olunub, digər tərəfdən, hazırda bu dövlətlər arasında coğrafi mövqe və
siyasi prinsiplərlə əlaqədar bir sıra struktur problemlər mövcuddur. Su
ehtiyatlarının idarə edilməsi, sərhədlərlə bağlı və etnik problemlər
türkdilli ölkələr arasında etnik yaxınlığı çətinləşdirir. Lakin bütün
bunlar tarixi-etnik dəyərlər çərçivəsində əməkdaşlığın davam etməsinə
mane olmur.
Türkdilli ölkələrlə əlaqələrin inkişafı və əməkdaşlıq çərçivəsində
2010-cu ildə Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasını yaradıb ki, bu da adıçəkilən ölkələr
arasında əlaqələrin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
Mənzil-qərargahı İstanbulda yerləşən bu Şuranın məqsədi türkdilli
ölkələr arasında iqtisadi əlaqələrin güclənməsi və möhkəmlənməsidir.
Şuranın məqsədlərindən biri də türkdilli ölkələr arasında tarix boyu
formalaşan mədəni əlaqələrin möhkəmlənməsidir. Şuranın 2015-ci ilin
sentyabr ayında Qazaxıstanda keçiriləcək beşinci sammitinin mövzusu
rabitə və media-texnologiya məsələləri olacaq.
Türkmənistan bitərəflik statusu çərçivəsində Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının üzvü olmasa da, sammitin bir sıra tədbirlərində
iştirak edir. Özbəkistan isə Şura ilə əlaqələrdən yan qaçır.
Türkdilli ölkələr müstəqillik əldə etdikdən sonra Türkiyə həmişə bu
ölkələri dəstəkləyib və ikitərəfli əlaqələrin inkişafı istiqamətində
çıxış edib.