“Bəzən ana dilində söhbət etməyə normal adam tapa bilmirsən”
İsveçrə Yazar Birliyinin üzvü, politoloq Elxan Həsənlinin “Veteninfo.az”a müsahibəsi:
-Elxan bəy, bu gün İsveçrə və Azərbaycan jurnalistikasını müqayisə edərkən hansı fəqli xüsusiyyələri görə bilərik?
- Fərqli xüsusiyyətlər çoxdur. İlk əvvəl İsveçrədə “iqtidar-müxalifət mətbuatı” anlayışı yoxdur, mətbuat işçilərinin hüquqları qorunur, normal iş saatları-günləri var. Ali təhsil olmadan qəzetlərdə işləmək mümkün deyil. Tərif yazmaqla bərabər ifrat tənqidçilik qəbul olunmazdır. Sözsüz ki, qəzetlərin səviyyəsi də fərqlidir. Faktlara əsaslanmaqla tərəflərin hər birinin mövqeyi qorunur. Sözsüz ki, siyasi mövzularda müəyyən tərəflərin mövqeyinə xidmət edən qəzetlər var. Daha çox lobbiçilərin təsirində olan jurnalistlər var. Məsələn, son dövrlərdə erməni lobbisi İsveçrə qəzətlərində fəallıq göstərir, bəzi jurnalistləri ələ almaqla İsveçrə cəmiyyətində Qarabağ münaqişəsiylə bağlı yaranmış ictimai fikri çaşdırmağa calışır.
-İsveçrə cəmiyyətində medianın gücü hansı səviyyədədir?
- Son dövrlərdə internet qəzetlər gündəlik qəzətləri sıxışdırırlar. Buna baxmayaraq, pulsuz qəzetlər daha çox oxunur. Onlara hər yerdə dayanacaqda, tramvayda, kafelərdə rast gəlmək olar. Pulsuz qəzetlər əhalinin maarifləndirilməsi üçün çox gözəl vasitədir.
Sözsüz ki, İsveçrədə mətbuata danışmaq heç də asan deyil. Həkim və ya polis işçilərinin mətbuatla əlaqə saxlaması üçün xüsusi icazələri olmalıdir, yalnız mətbuat xidmətləri bu işi görür.
Qəzetlərin məhkəmələrə çəkilməsinə nadir hallarda rast gəlmək olar. Bunu daha çox mətbuat işcilərinin peşəkarlığıyla bağlayardım. Avropada mətbuat daha çox iş yeridir, qazanc mənbəyidir.
İsveçrənin digər ölkələrdən fərqli cəhəti ondadır ki, bu ölkədə sirlərin qorunması xüsusi qanunla təsbitlənib. Təkcə bank sirləri deyil, həmçinin hər hansı fərdin şəxsi həyatıyla bağlı sirləri ciddi şəkildə qorunur. Bu qanunu pozanlar məsləkdən məhrum olurlar. Mətbuata ötürülən informasiyalar xüsusi şəkildə araşdırılır, informasiya ötürən şəxslər cəzalandırılır. Bu ciddiyyətin səbəbi birdir: İctimai fikrin yanlış istiqamətləndirilməsinin qarşısını almaq. İsveçrədə birbaşa demokratiya mövcud olduğundan ölkəni demək olar ki, ictimai fikir idarə edir. Bu fikrin formallaşmasında isə mətbuatın rolu həlledicidir.
- Məsələn, hansısa məmur haqqında qalmaqallı məqalə çıxandan sonra nələ baş verir?
- Hər hansı məmur haqqında qalmaqallı məqalələr çox az olur. Cünki bu ölkədə məmurlar qanundan qorxarlar, qanunsuzluğa az gedirlər. Sözsüz ki, bəzən müxtəlif adamların, xüsusilə də öz hüquqlarını yaxşı bilməyən gəlmələrə qarşı haqsızlıqlar olur. Bu hal mətbuata cıxarsa, həmin məsələnin qanun çərçivəsində həll olunacağına heç bir şübhə qalmaz.
İsveçrə cəmiyyəti müzakirələrə çox böyük önəm verir. Hər hansı məsələylə bağlı debatlar təşkil olunur, cəmiyyətin müxtəlif təbəqələrinin mövqeyi öyrənilir. Ölkədə demək olar ki, hər il referendum, seçki keçirilir. Hər hansı tramvay yolunun tikintisiylə bağlı hökümət razılığa gələ bilməyəndə son sözü referendumda xalq deyir, tramvay yolu tikilsin və ya tikilməsin. Bu təbliğat da mətbuat üzərindən qurulur.
- Ümumiyyətlə, dünyanın azad ölkəsi sayılan İsveçrədə hər hansısa çətinliklərlə üzləşirsinizmi?
-Çətinliklər hər bir yerdə var. Sözsüz ki, İsveçrədəki çətinliklər tamam başqadır. Bura bizim üşün qürbətdir. Vətəndən ayrı yaşamaq heç də asan deyil. Bəzən ana dilində söhbət etməyə normal adam tapa bilmirsən.
-
Oxucularımız üçün də maraqlı olardı ki, İsveçrənin əsas gəlir mənbəyi haradan formalaşır?
-Bütün Avropa ölkələrində olduğu kimi İsveçrədə də dövlət büdcəsi əsasən vergilərlə dolur. Düzdür, İsveçrə verginin ən aşağı olduğu ölkədir, ancaq vergi verən də çoxdur. Vergilər az olduğundan iri şirkətlərin baş ofisi İsveçrədə yerləşir, bu ölkənin bankları dünya maliyyə sektorunun yönəticiləridir, büdcənin formallaşmasında onların rolu böyükdür.
Söhbətləşdi:Elnur Eltürk