“İzzət nə oxuduğunu bilmir, Brilliant isə müğənni ola bilmədi”

“İzzət nə oxuduğunu bilmir, Brilliant isə müğənni ola bilmədi”

Əli Mirəliyev: “Dedim “indeyski” oxumağını qoy yerə, qulaq asmadı”

“Yaraşaydım” mahnısı və daha çox şou-biznesdə qalmaqallı açıqlamaları ilə tanınan müğənni Əli Mirəliyev Lent.az-a müsahibəsində şou-biznesin bir çox məqamlarından danışıb.

- Əli müəllim, necəsiz, nə işlə məşğulsuz?

- Nə işlə məşğul olacam ki? Bağdayam, heyvanla, itlə, pişiklə, quşla, toyuqla məşğulam. Təqaüdçü nə etməlidir? Nə işlə məşğul olmalıdır ki?

- Niyə belə aqressivsiniz?

- Niyə aqressiv olmayım? Tutaq ki, Elza Seyidcahana deyirəm sənin səsin yoxdur. Məndən başqa bu tənqidi açıq-aşkar kim deyir? Buna görə də əsəbiləşirəm.

- Daim kimisə tənqid edirsiz. Fikirləşmirsiz ki, dediklərinizə daha əhəmiyyət verən yoxdur?

- Azərbaycanda tənqidi kim qəbul edib ki? Bir çox məmurlar tənqidi qəbul edir ki, müğənnidə qəbul etsin? İradı qəbul etsələr, yaltaqlıq etməzlər. Bir ağızdan eyni sözü hamısı təkrar etməz. Tənqid insanı inkişafa aparır. Bunu qəbul etmək lazımdır.

- Tənqidinizdən nəticə çıxardanlar olub?

- Mən bir vaxtlar xalq artisti Faiq Ağayevin ifasına tənqidlə yanaşırdım. Onun şəxsi həyatına qarışmırdım ki? Sadəcə ifasında olan qüsurları deyirdim. Sonra o çıxdı Cahangir Cahangirovun əsərini çox gözəl oxudu, xoşuma gəldi. Yəni ona qarşı olan tənqidi fikrim dəyişdi. Düz oxumağa başladı. Bax, budur da irəliləyiş.

Şou-biznesdəkilərin səksən faizi oxuya bilmir. Biri Brilliant Dadaşova... Mən Əli Mirəliyev o vaxtlar Brilliantı toylara aparırdım. O zaman da dedim ki, “indeyski” oxumağını qoy yerə. Özünə dedim ki, yaxşı musiqi duyumu olan qızsan, amma mahnıları türk, hind musiqisi tərzində oxuyursan. Belə oxumaq olmaz. Amma tənqidi nəzərə almadı. Başladı oxumağa, əməkdar, xalq artisti oldu, amma müğənni ola bilmədi. Deyim niyə müğənni ola bilmədi?!

- Buyurun...

- Çünki, sözləri təhrif edir. Ələkbər Tağıyev, Elza İbrahimova, Emin Sabitoğlunun bəstələrini oxuyur,  özündən boğazlar edir. Artıq beynimizə həkk olunmuş mahnı, başqa cür eşidilməyə başlayır. İnsanlar eşidib ki, bu mahnını Zeynəb Xanlarova, Rübabə Muradova, Gülağa Məmmədova və digər korifeylərimiz necə oxuyub. O, isə əlavə boğaz etməklə guya müasirlik edir. Artıq boğaz vurmaqları bunların savadsızlığından irəli gəlir. Çünki, sən notu düzgün vura bilmədiyinə görə, alınır “həftə-becar”. Bəlkə başqa insanlar Brilliantı sevir, deyə bilmərəm, amma mən öz fikrimi deyirəm, bəyənmirəm.

 - Əli Mirəliyev şou-biznesdəkilər üçün ifaçılıq dərsləri təşkil etmək niyyətindədir?

- (Bir az düşünür) Siz nə danışırsınız? Onlar mənim dərsimə gələrlər? İzzət Bağırov mənim dərsimə gələr heç? Özü bilmir hələ Azərbaycan, türk musiqisi nədir. Avara bir musiqi oxuyur. Əlifbanı bilməyəndən sonra, siz ali məktəbə necə daxil ola bilərsiniz ki? O, Azərbaycan musiqisindən kənar oxuyur.

- Bax bu qədər ifaçının qüsurundan danışdız. Bəs sizin qüsurunuz nədir?

- Mən uşaq vaxtımdan müğənni olmaq istəyirdim. Qüsurum isə dilimin yekə olmağı idi. İfaçılığa gəlmədən öncə evdə güzgünün qabağında məşq edirdim ki, qüsurum bilinməsin. Anam da deyirdi ki, səndən müğənni olmayacaq. Amma mən öz öhdəsindən gəldim. Məqsədim vardı və ona da çatdım.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az