Fəlsəfə doktoru Yusif Alı Afşar
Qloballaşan dünyada bəşəri svilizasiya birtərəfli inkişaf etməkdə davam edir. Müsəlman dünyası ilə xristian dünyası arasında köklü müqayisələr aparılsa, dünyəvi baxışla, dini baxışların bir çox fərqlilikləri üzə çıxar ki, bu da özlüyündə müsəlman dünyasının geri qalmasının əsas səbəblərindəndir. Yazacağım yazı heç də dini nöqteyi-nəzərdən kimlərinsə qıcıqlanmasına deyil, dünyəvi düşüncəli insanların ortaq düşüncələrinin üzə çıxarılmasına hesablanmışdır. Məlum məsələdir ki, din amili daim cəmiyyətdə bu və ya digər formada hakim rolda olmuşdur. Hətta “ateistlər məkanı” kimi tanınan keçmiş SSRİ-nin özündə gizlin formada olsa belə, din cəmiyyətə sirayət edə bilirdi. Dinin müxtəlif teoloji və ideoloji tərəflərinin mövhumat və fantastika əlamətləri elmi hipotezlərlə isbat olunsa da bu, beyinlərə girib təsir edə biləcək gücdə olmamışdır. Çünki hər bir dində hökmran olan, “yaradandan qorxu amili” həmişə kütlənin şüurunun üst qatında bir qlaf yaratmışdır. Bu “qlaf” yüzillər uzunu deformasiya olunsa da, genetik bir ötürmə ilə daim qorunur. Yəni bu “qlaf” özü-özlüyündə insanın ideologiyasının özəyidir. Qloballaşan dünyada insanların cılızlaşmasına, yadlaşmasına və aqressivləşməsinə əsas səbəblərdən biri də ideologiya qırıqlığıdır. Yəni bir sözlə, öz budağından qoparaq küləklə uzaq mənzillərə uçan yarpaq kimi, ideologiyasız insan da öz dünyasından tamam uzaqlara düşür.
Dünyada ilk inanclı millətlərdən ən böyüyü türklər olmuşdur. Sadə, eyni zamanda dərin fəlsəfi çalarlara malik səmavi inanclar təkamül nəticəsində türk təfəkküründə formalaşmağa başlamışdır. Belə ki, bəsit təfəkkürlü insanlar ilk zamanlar heyvan totemlərinə inanmışlar, yəni heyvan atadan gəldiklərini iddia etmişlər. Qədim türklər də inanc kimi qurdu özlərinə totem bilərək “Qurd ata”dan gəldiklərini düşünürdülər. Öz xarakterini Qurda oxşatmaq, onun həyat yaşamından özləri üçün dərs alınacaq dərəcədə qurdu özlərinə örnək bilmişlər. Totemizmin bir çox özəllikləri də vardir:
- Totem ilə kütlə arasında duyğusal qohumluq vardır, yəni eyni totemdən olanlar eyni atadan gəldiyinə inanır;
- Eyni totem ətrafında toplanan insanlar bir-biriylə evlənə bilməz;
- İnanclı totemin insan kütləsini bütün təhlükələrdən qoruduğuna inanılır və s.
Bəli, bu inanclar 21-ci əsr insanı üçün çox gülünc görsənə bilər. Amma zaman-zaman bu inanclar üzərində bərqərar olmuş daha dərin inanclar yaranmağa başladı. İnsan təfəkkürü inkişaf etdikcə ilahi idarəedici qüvvə haqqında olan təsəffürlər daha da dərinləşirdi. Türklərin sonrakı dini inanclarında Göy Tanrıçılığı xüsusi yer tutmuşdur. Göy Tanrısı yüksəkliklərdə mövcud idi. Göy Tanrı ibadətləri dağ yüksəklikləri istiqamətində Günəşə doğru həyata keçirilərdi. Göy Tanrı ümumilikdə insanların yaşamına elçisiz, peyğəmbərsiz qarışır, buyurduğu tələblərə, ayinlərə əməl etməyənləri cəzalandırar. Göyün tələblərinə qarşı çıxılmaz. And içmə, şükür etmə Göy Tanrıya ünvanlanar. Bu gün də Asyada tarix səhnəsində mövcud olmuş Hunların, Göytürklərin, Uyğurların dini inanclarında Göy Tanrı inancının izlərinə rast gəlinir. Belə ki, hələ də Göy Tanrının adına qurbanlar kəsilərək ondan imdad və bağışlanma dilənilir.
Hətta ərəblərin iddiasına baxsaq məlum olar ki, qurban kəsmə adətinin İbrahim peyğəmbərlə bağlanması da səhv fikirdir. Birincisi, İbrahim peyğəmbərin məlum rəvayətə görə oğlu İsmayılı qurban kəsmək istəməsi və bu qurbanlığın əvəzində göylərdən qara qoçun “endirilməsi” islamdan çox-çox əvvəl olmuşdur. Məhəmməd peyğəmbər yeni yaradılmış islam dinində ərəblərin etiqat etdiyi bir çox adətlər kimi, qurban kəsmə adətini də saxlamaqla köhnə inanclı kütləni rahat idarə etmək üçün çox əlverişli bir yönətim qazandı... Amma qurban kəsmə adəti türkün qədim dini mədəniyyətinin əsas inanclarından olub və çox sadə, məntiqi fəlsəfəyə bağlıdır. Məsələn, Altay mifоlоgiyasına görə göy üzünə dоğru çоx böyük şam ağacı yüksəlir. Göyləri dəlib çıxan bu ağacın təpəsində Tanrı Ülgən оturur. Həmin ağacın zirvəsinin şəninə qurbanlar kəsilərək, diləklər edilərmiş. Qədim hunların isə ağaca at qurbanı kəsməsinə, kəlləsini və dərisini də budaqlarına asmalarına bənzər adətin izlərinə “Düldül ocağı”nda rast gəlinməkdədir.
Əgər dini mifolagiyalara inansaq görərik ki, tarix boyu türk millətinə heç bir peyğəmbər, elçi göndərilməmişdir. Türklər daim özlərinin başı üzərində Ulu bir varlığın nüfuzunu hiss etmişlər. Lakin qədim türklərlərdə peyğəmbər adına bərabər tutulacaq “yalvac” adı da mövcud olmuşdur. Bu sözün kökündən də Yaradana yalvarış, arzu-dilək istəyi mənası ortaya çıxır. (Yalvac yalvarmaq, xəbər vermək mənalarını da daşıyır. Yal sözü monqolcada cəzalandırmaq deməkdir). Lakin türklər böyük ərazilərə sahib olduğundan onların vahid dini inancları arasında oxşarlıqlar olsa da, fərqliliklər də az deyildi. Türklərin sonuncu dini təsəvvürlərində təktanrıçılıq meydana çıxdığından, onlar tarix boyunca təktanrıçılığa əsaslanan müxtəlif dinlərə və bu dinlərin fərqli məzhəblərinə tabe olmuşlar. Məhz türklərin islam dinini də tez bir zamanda qəbul etmələrinin başlıca səbəbi bu idi. Amma islam türklərə formaca öz dinləri kimi görsənsə də, mahiyyət tam fərqli idi. Mahiyyət ərəb işğalı, ərəb xilafətinin ərazi genişlənməsi idi. Minilliklər boyunca damla-damla toparlanan türk kültürü, türk mədəniyyəti ərəb mədəniyyətinin, ərəb kültürünün içində kiçilməyə və bölünməyə başladı. Xilafət hakimiyyəti uğurunda gedən mübarizədə islam dinində parçalanmalar yaranaraq məzhəb qopmaları yaranmış və bunun da əsasında müxtəlif təriqətlər meydana çıxmışdır. Artıq “islam köynəyini” əyninə geymiş türklər bu məzhəb çəkişmələri içərisində öz kökündən olan qardaşları ilə qanlı döyüşlərə girmişdilər. Və sonucda milli kimlik anlayışı unudularaq dini mənsubiyyət məsələsi önə çıxmışdır. Bax, biz türklərin bədbəxtçiliyi bu zamanlardan başladı. Vətənini işğal etmiş, dinini, mədəniyyətini məhv etmiş, millətin düşünən beyinlərini fiziki və mənəvi terrorla parçalamış işğalçı ərəblərə sadiq olan türklər ərəblərin dinini özlərindən daha geniş ərazilərə yaymış və bir çox millətləri də müsəlmanlaşdırmışlar.
Buna görə də dünyada türk milləti kimi ikinci millət tapilmaz ki, öz ərazisinin, öz mədəniyyətinin, öz əxlaqının işğalçısına bu qədər yanğı ilə yanaşsın, onu bu qədər sevsin. Yüzillər boyunca ərəblərin işğal altında saxladığı türk ərazilərinin zülmü yetmədimi bizə? Dünyada tayı bərabəri olmayan türk mədəniyyətini, türk əxlaqını sıxışdırıb əvəzində ərəb mədəniyyəti adı altında, əski türk dininin özü olan islamı bizə ərəb kültürü kimi sırımaqlarına dözümümüz yetmədimi? Türk fatehlərinin islam təriqətlərinə uyaraq, sünni-şiyə məzhəblilərinin bir-birinə qılınc çalması bədbəxtliklərinə nə qədər dözəcəyik? Axı deyirlər ki, səbrin də bir həddi var. İndi bu gün müqəddəs torpaqlarımız uğurunda döyüşlərdə canından keçmiş şəhidlərmizin əvəzinə, türklərlə heç bir bağlılığı olmayan, barbar ərəb vəhşiliyinin qurbanı olmuş imam Hüseyin şəhidlərini, Kərbala şəhidlərini "Hüseyinə yerlər ağlar, göylər ağlar" deyə 100 illər boyunca ağlayırıq. Ağlamaq haqqında heç islam dininin özündə də buyrulmayıb. Ağlamağımız cəhənnəm, hər il yeni dünyadan köçmüş insan kimi onlara 3, 7, 40 mərasimləri də veririk. Bədənmizin müxtəlif əzalarını döyəcləməklə, nəyi ifadə edirik ki? Başımızı yarıb qan çıxarmaqla nə demək istəyirik? 21-ci əsrdə, informasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə bu cür bəsit düşüncədə olduğumuzdan utanmağımız gərəkdir. Yaxşı, heç düşünürükmü ki, bundan qazananlar kimlər oldu, uduzanlar kimlər oldu? Qazananın haram xoşu olsun, amma uduzan biz türklər oluruq. Əgər ağlayırıqsa, gəlin hər il öz dərdimizi, öz fəlakətlərimizi ağlayaq. Hər ilin 20 iyul tarixini (1402-ci il Ankara döyüşü), hər ilin 23 avqust tarixini (1514-cü il Çaldıran döyüşü) özümüzə yas tutub ağlayaq ki, həmin günlər Avropa xalqlarının qələbə tarixi oldu. Dini müxtəliflik istiqamətində idarə olunan iki qardaş türk imperiyası qarşı-qarşıya gəlib bir-birini qanına qəltan etdi. Ağlamalı deyilmi? Ağlamalıdır!!!
Ey Ulu Tanrı, insan necə mənasızlıqlara vararmış. Ey uludan ulu türk millətim! Bu ad, bu əməl sənə yaraşmaz. Sən dünyaya şəxsiyyətlər, sərkərdələr bəxş etmisən. Əgər sənin qəhrəman bildiyin Babək kimi oğlun ərəb işğalına qarşı mübarizə aparıbsa, bu gün böyük bir vəchlə səhv olaraq Babəkin əməllərini yasalayıb islamlaşdırmaq istəyirsən. Bu olacaq bir iş deyil, çünki mübarizənin mərkəzində işğala qarşı müqavimət dayanmışsa, burada mədəniyyətin də yayılmasının qarşısı alınmalı idi. Çünki böyük orduların görə bilmədiyi işi təbliğat vasitəsi olan dinlər çox rahatca görə bilmişdir... Beləliklə, Babək öncədən islamı qəbul etmiş türk sərkərdəsi olub söylənən əsassız iddialarla özümüzü aldadıb, ucuzlaşdırmayaq...
Özünə zəncir vurmaqla, bədənini döyəcləməklə kökünə aid olmayan qondarma ağılar deyərək ağlayan türk kişisinə xitabən bir məqamı xatırlatmaq istərdim. Əziz qardaşlarım, 680-ci ildən – Kərbala faciəsindən çox-çox qabaq, yəni e.ə. 530-cu ildə Massaget (skif-türk dövləti) hökmdarı Tomris xatun qeyri-bərabər döyüşdə Əhəməni hökmdarı Kirə qalib gələrək onun 29 illik hakimiyyətinə son qoydu. Tomris ana Kirin başını kəsdirərək ondan qisasını almış, qəhrəmanlıq tarixi yazmış bir türk qadını olaraq tarixə düşdü. Bax, dəyərli türk kişisi, bizim nənəmiz bu qeyrətdə olub! Bizim ixtiyarımız yoxdur ki, yad millətlərin, yad mədəniyyətlərin, yad faciələrinə ağı deyib ağlayaq. Biz türklərə ancaq və ancaq şərəf, qüdrət, namus, qeyrət yaraşır.
Öz kökümüzə enərək milli kimliyimizi öyrənmək istəyimizə müxtəlif zamanlarda qəbul etdiyimiz yad dini inanclar sözün həqiqi mənasında mane olur.
Bu gün parçalanmış Azərbaycanın bütövlənməsi üçün qan, can, ağıl gərəkdir. Sadə düşüncələrlə Böyük Türk Birliyi qurmaq istəyimizi mürəkkəb situasiyalardan üzüağ çıxmağımızla reallaşdıra biləcəyik. Bütün enerjimizi, bütün düşüncələrimizi ancaq və ancaq vahid milli ideologiya ətrafında birləşdirmək gərəkdir. Artıq yetişən gənc nəsil yaxın keçmişimizin utancı olan Qarabağ itkimizi qəbul etmək, həzm etmək iqtidarındadır. Onda ədalətsiz Türkmənçay faciəmizi övladlarımız başqa dövlətlərin tarixi hadisəsi kimi qəbul edəcəklər. Ağlamalı dərd budur. Torpaq, vətən itkisini qəbul edən gəncin dini təəssübkeşliyi də formal xarakter daşıyır. Çünki vətənsiz insanın yaşamaq və düşünmək haqqı öz əlində olmur!
Bu yazı ilə heç də islam dininin bizə xoş olmadığını demək istəmirəm. Məlumdur ki, dünya türklərinin 90%-ə yaxını islam ümmətlidirlər. Olsun! Amma qloballaşan dünyaya inteqrasiyada öz milli dəyərlərimizlə iştirak etməliyik. Çünki milli dəyərlər özkeçmişidir. Dini nöqteyi-nəzərdən inteqrasiya milli mənsubiyyətimizin kölgələnərək məhv olmasına gətirib çıxara bilər.