Kəşfiyyatların bölgədə TERROR XƏBƏRDARLIĞI - Azərbaycan üçün hansı risklər yaradır?
Kəşfiyyatlar bölgədə terror xəbərdarlığı edir, amma…
Rusiya Moskvada Azərbaycanı təhdid edən separtçı tör-töküntülərə meydan verir
Bakı Yaxın Şərqdə meydan sulayan qruplaşmaların ölkə ilə əlaqəsini kəsməyə çalışır
Sentyabrın 28-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) üzvü olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında regional təhlükəsizliklə bağlı açıqlamalar verilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib ki, Yaxın Şərqi zəbt etmiş terror təşkilatları rəhbərlərinin öz fəaliyyətlərini Şimali Qafqazda genişləndirmək istəmələri barədə sənədlər əldə ediblər. O, bildirib ki, hazırki geosiyasi vəziyyət təəssüf ki, mənfi ssenari üzrə inkişaf edir. MDB ölkələrinin birbaşa sərhədində yerləşən Əfqanıstan və Yaxın Şərq regionunda vəziyyət bizdə xüsusi narahatlıq yaradır. İŞİD, ”Cəbhat-əl-Nüsra" kimi terror təşkilatlarının genişlənməsi bu günün reallığıdır. MDB-yə üzv və digər ölkələr üçün ən böyük təhdid mühacir terrorçuların çıxdıqları ölkələrə geri qayıtması və bu ölkələrdə aktivləşməsidir.
Elxan Şahinoğlu: "Rusiya terrorla mübarizəyə ikili standartla yanaşır”
Xüsusi xidmət orqanlarını narahat edən terror təhlükəsi Qafqaz regionunu bir hissəsi olan Azərbaycan üçün hansı risklər yaradır? Politoloq Elxan Şahinoğlu «İşəşğ Nhd» qəzetinə şərhində bildirib ki, ildirir ki, Aleksandr Bortnikovun açıqladığı fikirlər bölgənin digər ölkələri kimi Azərbaycan üçün də təhlükədir. "Şimali Qafqaz Azərbaycanla sərhəd bölgədir. Bu məsələ Rusiya və Cənubi Qafqaz ölkələri üçün də təhdidir. Ona görə də bu məsələdə əməkdaşlıq, xəbərləşmə vacibdir. Çox təəssüf ki, bəzən dövlətlər ikili standartlarla çıxış edirlər. Məsələn, elə Rusiyanı, Bortnikovun özünü götürək. Bir tərəfdən deyir ki, belə bir terror təhlükəsi var, başqa tərəfdən də Moskvada həmin o separatçı, bizim də terrorçu adlandırdığımız şəxslərin toplatısı üçün şərait yaradır. Həmin toplantıda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həqarətedici fikirlər səsləndirilir” - deyə politoloq bildirir.
Qeyd edək ki, sentyabrın 25-də Moskvada separatçı qurumların özbaşına toplantısı keçirilib. "Millətlərin dialoqu. Xalqların öz müqəddəratını təyinetmə hüququ və çoxqütblü dünya düzəni adlanan” yığıncağının təşkilatçısı və sponsorları Rusiya Antiqlobalçılar Hərəkatı və Milli Xeyriyyə Fondudur. Adıçəkilən fond Rusiya prezidenti və Adminstrasiyası tərəfindən qrant dəstəyi əsasında fəaliyyət göstərir.
Sözügedən tədbirə Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri və özünü "Talış Milli Hərəkatı” adlanan separatçı qurumun lideri kimi qələmə verən Fəxrəddin Aboszodə qatılıblar.
Elxan Şahinoğlu bu faktı problemə ikili standartla yanaşma adlandırır. "Ola bilməz ki, mənim separatçım, terrorçum yaxşıdır, sənin separatçın pisdir. Bu cür ikili standartlar hökm sürdüyü üçün ortaq fəaliyyət göstərmək də çətin olacaq”.
"Terror istənilən dövləti vura bilər”
Bölgədəki terror təhlükəsi ilə bağlı Azərbaycan hansı preventive addımlar atmalıdır? Politoloq bildirir ki, Azərbaycan bu məsələ ilə bağlı qabaqlayıcı addımlar atır. "Xatırlayırsınızsa, bir müddət Azərbaycandan İraq və Suriyaya döyüşməyə gedənlərin sayı həddindən artıq çox idi. Sumqayıtdan, şimal rayonlarından gedib terror qruplaşmalarına qoşulurdular və elə il olurdu ki, yüzlərlə Azərbaycan vətəndaşı ölkədən gedirdi. Hətta ailələrini də aparanlar var idi. İndi isə bu proses səngiyib və bu barədə məlumatlar azalıb. Çünki geri qayıdanlarla bağlı çox ciddi tədbirlər görülür ki, bu da ora getmək istəyənlərin həvəsini azaldıb. Bu da azalmaya təsir edən amillərdəndir. Amma bu, o demək deyil ki, təhlükə sovuşub. Çünki terror elə bir bəladır ki, hətta təhlükəsizliyə ən yüksək səviyyədə diqqət edən istənilən dövləti vura bilər. Məsələn, ABŞ 11 sentyabrı gözləmirdi. Amma həmin gün terrorçular ABŞ-ı vurdular və 3 min vətəndaşı həlak oldu. Ona görə də terror təhlükəsi istənilən ölkədə var. Əsas odur ki, sizin də qeyd etdyiniz kimi preventiv addımlar atılsın və mümkün qədər qarşısı alınsın. Bizdə bu cür insidentlər qeydə alınmasa da, əvvəllər müəyyən təhdidlər olurdu. Məsələn, Azərbaycanda hansısa səfirliyə hücum etmək istəyən şəxslər həbs edilmişdi. Yəni hadisənin özü baş vermədi və törətmək istəyən şəxslər əvvəlcədən ələ keçirildi. Bunda Azərbaycan xüsusi xidmət orqanlarının özünün də yəqin ki, rolu olub, amma İsrail və ya hansısa Qərb dövlətləri əməkdaşlıq nəticəsində terror təhlükəsinin qarşısı vaxtında alınıb. Deməli, Azərbaycan üçün də vacibdir ki, həm MDB məkanında, həm də digər tərəfdaş ölkələrlə terrora qarşı mübarizədə əməkdaşlığı gücləndirsin”.
Suriya və İraqda müxtəlif qanunsuz silahlı birləşmələrin və terrorçu qrupların tərkibində döyüşmüş şəxslər Azərbaycana qayıtdıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilərək mühakimə edilirlər. Onların əksəriyyəti 10 ildən artıq müddətlərə cəzaçəkmə müəssisələrinə göndərilirlər. Bəs bu cür şəxslərin Azərbaycanda şəbəkələşməsi mümkündrmü?
"Bakıda terrorçulara rəğbəti olanlar var”
E.Şahinoğlunun sözlərinə görə, terrorçulara qoşulmaq istəyi olan şəxs başa düşməlidir ki, çox böyük itkilərlə üzləşə bilər. "Yəni qayıdarkən burada onu ömürlük həbs cəzası da gözləyə bilər, vətəndaşlıqdan məhrum edə bilərlər, ailəsi çox böyük məhrumiyyətlərlə üzləşər. Bunu başa düşən adam gərək gedib terrorçulara qoşulmasın. Bunun özü də preventiv addımlardır. Kimsə bütün bunları göz önünə alaraq gedib Suriya və İraqda terrorçulara qoşulursa və geri qayıtmaq təhlükəsi varsa, demək, bunun da qarşısının alınması yolları ciddi düşünülməlidir. Çünki qeyd etdiyiniz kimi müəyyən şəbəkləşmə ola bilər. Bu cür insanlar da iki tipdir. Bir var İŞİD-ə , terrorçu qruplara qoşulanlar, bir də var gedib onlara qoşulmasa da, özü terror törətməsə də rəğbəti olanlar. Bakıda da belələri var. Bu qrup insanların terrorçu olması riski çox şəffafdır. Terrorçu qruplara rəğbəti varsa və onların fəaliyyətini gizli olaraq da dəstəkləyirsə, deməli bu adam sabah real terrorçuya çevrilə bilər. Onlar öz aralarında gizli və ya açıq müzakirələr aparırlarsa, sabah müxtəlif planlar da hazırlaya bilərlər. Avropa və Amerika təcrübəsindən də görürük, bəzən elə adamlar terrorçuya çevrilir ki, heç kimin ağlına belə gəlmir. Ona görə də hətta terrorçulara rəğbəti olanlar da ciddi nəzarət altında olmalı, həmin fəaliyyət üçün şəbəkələşmələrinə imkan verilməməlidir”.
"Paşazadənin dedikləri həyəcan təbili olsa da, açıqlamanın özündə də bir təhlükə görürəm”
Qeyd edək ki, terror təşkilatları əsasən din və məzhəb faktorundan istifadə edərək ətrafına insanlar toplayırlar. Din faktoruna görə onların cəmiyyətdə dəstək qazanma ehtimalına gəlincə, Elxan Şahinoğlu bildirir ki, bu, inandırıcı deyil. "Məsələn, İŞİD-in islam dini ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Hətta islam alimləri də qeyd edirlər ki, əgər sən müsəlmanını öldürürsənsə, başını kəsirsənsə, islama aidiyyatın yoxdur. Amma bütün hallarda, onlar islam adı altında bu əməlləri törədirlər və təəssüf ki, Azərbaycanda da onlara rəğbət bəsləyən müəyyən qisim insanlar var. Burada dini məzhəbçilik amili də var. İraqda və Suriyada gedən döyüşlərdə məzhəb savaşının da müəyyən rolu var. Bəzən o ölkələr hədəf alınır ki, orada məzhəb ayrılıqları ola bilir. Nümunə olaraq, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin açıqlaması diqqətimi çəkdi. Şeyx bildirdi ki, Azərbaycana turist adı ilə gələnlər məzhəbçilik, dini-ayrıseçkilik sala bilərlər. Doğrusu, mənə belə bir fakt məlum deyil. Yəqin ki, Paşazadə turist deyərkən daha çox ərəb ölkələrindən gələnləri nəzərdə tutur. Çünki son zamanlar məhz ərəb ölkələrindən gələn turistlərin sayı çoxalıb. Hətta nazir Əbülfəs Qarayev bildirmişdi ki, onların sayı 8 dəfə artıb. Bu isə Azərbaycan üçün çox vacibdir. Çünki biz qeyri-neft erasına daxil oluruq, digər sahələdən gəlirlərimiz artmalıdır. Turizm sahəsini isə dövlət başçısının özü çox önəm verir. Bu səbədən, Paşazadənin açıqlaması həyəcan təbili olsa da, açıqlamanın özündə də bir təhlükə görürəm. Çünki bu da bir ayrı-seçkiliyə yol aça bilər. Yəni turistidr gəlir, sən bunun qarşısını necə alacaqsan? Nə olsun ki, ərəb ölkələrindən gəlir, o ölkələrdə sələfi ideyası məşhurdur deyə qarşılarına sədd çəkə bilmərik ki? Bu ölkənin vətəndaşları Azərbaycana yatırım da qoya bilərlər, mülkiyyət də ala bilərlər. Deyə bilmərik ki, siz sələfiliyə inandığınıza, kobud desək, Azərbaycanda da əsas şiəlik olduğuna görə, sizə qadağa qoyuruq. Bu, doğru olmaz. Sadəcə, gələn turistlər burada vaxtını keçirib vətəninə qayıdır, yaxud mülkiyyət alır. Əksinə, biz bu cür turistlərin Azərbaycana gəlib pul xərcləməsində maraqlı olmalıyıq. Əgər həqiqətən içərilərində Paşazadənin dediyinə görə emissarlar olacaqsa, burada dini təbliğatı qızışdıracaqlarsa, artıq təhlükəsizlik xidmətinin borcudur ki, bu şəxsləri müəyyən edərək Azərbaycandan deportasiya etsinlər”./bizimyol.info/
Miq.az