Azər Həsrət
Artıq ikinci gündür ki, ölkə gündəmi Ceyhun Zamanoğlu adlı gənc əsgərin ölüm olayı ilə silkələnməkdədir. Bu, əlbəttə ki, ilk belə hadisə deyil. Əsgər ölümləri hər bir ölkədə, hər bir dövrdə olub və olmayacağına kimsə təminat verə bilməz. Hətta Sovet Ordusunda da ən adi şəraitdə əsgər ölümlərinə şəxsən özüm şahid olmuşam. Və o dönəmlərdə belə ölümlərin necə ört-basdır edilməsini də bilirik. Onu da xatırlayırıq ki, əsgər ölümləri ətrafında həmin dönəmdə indiki qədər ajiotaj yaradılmırdı. Yaradılmasına imkan da yox idi zatən. Çünki zaman, sistem və rejim başqa idi. Hətta dəmir qutuda gətirilən əsgər meyidinə açıb baxmaq belə yasaq idi. Təsadüfi deyil ki, çox vaxt xalq arasında söz gəzərdi ki, qutudakı heç əsgərin meyidi deyil. Sadəcə bəlli bir ağırlıq olsun deyə daş-kəsək doldurublar içinə. Bunda həqiqət payı da ola bilərdi. Çünki bəzən Əfqanıstan kimi qaynar bölgələrdə həlak olan əsgərin heç tikələrini də toplamaq mümkün olmurdu və doğmalarının gözünü yollarda qoymamaq üçün belə addım atıla bilərdi. Bütün hallarda deyilənləri sübut edəcək heç bir dəlilə sahib olmadığımız üçün fikrimizi qətiləşdirə bilmirik.
İndi də əsgər ölümləri az qala hər həftə Azərbaycan gündəmini zəbt etməkdədir. Elə üç ayın əsgəri kimi həlak olan Ceyhun Zamanoğlunun olayı da bu sıradandır. İlkin olaraq onun ürək tutmasından vəfat etdiyi deyilirdi. Ancaq yaxınlarının meyidə baxış zamanı gördüyü mənzərə tamam başqa bir gerçəyi ortaya çıxardı. Sosial şəbəkələrdə və mediada geniş yayımlanan şəkillərə baxanda dərhal görünür ki, bu əsgəri ya vəhşicəsinə döyüblər, ya da hansısa qəza nəticəsində üz-gözü də daxil olmaqla bədən orqanları ciddi xəsarət aldığından dünyasını dəyişib. Dərhal demək istərdim ki, sonuncu ehtimal az ağla batandır. Çünki belə bir hal olsaydı, yəqin ki, bu əsgərin ölümünü rahat bir şəkildə təbii şərtlərə bağlamaq olardı və məsələylə bağlı məsuliyyət daşıyanlar da buna gedərdi. Ancaq görünən odur ki, ürək çatışmazlığı ilə bağlı qərar verilib və məsuliyyətdən yayınmaq üçün cəhd edilib. Deməli, kimlərsə ortada olan bir cinayəti gizlətmək yolu tutub. Əlbəttə ki, belə olduğu üçün mütləq və ən yüksək səviyyədə araşdırma aparılmalı, əsgər qatil(lər)i və on(lar)a havadarlıq edən(lər) ən yüksək cəza almalıdırlar! Bu, məsələnin bir tərəfi.
Əsas məsələ isə budur ki, ümumiyyətlə, kimdir əsgər qatili! Əsgərlərimizi dinc şəraitdə xidmət zamanı kim və niyə öldürür? Ermənistanın işğalı altında olan torpaqlarımızla təmas xəttində xidmət keçənlərin düşmən gülləsinə tuş gəlməsi anlaşılandır və belə olan halda şəhid əsgərin doğmaları “Vətən sağ olsun!” deyə bilirlər. Ancaq hansısa yaramaz komandirin məsuliyyətsizliyi, hansısa bir ailənin tərbiyəsiz övladının əsgər yoldaşlarına qarşı törətdiyi cinayət üzündən həlak olanlarımızı hara yazaq? Niyə bu xalqın oğlu olan o komandirlər, o əsgərlər bu qədər qəddar və qaniçən ola bilirlər? Kimdir bunun səbəbkarı?! Niyə özümüzə qənim kəsilmişik? Demirik ki, əsgərlər arasında hansısa dava, qarşıdurma ümumiyyətlə mümkün deyil. Mümkündür, amma bu, ölümə aparıb çıxaracaq qədər olmamalıdır axı!
Bir sual verdik: kimdir əsgər qatili? Mən onun kim olduğunu bilirəm. Bir-bir açıqlaya da bilərəm.
Əsgər qatilinin birincisi rüşvət verib övladını əsgərlikdən yayındırmağa çalışan, yaxud da “dizimin dibində otursun, təki canı sağ olsun” deyən hər bir ailə başçısıdır!
Əsgər qatili övladı əsgər getməliykən vəzifəsindən, maddi imkanlarından sui-istifadə edib onu bu şərəfdən məhrum edən hər bir vəzifəli şəxs, iş adamıdır!
Əsgər qatili gənckən Milli Məclisdə deputat kürsüsünü utanmadan zəbt edən və əsgərliyin üzünü görməyən deputatcıqdır!
Əsgər qatili əsgərlərin beş manatına, bir telefon zəngi puluna göz dikən, çiynində şərəf simvolu olan poqon daşısa da şərəf anlayışından xəbəri belə olmayan zabitlərdir, gizirlərdir!
Əsgər qatili vətənpərvərlikdən, döyüş ruhundan danışıb ordudan yayınan gənclər təşkilatları, ictimai birliklərin rəhbərləridir!
Bu ölkədə əsgər qatili bir deyil, iki deyil, beş deyil! Hələ mənim saymadığım, saya bilmədiyim nə qədər əsgər qatili var sağda, solda!
Lakin! Lakin onu da qeyd etmədən keçə bilmirəm ki, orduda baş verən bu kimi hallar birilərinin Azərbaycanın döyüş ruhuna, döyüşçü kəsiminə və ümumiyyətlə bu sisteminə qarşı total hücumuna da əsas verməməlidir! Bəli, yalnız Ali Baş Komandan deyil, yalnız ordu rəhbərliyi deyil, bizim hər birimiz ordu üçün məsuliyyət daşıyırıq! Əgər ordumuzda nizam-intizam, ədalət istəyiriksə, hər birimiz özümüzdən başlamalıyıq!
Yeri gəlmişkən, onu da əlavə edim ki, mənim bütün yaxınlarım öz əsgəri xidmətlərini Tərtərdən Füzuliyə qədər olan işğalçı Ermənistan ordusu ilə təmas xəttində keçirib. Nə mənim, nə də yaxınlarımın ağlına belə gəlməyib ki, onları daha “yaxşı” yerlərə göndərmək üçün görüm-baxım etsinlər. Çünki bizim düşüncəmizdə bir oğlanın kişi ola bilməsi üçün ən çətin şəraitdə əsgərlik keçməsi mütləqdir! Bunu bacarmayanlar, düşünməyənlər və anlamayanlar, özlərini kişilikdən məhrum etmiş olurlar.
Hər kəs seçim etsin! Seçim etsin ki, sonda əsgər qatilinə çevrilməsin!