Media nümayəndələri İlham Əliyevə müraciət etdilər: "Qanunu yenidən parlamentə qaytarın”

Media nümayəndələri İlham Əliyevə müraciət etdilər:

"”Media haqqında” qanunun məzmunu media qanunları standartlarına uyğun gəlməyən, mətni mücərrəd, anlayışları dolaşıq olan qanun layihəsi jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirir”.

Bu fikirlər bir qrup media təmsilçisi, KİV rəhbərləri, jurnalist təşkilatları və ekspertlərin prezident İlham Əliyevə müraciətində yer alıb.

Müraciət müəllifləri ölkə başçısından "Media haqqında” yeni qanunu imzalamamağı, onun yenidən işlənilməsi üçün parlamentə qaytarmasını xahiş ediblər.

Müraciəti "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycanda İnternetin İnkişafı Forumunun sədri Osman Gündüz, "Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli, "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, media eksperti Qulu Məhərrəmli, media hüququ üzrə mütəxəssis Xalid Ağaliyev imzalayıb.

Müəlliflər bildiriblər ki, sözügedən qanun layihəsinin məzmunu ilə bağlı ciddi narahatlıqlar var.

Onlar qeyd edirlər ki, bu layihə ictimai müzakirələr olmadan, müstəqil KİV və hüquqşünasların rəyləri nəzərə alınmadan hazırlanıb parlamentə təqdim edilib.

Belə ki, qanun layihəsinin mətni parlament komitəsinin müzakirəsindən cəmi bir gün qalmış açıqlanıb:

"Qanun layihəsinin mətni açıqlandıqdan sonra dar zaman kəsiyində layihənin mürtəce, media və ifadə azadlığı standartları ilə üst-üstə düşməyən məzmununun yaxşılaşdırılmasına xidmət edən təkliflər paketini hazırlayıb, təqdim etmişik. Ancaq təəssüflər olsun ki, irəli sürdüyümüz vacib təkliflər də diqqətsiz qalıb. Milli Məclis yekunda texniki məzmunlu bir neçə dəyişiklik etməklə layihəni qəbul edib”.

"Məzmunu media qanunları standartlarına uyğun gəlməyən, mətni mücərrəd, anlayışları dolaşıq olan qanun layihəsi jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirir. O, kimin qanuni jurnalistika fəaliyyətilə məşğul ola biləcəyini müəyyənləşdirməkdən tutmuş, onlayn mediaların icra orqanından lisenziya və ya rəy almalı olması şərtinə qədər, bütün həlledici tənzimləmələrin açarını dövlətə təslim edir”, – müraciətdə qeyd olunur.

Onların fikirncə, qanun layihəsinin hazırlanması prosesi, layihənin məzmunu həm "İnformasiya əldə etmək haqqında” qanuna, həm də Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin media azadlığı ilə bağlı müddəalarına uyğun deyil.

"Biz bu müraciətimizlə sizdən "Media haqqında” qanunu imzalamamağınızı, onu yenidən işlənmək üçün parlamentə geri qaytarmanızı xahiş edirik”, – müraciətdə vurğulanır.

Milli Məclisin dekabrın 30-da keçirilən iclasında "Media haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Bu qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.

Bura media qurumun və jurnalistlərin qeydiyyatdan keçməsindən tutmuş, vahid jurnalist vəsiqəsi əldə etməyə, gizli yolla əldə edilmiş məlumatın yayılmasının əngəllənməsinə qədər xeyli məsələlər daxildir.

Layihə dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Həmin gün birinci, dekabrın 20-də isə ikinci oxunuşdan keçib.

Ardınca Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıb. Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin

Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər. Buna baxmayaraq, layihə ikinci oxunuşda da qəbul olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az