Men ştatatında ermənilər bizə maniə yarada bilmir

Men ştatatında ermənilər bizə maniə yarada bilmir

Tərlan Əhmədov: “Men-ə ilk azərbaycanlı 1912-ci ildə gəlib”

Məhəmməd Hümmətov: “Məktəbimizdə Azərbaycanı şərəflə təmsil edirik”

Azərbaycandan uzaqlarda, özü də çox-çox uzaqlarda okeanın o tayında ABŞ-da dövlətimiz və xalqımız haqqında fikir formalaşdırmaq doğurdan da çətindi.Amma Amerika vətəndaşlarının psixologiyasında Azərbaycan haqqında müsbət fikirlər yaradan vətənpərvər soydaşlarımızın olduğunu diqqətə alsaq, görərik ki, doğurdan da bizi ləyaqətlə təmsil edən insanlar var. “Vətəninfo.az”-ın “Qonaq” rubrikasının budəfəki müsafirləri ABŞ-ın Men ştatında fəaliyyət göstərən Azərbaycan Diaspora Təşkilatının sədri Tərlan Əhmədov və bu ştatda ali təhsil alan gənc azərbaycanlı tələbə Məhəmməd Hümmətovdur. Hər ikisi bu gün Bakıdadırlar və biz də okeanın o tayında Azərbaycan diasporunun fəaliyyəti ilə maraqlanmaq üçün onlarla görüşdük. 

Men ştatına ilk azərbaycanlı 1912-ci ildə gəlib.


Elə ilk olaraq da Tərlan Əhmədovla bu haqda danışdıq. 

- Men ştatının ərazisi Azərbaycanın ərazisi qədərdi. Ştat ərazisində 1 milyon iki yüz min insan yaşayır. Əhalinin əksər hissəsi Avropa mənşəlidir. İngiltərədən, İrlandiyadan, Fransadan 200-300 il bundan əvvəl ora köç etmişlər. Orada təqribən 90 faiz ərazi meşə ilə əhatə olunub.

Men ştatının ərazisində çoxlu təbii resurslar mövcuddur. Bir tərəfdən Atlantik okeanın sahillərindədi və ABŞ-ın ən Şimal-Şərq ştatıdır. Eyni zamanda da Kanada ilə həmsərhəddir. Deyilənə görə, Men ştatına ilk azərbaycanlı 1912-ci ildə gəlib. Bu, Əli Naxçıvani adlı şəxs olub. 

- Azərbaycan icması nə zamandan qurulub? 

- Azərbaycan icmasınən əsası 1990-cı ildən sonra bu ştata köçən azərbaycanlıların ora yerləşməsindən sonar qoyulub. Təqribi bu gün Men ştatında uşaqlı-böyüklü 50 nəfərə qədər azərbaycanlı yaşayır. ABŞ böyük bir dövlətdi və insanlar harda iş tapırlar köçürlər. Bu ştata da məhz daha çox işlə bağlı köç etmiş insanlar yaşayırlar.Orda miqrasiya sərbəst şəkildədi.

Bizim icmada 50 nəfər təmsil olunur, Men ştatında çoxlu tələbələr təhsil alır ki, onlardan da biri Məhəmməd Hümmətovdu. Bu uşaqlar həm orta məktəblərdə (Anne Haskell congrenwoman Maine State), eyni zamanda da univeristetlərdə oxuyurlar. Demək olar ki, azərbaycanlı tələbələr çox müvəffəqiyyətlə oxuyurlar. Biz icma olaraq onlara həmişə böyük dəstək oluruq, onlara öz qardaşımız, bacımız, balamız kimi münasibət göstəririk. Onlar da öz tərəflərindən bizə dəstəklərini göstərmiş olurlar. Bütün fəaliyyətlərimizdə onlar da yaxından iştirak edirlər. Bundan başqa, onu da qeyd edim ki, Men ştatında Cənubi Azərbaycandan olan 50-60 soydaşlarımız da yaşayır ki, onlarla da böyük əməkdaşlığımız, birgə fəaliyyətimiz mövcuddur. Biz birlikdə olanda doğurdan da böyük qüvvəyə çevrilə bilirik.  Türk icması isə bizim ştatda çox az təmsil olunur. Başqa icmalar da vardır ki, bunlar ərəb icmaları, İraqdan, Kərkükdən gələn türkmənlərdir. Bizim onlarla da gözəl münasibətimiz var. Novruz bayramı münasibəti ilə keçirdiyimiz tədbirlərə onları da dəvət etmişik və bizimlə birlikdə bayramı qeyd ediblər. Ştatda kürd icması da var ki, bunlar İran kürdləridir. Onlarla yaxşı münasibətlərimiz var və çalışırıq ki, bütün icmalarla birlikdə ştatda müəyyən məsələlərlə baglı birgə fəaliyyətimiz olsun. Bizim icmamız təqribi 8-9 il əvvəl fəaliyyətə başlayanda ilkin olaraq qarşımıza qoyduğumuz məqsəd mütəşəkkil şəkildə formalaşmaq olub.

İlkin olaraq düşüncəmizdə olan məqsəd bu idi ki, ciddi bir fəaliyyətlə icma yaransın və xalqımıza, dövlətimizə məxsus milli, dini və mədəni-tarixi bayramlarımızı, dövlət bayramlarımızı burda keçirək və Men ştatının içtimaiyyətini Azərbaycan haqqında ən doğru şəkildə məlumatlandıra bilək. Şükürlər olsun ki, buna nail ola bildik və bu gün ştat ərazisində fəaliyyət göstərən hər bir icma, eyni zamanda ştatın vətəndaşları Azərbaycan haqqında dolğun məlumata malikdirlər. Düzdü, Azərbaycanın harda yerləşdiyini bilməyənlər də olur və bunlarla apardığımız söhbətlərdən sonra ölkəmizi tanımağa, maraqlanmağa başlayırlar. 4 il bundan əvvəl isə artıq mədəni və sosial təbliğatımıza içtimai-siyasi fəaliyyəti də əlavə etdik. Məqsəd ştatın içtimai-siyasi mühitində Azərbaycan haqqında daha dolğun məlumatların çatdırılması idi və buna da nail ola bildik.  Bu işə başlayanda ayrı-ayrı mətbuat orqanlarında müxtəlif səpkili məqalələrin, məlumatların dərc olunması ilə başladıq. Azərbaycanın yerləşdiyi coğrafi məkan, həyata keçirilən siyasət, dövlətin qarşısına qoyduğu məqsədlər, Azərbaycanın işğala məruz qalması, 20-ci əsrin ən qanlı soyqırımı, Xocalı şəhərində Ermənistanın həyata keçirdiyi soyqırım və s. məsələləri özündə ehtiva edən materiallar çap etdirdik. 

- Tərlan müəllim, bu işlərin görülməsi, münasibətlərin qurulması üçün icmanın rəsmi qeydiyyatı da vacibdi. Siz bir icma olaraq rəsmi şəkildə qeydiyyatdan da keçə bilmisinizmi? 

- Yox, hələlik rəsmi qeydiyyatdan keçməmişik və bunun da müxtəlif səbəbləri var. Amma rəsmi qeydiyyatın olmaması bizim istər içtimai-siyasi, istərsə də mədəni fəaliyyətimizə mane olmur. Amma yaxın gələcəkdə icmanın rəsmi qeydiyyata alınması fəaliyyət planımızın əsas prinsiplərindən biridir. Bu məsələdə səmimi deyim ki, müəyyən qədər maliyyə məsələlərinin də rolu var ki, bu məsələni də dostlarımızın dəstəyi ilə aradan qaldıracağımıza əminəm. 

- Dediniz ki, bu gün Men ştatında Güney Azərbaycandan və Türkiyədən olan içmalar var. Bu icmalarla birlikdə güclü bir federasiya yaratmaq və ümumi məqsədlərin daha da güclü şəkildə həyata keçməsinə nail olmaq necə, mümkündürmü? 

- Haqlısınız. Bizim də planlarımız içərisində belə bir federasiyanın yaradılması durur. Faktiki olaraq bu gün Azərbaycan icmasında Güney Azərbaycandan olan soydaşlarımız var ki, onlar təmsil də olunurlar. Amma bunu türk icması ilə bağlı deyə bilməyəcəm. Çünki türk icması sözün əsl mənasında digər ştatlara baxanda çox az təmsil olunur. Bunun da səbəbi türk ailələrin ştatda az olması ilə bağlıdı. Amma biz onları unutmuruq və bütün tədbirlərimizdə dəvət edirik. Güney Azərbaycandan olanlar da daima bizimlə birlikdə işləyirlər. 

- Bayaq qeyd etdiniz ki, ştat ərazisində yayımlanan mətbuat orqanlarında mütəmadi olaraq məqalələrlə çıxış edirsiniz. Bu məqalələr yalnız Azərbaycan haqqında olur, yoxsa ABŞ-da Azərbaycanla bağlı məsələlərə də həsr edilir? 

- Biz istər yerli orqanlarda, istərsə də ABŞ-da Azərbaycanla bağlı məsələlər haqqında da fikirlərimizi ifadə edirik. Misal üçün, ABŞ Senatında, Konqresdə, Dövlət Departamentində hər hansı məsələ Azərbaycanla bağlı səslənirsə, biz icma olaraq fikrimizi mətbuat vasistəsi ilə onlara çatdırırıq. Məsələn, Konqres işğal altındakı Dağlıq Qarabağda mövcud olan separatçı rejimə yardımın ayrılması ilə bağlı məsələni müzakirə edən zaman biz mətbuat vasitəsilə öz etirazımızı bildirdik. Eyni zamanda ştatı təmsil edən konqresmenlərə, senatorlara etiraz məktubu göndərdik.

Bununla yanaşı, qondarma soyqırım məsələsi ilə bağlı dinləmələr zamanı da eyni addımı atdıq və tarixdə türklərin ermənilərə qarşı hər hansı bir soyqırım həyata keçirmədiklərini, əksinə hər zaman başqa qüvvələrin əlində alətə çevrilən ermənilər tərəfindən türklərə və azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyini ifadə edən məqalələrlə çıxış etdik. 

- Tərlan müəllim, Men ştatının qubernatoru, ştatın senator və konqresmenləri ilə münasibətlər hansı səviyyədədir? 

- Mən deyə bilərəm ki, həm federal səviyyədə, eyni zamanda da ştatdan seçilən konqresmenlərlə, senatorlarla çox yaxşı əlaqələrimiz var və onlar Azərbaycan içmasının fəaliyyəti haqqında geniş məlumata malikdirlər. Onlarla daima əlaqədəyik. Mən elə bir yerdə işləyirəm ki, onlarla daima əlaqələr qurmaga imkanlarım var. Həmçinin ştatın özünün konqresi və senatı var ki, onlarla da çox gözəl əlaqələrimiz var. Men ştatında qumernator Paul Le Page təqribi il yarımdır seçilib ki, Men ştatının tarixində ilk dəfədir ki, qubernator Azərbaycanın dövlət müstəqilliyi günü 28 may bayramı ilə bağlı təbrik bəyanatı ilə çıxış etdi.

Həmin gün ştatda Azərbaycan günü kimi qeyd edildi. Eyni zamanda, Portland və Westberook şəhər merləri də eyni addımı atdılar. Onlar da müstəqillik günü ilə bağlı bəyanat verib həmin günü Azərbaycan günü kimi qeyd etdilər. Bu bizim üçün böyük uğur idi. Ştatda Xocalı soyqırımının tanınması ilə bağlı qərarın qəbulu isə bizim üçün böyük qələbə idi. 

 - Dediniz ki, ştatdan olan senatorlarla, konqresmenlerlə yaxşı münasibətə maliksiniz. Bu senator və konqresmenlərin Azərbaycan dostları qrupunda olmaları ilə bağlı hansısa bir fəaliyyətiniz varmı? 

- Bu haqda fikirlərimiz var. Bir məsələni diqqətinizə çatdırım ki, bu il ABŞ-da seçki ilidir və həm konqresə, eyni zamanda da senata seçkilər keçiriləcək.

Çalışacağıq ki, yeni seçilən konqresmenlərlə və senatorlarla bu yöndə fəaliyyətimizi genişləndirək. 

- Seçki demişkən, seçkilərdə təqribi nə qədər azərbaycanlı səsvermə hüququna malikdir? 

- Bu bir qədər az olmağımızla əlaqədardı. Təqribi 20-yə yaxın azərbaycanlı seçkilərdə səsvermə hüququna malikdir. Bununla bərabər, Güney Azərbaycandan olan soydaşlarımız içərisində də səsvermə hüququ olanlar var. Onlarla birlikdə təqribi 50-yə yaxın insan seçkidə iştirak edərək səs verə biləcək. Bizim bir senator var.

O, 30 ildi senatordu və bu il seçkidə iştirak etməyəcək. Yeni bir senator seçildikdən sonra, inşallah, onunla münasibətlərimizi quracağıq. 

- Ştat ərazisində erməni içmasının olmaması mümkün deyil.Onlarla arada olan məsafə və yola getmə imkanlarınız necədi? 

- Ştatda erməni içması uzun illərdi fəaliyyət göstərir və onlar bütün imkanlara malikdirlər. Amma buna baxmayaraq, biz istədiyimiz addımları ata bilirik və hansısa çəkingənliyimiz yoxdu. Azərbaycan günü ilə bağlı hətta şəhər merlərinin birinə təzyiqlər etsələr də, buna nail ola bilməmişlər. Bu gün onların məktəbləri fəaliyyət göstərir.

Bu da uzun illərdi orda məskunlaşmalarının səbəbidi. Bizim də planımızda Men ştatında Azərbaycan məktəbinin açılması dayanır ki, bu planın həyata keçməsində həm dövlətimizin, həm də Heydər Əliyev Fondunun dəstək verəcəyinə əminəm. İndi Bakıdayam və çalışacam ki, keçirdiyim görüşlərdə bu məsələ ilə bağlı fikirlərimi müvafiq qurumlara çatdırım. 

- ABŞ-da Azərbaycanın səfirliyi ilə yanaşı konsulluqları da fəaliyyət göstərməkdədi. Diplomatik qurumlarımızla münasibətləriniz nə yerdədir? 

- Elin Süleymanov ABŞ-da Azərbaycanın yeni səfiridi və gözəl bir diplomatdı. Bizim diplomatik korpusumuzla əlaqələrimiz, münasibətlərimiz yüksək səviyyədə təşkil olunub. Daima diqqət mərkəzində olduğumuzu hiss edirik və çalışırıq ki, bütün məsələlərdə onlarla əlaqəli şəkildə işimizi quraq. Eyni zamanda Los-Ancelesdəki konsulluğumuzla. Hər hansı bir problemlər olanda sağ olsunlar çalışıb onu həll edirlər.

Misal üçün, ABŞ-da Azərbaycan səfirliyinin yaradılmasının 20-illiyi ilə bağlı tədbirlərdə Men ştatından nümayəndələr dəvət olunmuşdu. Onların sırasında ştatda təhsil alan Məhmməd Hümmətov, mən və digər dostlarımız vardı. O tədbirlər çərçivəsində deyərdim ki, çox maraqlı görüşlərimiz oldu. Azərbaycandan gələn millət vəkilləri ilə, hökumət və dövlət rəsmiləri ilə maraqlı fikir mübadiləsi apara bildik. Hətta biz millət vəkillərimizin ştata səfər etmələrini və burda yerli orqanlarla görüşlərinin təşkili məsələsini də müzakirə etdik. Bilirsiniz, Azərbaycandan millət vəkillərimiz gələndə daha çox Vaşinqtonda Nyu-Yorkda olurlar. Amma mərkəzdən kənarda da icmalarımız var, onlarla da görüşlər vacibdi. 

- İcma olaraq xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Diaspor Komitəsi ilə münasibətlər necədi? 

- Bizim əlaqələrimiz var və onlardan da daima müsbət münasibət görmüşük. Misal üçün, ötən il Bakıda keçirilən Azərbaycan qurultayına bir neçə nəfər nümayəndə olaraq dəvət olunmuşduq. Mən də icmanın rəhbəri olaraq həmin nümayəndə heyyətinin tərkibində idim. Diaspora Komitəsi bizim istədiyimiz məlumatları, kitabları, video materialları daima bizə çatdırır. Doğrusu, bu günə kimi keçirdiyimiz tədbirlərlə bağlı komitədən hansısa maliyyə dəstəyi istəməmişik. Amma ümidvaram ki, bundan sonra hər hansı bir böyük tədbirlərimizə dəstək olunacaq. Ən vacib məsələlərdən biri ştatda məktəb açılışı və parkın salınmasıdı ki, bu layihələrin həyata keçirilməsində dəstək mütləq vacibdir. 

- Bayaq dediniz ki, Xocalı soyqırımı ilə bağlı ştatda sənəd qəbul olunub. Bu necə oldu? 

- Bayaq qeyd etdim ki, may ayında Bakıda keçirilən qurultayda iştirak edirdim. Həmin tədbirdə prezident İlham Əliyevin bizə verdiyi tövsiyyələr birbaşa proqram xarakterli olduğundan, həmin proqramın tərkib hissələrindən biri də Azərbaycana qarşı Ermənistan tərəfindən həyata keçirilən soyqırımların dünya dövlətləri tərəfindən tanınması idi. Biz də bu məsələ ilə bağlı Men ştatında ciddi bir addımın atılması üçün fəaliyyətimizi gücləndirdik. Beləliklə də, bu il yanvar ayından başladıq bu məsələ üzərində işləməyə. İlkin olaraq ştatın senatorlarından biri ilə görüşdüm və ona Xocalıda insanlara qarşı törədilən bu soyqırım haqqında geniş məlumatlar verdim, video materillar təqdim etdim. Eyni zamanda ona izah etdim ki, mənim xanımım əslən Şuşa şəhərindəndir və birbaşa bu təcavüzə məruz qalan insanlardan biriyik. Bu görüşdən sonra ona təqdim etdiyim kitabları oxuyub,video materalları seyr etdikdən sonra, digər bir senatorla birlikdə sənədi hazırlayaraq Konqresə təqdim etmişdi. O bizimlə görüşəndə vurğuladı ki, 20-ci əsrin sonunda dünyanın bir hissəsində belə bir qətliamın baş verməsi onu dəhşətə gətirib. Beləliklə də, hər iki senatorun birgə hazırladığı sənəd Senatın aşağı palatasında qəbul edildi. Sənədin qəbulu ilə bağlı keçirilən dinləmələrdə mən də iştirak edirdim və sənəd qəbul olan zaman 125 nəfər ayağa qalxdı və əl çaldı. Qəbul olunan sənəd bizə təqdim olundu. 

- Sənədin qəbulundan sonra erməni diasporunun addımları nə oldu? 

- O zaman bizə qarşı hansısa addım atmadılar. Amma sənədin qəbulunda iştirak edənlərə təzyiqlər göstərdilər. 

Bu müsahibədə Men ştatında təhsil alan Məhəmməd Hümmətov da işitirak edirdi və onun da ölkəmizdən kənarda təhsil alan bir azərbaycanlı olaraq mövqeyini öyrəndik. Məhəmməd bildirdi ki, o bu il ştatdakı orta məktəblərdən birində oxuyur və gələn il ali təhsil almaq üçün Mendəki universitetlərin birinə qəbul olmaq üçün imtahan verəcək. Məhəmməd ilkin olaraq ölkəmiz, xalqımız və adət-ənənələrimizin oxudugu məktəbdə necə təblig olundugunu danışdı. 

- İlk olaraq bildirim ki, bu gün Men ştatında təhsil alan azərbaycanlılar həm bilik və bacarıqları ilə, eyni zamanda ölkəmizi təmsil etmə baxımından yüksək intellektual səviyyəyə malik gənclərdirlər. Bizim bu gün qarşımızda bir məqsəd var. Azərbaycanımızı layiqincə təmsil etmək, ən yüksək təhsilə nail olmaq və xalqımızın adət-ənənələri, milli bayramlarımız, dövlətimizin demokratiya və azad cəmiyyət quruculuğu istiqamətində atdığı addmları ətrafımızda olan insanlara yüksək şəkildə çatdırmaqdı. Biz ştatda ola bilsin ki, 50 nəfər yaşaya bilərik. Amma bizim sosial tədbirlərimiz və apardığımız təbliğat on minlərlə insanın gücünə bərabərdi. Çünki, həm Azərbaycan icması, eyni zamanda da tələbələr ilk növbədə insanlarda xalqımız və dövlətimiz haqqında məlumat bazasının daha da artırılmasına adaptasiya olunub. Oxuduğumuz məktəbdə ilk illər ölkəmiz, mədəniyyətimiz və tariximiz haqqında məlumatın az olduğunu gördükdə ilk olaraq şakird və müəllimlər arasında bu vəziyyətin dəyişməsi yönündə addımlar atdıq. Novruz bayramı ilə bağlı keçirdiyimiz tədbirlər, xalqımıza məxsus milli şirniyyatlar, xonçaları gördükdə insanlar yeniliklə qarşılaşdıqlarının fərqinə vardılar. Hətta bir zamanlar Azərbaycanın harda yerləşdiyini bilməyənlər belə bizimlə münasibətlərini istilətməklə, xalqımız və dövlətimiz haqqında məlumatlar əldə etmək istəyirdilər. Bu il Bakıda “Eurovision” mahnı yarışmasının keçirilməsi ilə bu təbliğatımızın əhatə dairəsi bir qədər də genişləndi. Artıq demək olar ki, Azərbaycan deyiləndə hər kəsdə məlumat olduğunun fərqinə varırsan. Məktəbimizdə Azərbaycanı təmsil edən müğənninin səsləndirdiyi mahnı daima oxudulur və bu musiqi məktəblilər tərəfindən yüksək şəkildə qəbul edilir. İnşallah bu yöndə fəaliyyətimizi Azərbaycan icması ilə birlikdə daha da gücləndirib, Men ştatının digər məktəblərində də xalqımız, dövlətimiz, mədəniyyətimizin təbliği yönündə addımlar atacağıq. 

- Məhəmməd, ölkədən kənarda təhsil almaq, özü də okeanın o tayında, çətin deyilmi? 

- Müəyyən çətinliklər olur. Amma bu bizim yüksək təhsil alma mübarizəmizə maneələr yaradacaq qədər deyil. Biz güclü təhsil alaraq yüksək peşəkarlıq qabiliyyətinə malik mütəxəssislər olaraq yalnız ölkəmizə xidmət edə bilərik. Onun üçün də bu kimi məsələlər bizi qorxutmur. 

- Məktəbdə dostların Azərbaycanla bağlı daha çox nələrlə maraqlanırlar? 

- Amerika azad insanların ölkəsidir və burda yaşayan insanlarda dəyişiklik etmək asandı. Biz Azərbaycanımızın Cənubi Qafqazın ən gözəl ölkələrindən biri olduğunu, müxtəlif iqlimlərə malik olduğunu, yüksək mədəniyyətə, sivilizasiyaya malik bir ölkə olduğunu, Şərqdə ilk Demokratik Respublikanın məhz Azərbaycanda qurulduğunu onlara anlatmışıq. Təbii ki, dostlarımız hər dəfə müəyyən suallar verirlər və biz də onları maraqlandıran sahə ilə bağlı sualları cavablandırırıq. 

- Müəllimlər, necə, maraqlanırlarmı? 

- Əlbəttə.Onlar üçün də maraqlı olan məsələlər var. Biz burdan apardığımız, yaxud da Azərbaycan icması tərəfindən təmin edildiyimiz ölkəmizlə bağlı materialları müəllimlərimizə təqdim edirik. Onlarda ölkəmiz haqqında nəsə yaxşı bir fikir formalaşdırdığımıza əminəm. 

- Son olaraq, paylaşmaq istədiyin bir məqam varmı? 

- Təşəkkür edirəm ki, “Vətəninfo.az” internet portalı olaraq Men ştatı və burdakı Azərbaycan icması, orada oxuyan tələbələrlə bağlı bizə yer ayırmısınız. 

Nahid Canbaxışlı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az