Hər gün işə tələsirəm. Yolları addımladıqca bir ananın aglamağını, səsini eşidirəm. Duyduqca gözyaşımı axıdıram. Düşünürəm: “Niyə insana bu qədər qısa ömür yolu verilir ?” Və Bəxtiyar Vahabzadənin bir misrası yadıma düşür:
Üç yüz il boz qarğaya,
On il şahinə düşdü……
Deyirlər hər kəs ölümü öz içində daşıyır. Elmin isə öz içində, ürəyində bir çox arzuları daşıyırdı. Çünki yenicə məzun olmuşdu. Min arzu ilə, diləklə diplom almağını gözləyirdi. Zalım fələk isə ona macal vermədi. Dörd il oxuduğu Akademiyanın ona ərməğan etdiyi diplomu bir dəfə də olsun görə bilmədi. Ona görə ki, məzun olan gündən hərbi xidmətə yollanmışdı. Diplomunu isə 2 ay bundan öncə anası almışdı.. Bu minvalla da anası oğlunun gəlişini gözləyirdi.. Və gözlədiyi gün gəlmədi.. Bir ilin həsrətindən sonra qapıya üçrəngli Azərbaycan bayrağına bükülmüş oğlunun cənazəsi gəldi.
ELMİN İSLAM OĞLU QULİYEV.. 1990-cı il 20 yanvar günü dünyaya göz açdı.. Matəm günü, onlarla insanın şəhid olan bir günü.. Nə bilmək olardı ki, həmin gün bu uşağın ömrünə şəhid ömrü yazılıbmış. Yəni qısa bir ömür yolu.. Elmin isə 22 il bundan xəbərsiz yaşayırmış.. O, 1990-cı ildə Zəngilan rayonun Məlikli kəndində zəhmətkeş, sadə bir ailədə anadan olmuşdu. Elmin hələ körpə yaşlarından ailələrində əmisinin şəhid olduğunu duydu. Əmisi İlham Quliyev 1994-cü ildə Qarabağda gedən döyüşlər zamanı şəhid olmuşdu. Bununla da Elmin öz ailəsində vətənə olan məhəbbətin gücünü , bütövlüyünü görmüşdü. Bu addımlarla da düşmənə nifrət, vətənə məhəbbət hisləri onun qəlbində uşaqlıq yaşlarından formalaşmışdı.
Elmin 2007 –ci ildə orta məktəbi bitirdikdən sonra arzularını reallaşdırmaq üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olur. Bu təhsil ocağına onu idmana olan marağı gətirir. Arzusu idmançı –futbolçu olmaq idi. Arzularla döyünən ürək., bu Elminin ürəyi idi. Vaxtsız gələn ölüm arzularının gerçəkləşməsi üçün ona zaman vermədi. Elmin sanki tanrının onun ailəsinə bəxş edilən bir hədiyyəsi idi. Ailənin doyamadığı övladı idi.
2011-ci ilin iyul ayında Elmin Quliyev böyük ümidlə, sevgilə hərbi xidmətə yollandı. Bir illik əsgər həyatını Ağstafa rayonunda başa vurdu.. Lakin 20 günlük zaman onun ordudan təxris olunmasını gözləmədi. 22 yaşlı bir övladın ailəsinə qovuşmasına imkan vermədi. Ömür bitir, arzu qalır. Bəlkə bu əsgər hansısa bir qıza könül verib getmişdi. Axı, 22 yaş bir ömrün ən gözəl çağıdır.. Zalım fələk, necə qıydı bu əsgərə..
05 iyun 2012-ci il tarixi.. Orduya hərbi xidmətə yola düşən bir əsgərin ömrünün sonuncu səhifəsi idi. Elmin Quliyev çox az ömür sürüb bu həyata, yaxınlarına, doğmalarına vida edirdi. “Amma yaşamaq nə gözəlmiş” deyib gedirdi. “ Ağlama anam, dönməyəcəm daha.. Məni xatırladıqca rəsmimə bax. Həsrətim artacaq sənə, ay ana” misraları ilə son mənzilə yollanırdı Elmin.. Vaxtsız məzara doğru addımlayırdı. Bundan sonra onun şəkli bir məzarın susmuş divarından boylanacaq. İndi anası Validə xanım acısını, həsrətini Elminlə bərabər dəfn edə bilmirdi. Qeyd edim ki, həmin gündən onun anası evdən bayıra çıxmır. Sanki oğlunun ruhu ilə yaşayır. Elə bil anasının bütün gücü, ümidləri oğlu ilə gedib. Elə bil Elmin gedişilə anasının fiziki gücünü də aldı apardı..
Elmin 22 yaşlı bir gənc idi.. Bir il idi ki, hərbi xidmətdə qulluq edirdi.. Bir il idi ki , o, anasını-atasını özləyirdi. Darıxmışdı onlar üçün, qardaşı Cavanşir üçün. Çünki Elmin hərbi xidmətə yollanarkən qardaşı da əsgər idi. Bu iki qardaş bir-birilərini iki il olardı ki, görə bilmirdi.
Əsgər Elmin Quliyev., sən çox az bir ömür sürüb getdin.. Sən birdən-birə ölüm mələyinin çöhrəsi ilə üz- üzə gəldin. Sən əsgər olalı 340 gün oldu.. 20-25 gün də yaşasaydın., bəlkə də ölüm səni tapa bilməzdi. 20 gün də yaşasaydın ailən səni ölümün qucağından alacaq idi.. Amma sən başqa bir yolla addımladın. Səni yaddaşa aparan bir yol ilə..
Elmin 22 illik qısa ömrü ilə haqq dünyasına qovuşdu. Çünki əsgər adı və gözəl əməllərilə bu insan haqq yolunun yolçusu idi. O, özü boyda bir sevinci, bir ailənin xoşbəxtliyini apardı.
Bu gün yaxınlarının, doğmalarının narahat qəlbində bircə dua dolaşmaqdadır: “Nur içində yatasan, Elmin” .
Sənin ömür yolun bura qədərmiş, əskər.. Səni uşaqlıqdan tanıdım deyə yazdıgım yazı mənim qəlbimi sızlatdı.
Təranə Şükürova, filologiya üzrə fəlsəfə doktoru,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti