Paniranist tarixçi Həsən Pirniya XX əsrin əvvəllərində yazır: “...Biz dedik Azərbaycan İranın ayrılmaz hissəsidir... o Azərbaycan ki, özünü həmişə İranın qüvvətli və sağ əli hesab etmiş; o Azərbaycan ki, İranın istiqlaliyyətinin zamini olmuş, onun sərhədlərinin və xalqın mənafeyini müdafiə etmək üçün öz canını belə əsirgəməmişdir.
İranın üç min illik tarixi Azərbaycanı İranla elə birləşdirmişdir ki, heç bir qüvvə onu ayırmağa qadir deyildir. Digər tərəfdən Azərbaycan İrandan ayrılarsa, nəinki yaşaya bilməz, bəlkə gec-tez bu və yaxud başqasının təsiri altına düşə bilər...”
Bu alim İranın ən görkəmli tarixçilərindən biri olub və yazdığı bütün əsərlərində tarixi faktları təhrif edərək sübut etməyə səy göstərib ki, Azərbaycan daima İranın ayrılmaz hissəsi olub. Halbuki Azərbaycan Səfəvi hakimiyyəti illərində nəinki müstəqil olmuş və hətta bütün İranı idarə edə bilmişdir. Lakin şübhəsiz ki, istər İranın keçmişini və istərsə müasir tarixini inkar etməyib və etmək fikrində də deyildir. Ermənilər barəsində isə Həsən Pirniya özünün «İran-e Bastani və ya Tarix-e müfəssəl-e İran-e qədim» əsərində yazır: «Ermənistan dünyanın mərkəzi olmaqla, bu ölkədən dörd böyük çay, o cümlədən Fərat, Dəclə, Kür və Araz çayları axırmış. Yer üzünün behişti olan Ermənistan Nuhun tufanından sonra insan cəmiyyətinin ikinci beşiyi olmuşdur». Digər İran tarixçisi Əli Rəzmara yazır: «Azərbaycan bütün dövrlərdə qədimdən son əsrlər qədər İran dövlətinin yadlarla düşmənçilik nəticəsində apardığı müharibələrin və mübarizələrin meydanı olmuşdur və olacaqdır” .
Ermənilərə hüdudsuz simpatiyaları olan bu tarixçilərin yazılarını oxuyaraq öz-özünə fikirləşirsən: Görəsən nəyə görə?..
Bu qədər kin-küdurətin köklü səbəblərini araşdırmağa çalışaq.
İran alimi Səid Nəifisiyə görə qədim Azərbaycanın (Atropatenanın) Atropatena sülaləsinin hökmranlığı eramızdan əvvəl 228-ci ildə başlanır. Həm iranlıların, həm də ki, ermənilərin qədim azərbaycanlılara ilk paxıllıqları Roma sərkərdəsi Antoninin Misir məlaikəsi Kleopatradan olan oğlu İsgəndərin Atropat şahının bacısı Yutara ilə evlənməsi nəticəsində olub.
Belə deyək ki, qədim Azərbaycanın müstəqil siyasət yürütməsi onların xoşuna gəlmirdi. Təbii ki, günümüzün bu saatına müasir Azərbaycan respublikasının müstəqil siyasət yürütməsi onları «dəli» edir.
1919-cu il mayın 28-də Paris şəhərində Sülh Konfransında Azərbaycan nümayəndə heyətini ABŞ prezidenti V. Vilson qəbul edir. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan respublikasının yaranma tarixi və 1 ildə keçdiyi inkişaf yolundan bəhs olunur. Azərbaycan nümayəndə heyətinin qarşısında duran vəzifələr şərh edilirdi. Həmin vəzifələr Azərbaycan istiqlaliyyətinin tanınması, Azərbaycanın millətlər cəmiyyətinə daxil olunması, ABŞ ilə Azərbaycan respublikası arasında diplomatik münasibətlərin yaradılması və Azərbaycana hərbi kömək göstərilməsindən ibarət idi.
İran dövləti isə bu konfransda gözlənilmədən Azərbaycan Respublikasının bütün ərazisinə qarşı iddia irəli sürür. 1919-cu il 9 avqustda İngilis-İran sazişinin imzalanmasından sonra iranlılar, ümumiyyətlə, konfransın işindən uzaqlaşdırılırlar.
Bununla da, İran tarixçilərinin boş cəfəngiyatlarının əksinə olaraq Azərbaycan xalqı tam müstəqil yaşamağa qadir olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu.
İranda 300 il hakimiyyətdə olmuş azərbaycanlı Qacarlar sülaləsi məhv edildikdən sonra taxta çıxan fars şovinisti Rza Pəhləvi keçmiş SSRİ-nin İrandakı səfiri, milliyyətcə erməni olan Davidyan arasında olduqca məxfi razılaşma əldə edilir. Təsəvvür edin ki, Tehrandakı sovet səfirliyinin əməkdaşlarının 70%-i ermənilərdən ibarət idi. Onlar İranın bir çox mülki və hərbi idarələrinə soxularaq İran Azərbaycanında iqtisadi və ticarət hegemonluğunu öz əllərinə keçirməyə çalışırdılar. Şah Rza Pəhləvi ilə anlaşan Davidyan İranın «Təbriz», «Pərvəriş» qəzetlərini pulla şirnikdirərək türklərə qarşı təbliğatda onlardan istifadə edirdilər.
Hətta Fransanın paytaxtı Parisdə «Droşaq» adlı erməni qəzetini də, əslində Davidyan və Rza Pəhləvi məxfiliklə maliyyələşdirilirdilər.
Rza Pəhləvi Qərb ölkələri ilə, xüsusilə İngiltərə ilə münasibətlərində SSRİ-nin aqressivliyindən bərk narahat olurdu.
Lakin dostu Davidyanın onun bu «çıxılmaz bəla»dan necə qurtarmağını bilsəniz, «havalanmaq» dərəcəsinə çatarsınız.
Belə ki, 1928-ci ilin 23 mayında Davidyan Moskvaya «məxfi» teleqramın göndərir. Teleqramda deyilir ki, şahın fikrincə, ingilislər açıq müharibədə təhlükəli deyillər. Onların aşağı səviyyədə intriqaları təhlükəlidir. İngilislər guya İranda öz siyasətlərini möhkəmlətməyə çalışırlar. Lakin ingilislər sözün əsl mənasında, İranın əsl sahibləridir, hələ ki, şah çalışır ki, yavaş-yavaş müəyyən vasitələrlə onları İrandan uzaqlaşdırsın. Şübhəsiz ki, bütün bunlara vaxt lazımdır. Mən şaha dedim ki, ingilislər İranda öz hərbi strateji mövqelərini ona görə möhkəmlədirlər ki, İrandan SSRİ-yə hücum etsinlər. Şah isə cavab verdi ki, əgər belə bir hadisə olarsa, İran əsgərləri sovet qoşunları ilə çiyin-çiyinə onlara qarşı vuruşacaq. Ümumiyyətlə, şah məni sakitləşdirməyə çalışırdı və ingilisləri söyüşlərə qərq etdi. Mən ona inanıram və s.
Necə də gözəl ssenarili «diplomatiya» ilə bir-birinin çiyninə öhdəliklər qoyan fars və erməni qardaşlığının bariz nümunəsinə əslində «heyran» olmaq lazımdır.
Onların bu incə «diplomatik qardaşlığının» xaç atası Fransa və Qərb dünyasıdır.
Fransa və qərb dünyasının gözləri qabağında Parisdə Rza Pəhləvi ilə Davidyanın birgə maliyyələşdirdiyi «Droşaq» qəzeti görün nə yazır: «Bu iki milləti daima bir xarici düşmən təhdid etmişdir. Müştərək və ümumi bir düşmən; Bu iki millətin həyat işığını keçirməyə səy etmiş və bununla da bu iki milləti birləşdirmişdi. Bu düşmən də türk millətidir». Bütün bu amilləri analiz edərkən görürük ki, nə İranın, nə də ki, Qərb dünyasının «barışdırıcı sülh» danışıqlarına inanmaq olmaz. Necə ki, 1782-ci ildə Birma şahı Bodopaya hakimiyyətə keçən kimi, heç kimə inanmayacaq və sirr verməyəcək. Hətta 30 il hakimiyyəti dövründə iki gecə eyni yerdə yatmadı. Fikrimizcə, bu saat dövlətçiliyimiz üçün «Bodopaya siyasəti»nin alternativi yoxdur.
Qərb dünyasının Ramil Səfərovun Azərbaycana ekstradisiyasına münasibətini bütün xalqımız gördü. Məhz Qərb hüquqşünaslarının ərsəyə gətirdikləri «affekt» vəziyyətdə qətl törətmək, cinayət məsuliyyətindən azad oluna bilər «termini»ni qərb dünyasının özü qəbul etmək istəmir.
Lakin onlara çatmadı ki, Azərbaycan dövlətində diplomatiyanın mahir bilicisi Heydər Əliyev məktəbinin peşəkar varisləri yetişib. Ölkə prezidenti İlham Əliyev «möhürü»nü həm Ramil Səfərov barəsində, həm də Qarabağ məsələsində elə qətiyyətlə vurdu ki, Azərbaycan xalqı yumruq təki birləşdi. Bu yumruqdan enən zərbəni isə Ermənistan mütləq dadacaq.
Bu «möhür»ün işığında Qarabağı artıq rahatlıqla ala-toransız görürük. Bu «qətiyyət möhürü»nü ki, bütün dünya gördü, onda heç bir şübhəmiz qalmadı. Yaxın vaxtlarda, inşallah!..
Adil Əliyev
"Qafqazinfo.az"