Qara siyahılar-müharibə soyuq olurmu?

Qara siyahılar-müharibə soyuq olurmu?

Zahid Oruc

ABŞ və Rusiya arasında növbəti siyasi skandal artıq ortadadır.”Maqnitski qanunu” adı ilə təqdim olunan Konqres təşəbbüsü Obama tərəfindən imzalanmaqla yeni dövrdə iki dövlətin münasibətlərində düyün nöqtəsinə çevrildi.

Sözügedən hüquqi akt Maqnitski soyadlı vəkilin Rusiya həbsxanasında öldürülməsinə cavab reaksiyası kimi meydana gəlib.Təşəbbüsçü rolunda məşhur Hermitage fondu çıxış edib və prosedura görə Nümayəndələr Palatasının imkanı vardı ki,insan hüquqlarına dair beynəlxalq normaları nəzərə alaraq ayrıca bir ölkəni deyil, dünyəvi miqyasda hüquq pozuntularına qarşı addım atsın.Lakin konqresmenlərin hesablaması tamam ayrı kriteriyalara söykənir.Onlar Rusiyada korrupsioner və cinayətkar məmurlardan bu yolla intiqam alacaqlarını düşünür.

“Qara siyahı”ların tərtibi ilə kimin statusu artır və gözlənildiyi kimi,həqiqətən də bunun bir faydası olacaqmı? İlk baxışda belə təəssürat yaranır ki,rus oliqarxlar kapitallarını xərclədiyi və ya saxladığı Amerika məkanından qovulacaqlar,yaxud qanunun tələbi ilə onlara viza və maliyyə sanksiyası tətbiq ediləcək.Lakin belə tez nəticə çıxarmağa dəyməz.Çünki sovet qaydası ilə düşməni müəyyənləşdirmək vəzifəsi qeyri-hökumət təşkilatlarına tapşırılır və prosesdə şəffaflıq, kollegiallıq,məhkəmə qərarı təmin olunmur.Elə isə,kim zəmanət verir ki,siyasi cəhətdən arzuolunmaz şəxsləri bu yolla zərərsizləşdirməyə cəhd olunmayacaq? Yəni,antiAmerika profilli vəzifəlilərin bəribaşdan azadlığına və dünyagörüşünə elə çərçivə çəkilir ki,Avropaya getməyi könlündən keçirən hər kəs gərək Qərbə qarşı çıxış etməsin. Belə məntiqi hökmü ona görə çıxardıq ki,başqa dövlətlər də buna qoşulacaqlar.Artıq Avroparlament qanuna dəstəyini ifadə edib.

Putin demokratiyası bundan itirəcəkmi? Qətiyyən,yox.Onun komandası artıq elə küncə sıxılır ki,sanki rəhbərlərindən və sistemdaxili şərtlərdən daha çox asılı olacaqlar. İdarəetmənin bəlli şərtlərinə görə,hər hansı bürokrat müxalifətə çevrilməklə siyahılardan qurtulmağa çalışsa, nəticədə Rusiyanın qapıları onların üzünə bağlanacaq.Lujkov,Berezovski misalı buna bariz nümunədir.

Lakin Avropa rusun qanuni pulunu görübmü? Xaricdə xərclənən milyardların mənşəyi indiyədək araşdırılmayıb.Abramoviçin Britaniya futbol klubuna xərclədiyi vəsaitləri geriyə, rus kəndlisinəmi qaytaracaqlar? Yoxsa,oğurluq da bir kateqoriya kimi “bizimkilər” və “yadlar” təsnifatına bölünür?

Rusiyanın cavab reaksiyasını təxmin etmək o qədər də çətin deyil.Əfqanıstan və İrakdakı əməkdaşlığı dayandırmaqla hədələmək,terrora qarşı koalisiyadan çıxmaqla qorxutmaq və nüvə təhlükəsizliyi sahəsindəki təşəbbüslərə zərbə vurmaqla Putin komandası özünü qoruma tədbirlərinə keçəcək.Nəticədə beynəlxalq gərginliyin artması ilə “yenidən yüklənmə” proqramlarına ehtiyac yaranacaq.Əsla inandırıcı deyil ki,insan haqları problemi iki aparıcı güc mərkəzini toqquşmaya məcbur etsin.

Obama prezident Medvedevə açıq mikrofonda nə pıçıldamışdı? “Qoy seçkilər bitsin,hava hücumundan müdafiə sistemlərində sizinlə razılaşacağıq”.Yəni,mühüm siyasi qərarların əldə olunması üçün “qara siyahı” bir təzyiq alətidir.

Keçmiş sovet tarixinə bələd olanlar Cekson-Venik düzəlişini yaxşı xatırlayır. Yəhudilərin emiqrasiyasından başlayan sərt qanuni sanksiyalar sonrakı dövrdə iki sistem arasında ideoloji savaşın əsas predmetinə çevrildi.Bütün azad düşünənləri və dissidentləri himayə etməyi qarşısına məqsəd qoyan qanun Qərbin dəmir pərdəsini yaratdı.İndi oxşar təşəbbüslər soyuq müharibəyə qayıdış təsəvvürünü yaradır.Lakin müharibənin qaynar olduğunu bilənlər sadə bir suala cavab axtarır:Rusiyanın burada itirəcəyi nə var?

Kriminal pullar Avropanı boğaza yığıb? Elə isə diktatorların yüz milyardlarını nə vaxt təntənəli şəkildə məzlum xalqlara qaytardılar?

Ona görə kapitalizm və “çirkli pul anlayışı əski sovet adamında təəccüb yaradır:məgər pul nə vaxt təmiz olub ki?



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az