Mirvari Nəcəf
Bizim kənddə bir qarı var idi: Üzünün büzüşmüş damarlarından bu dünyanın əskimiş-qocamış əhvalatları doğrusu yalanı ilə oxunurdu. Bir dəfə nəzər salmaq kifayət edərdi…
Başqalarının ağrı-acı simvoluna çevrilən qarı,öz aləmininsə kraliçası idi…(Taxt-tacının uzunluğunu isə mən bilmirəm)
Xülasə, gül bayramına hazırlaşırıq. Hər dəfə qarşıdan bayram əhval-ruhiyyəsi öz xoşu ilə gəlib eyvanımızdan içəri özbaşına daxil olanda həmin qarının üzü yadıma düşür.
Fərqli insanlar həmişə yaddaşımın bir parçasına çevrilir. Onun fərqliliyi isə gülməməyində idi.
Gülmək də Allahın möcüzələrindən biridir. İncə gülüş qadının incəliyindən xəbər verir.
Qəhqəhə çəkmək isə, onu yerini-yurdunu səhv salan qadın obrazına çevirir. Bunu milli düşüncəmiz mənə vurğuladır.
Hərdən fikirləşirəm, görünüşündə incəlikdən əsər-əlamət olmayan bu qadın görəsən milliyətinə görə gülmürdü? Bizim qınamağımız var axı…
İnsanlar ağlayanda qınayırıq, ağladanı qınamırıq…Dilənçini qınayırıq…Şikəst dilənçiyə qəpiyi başına dolayıb verənləri isə qınamırıq.
Sürücünü sürətə görə qınayırıq, ondan rüşvət tələb edən yol polisini qınamırıq…Övladını “cami avnusu”na tullayan ananı qınayırıq, səbəbkarı qınamırıq…Ata qatilini qınayırıq, oğulu qatilə çevirən atanı qınamırıq.
Mitinqə övladını aparan valideyni qınayırıq, nə istədiyini bilməyən müxalifət rəhbərini qınamırıq…Bəşər Əsədləri qınayırıq, ona arxa duran dövlətləri qınamırıq… Qorbaçovun dilini dəstəkləyir, Rus dilini bilməyənləri qınayırıq… Qərənfilsiz Şəhidlər Xiyabanını ziyarət edənləri qınayırıq, qərənfil satanları qınamırıq…Bəzən isə gülü tikanına görə qınayırıq…ilaxır…
Yenə də, qarşıdan gül bayramının ətri gəlir. Hər il olduğu kimi demirəm, çünki hər il bu bayrama fərqli şəkildə hazırlaşır xalqımız.
Biz bayramı qapıda qarşılayıb, pəncərədən çölə qovan xalqlardan deyilik çox şükür. Qonaqpərvər olduğumuz qədər də, bayramsevər xalqığ biz!
Bir ona sevinirəm ki, bayram insanların üzünə gülüş, qəlbinə sevinc təravəti gətirəcək. Bu bayram abu-havasını bir müddət unutmasaq da, qınayan və unutqan xalqığ biz!!!