Müsahibimiz “Qorqud” Araşdırmalar Mərkəzinin sədri, ehtiyatda olan zabit Tərlan Eyvazovdur:
- Tərlan bəy, bu gün orduda baş verən əsgər ölümlərinin əsas səbəblərini nədə görürsünüz?
- Bu səbəblər barədə özümün və həmkarlarımın daxil olduğu SEDEP koalisiyasının ekspertləri dəfələrlə rəy verib, açıqlamalar yayıblar. Bunun bir çox səbəbi var. Ən əsas səbəb gənclərin məktəbdən, cəmiyyətdən orduya hazırlıqsız gəlmələdir.
İndiki şəraitdə 18 yaşlı uşaqlar psixoloji cəhətdən bir çox hallarda hərbi xidmətə hazır olmurlar. Sağlamlıq dözümlülük lazımi səviyyədə deyil. Yeni xidmət yaranarkən onun haqqında qəbul edilən qanunla tanış olduqda çox sevindim. Orada demək olar ki, çağırışçıların hazırlığı ilə bağlı bütün məqamlar əksini tapmış, lazımi maliyyə ayrılması dəqiqləşdirilmişdir. Amma əfsuslar olsun ki, bunun nəticəsini görmürük. Əksinə, növbəti bürokratik bir qurum, əsasən insanlara əngəllər yaratmaqla məşğuldur.
Oradan bir arayış almaq müşkülə çevrilib. Bir tərəfədən tarixə baxsaq, bütün rəhbərlər övladlarının hərbi xidmətə getməsindən qürur duyublar. Amma indi bir balaca pulu olan bunu özünə təhqir sayır. Ancaq əsgərin qoruduğu ölkənin var-dövlətini sümürür.
- Bu halların qarşısını almaq üçün təkliflərinizi eşitmək maraqlı olardı.
- Ölüm hallarının qarşısının alınması üçün qanuna (həmin qurum haqqında olan qanun) əməl olunmalı, çağırışçılarla ciddi hazırlıq işləri aparılmalıdır. Siz baxın, əvvələr mövcud olan DOSSAF-ı kimsə bir-biri ilə rəqabəti nəticəsində dağıtdı. Halbuki orda müəyyən qisim gənclərimiz gözəl hərbi hazırlıq keçirdilər. İdman seksiyalarında çağırışçılar üçün xüsusi bölmələr yaradılmalıdır. Televiziyalar şoumenlərdən bir qədər ayrılıb, bu proqramları ərsəyə gətirməlidir. Daha gedib hərbi hissələrdə şıllaq atmalı deyil. Əsas intihar hallarının azalması üçün həm orduya qədərki, həm də xidmətdə xüsusi psixoloqlar ayrılmalı ki, bunlar gənc əsgərlərlə məşğul olsunlar. Bir də bu adam tapşırma məsələsi böyük bir bəlaya çevrilib. Kiminsə uşağı hər şeyi etməlidi, kiminkisə heç nə etməməlidi. Bu da təbii ki əsgərlər arasında olduqca böyük narazılıq və stress yaradır.
- Ümumiyyətlə, bu gün Azərbaycanın döyüş hazırlığını necə dəyərləndirirsiniz?
- Döyuş hazırlığı verilmiş proqram üzrə həyata keçirilir. Bunun üçün xüsusi sənədlər vardır. Amma istər hərbi məktəbi bitirən zabitlərin, istərsə də bəzi çağırışçıların savadı çox zəifdir. Bəzi əsgərlər var ki, ümumən yazıb-oxuya bilmirlər. Belələri ilə nə etmək olar? Bizlər sovet ordusunda rus dilini bilməsək də, tezliklə öyrənirdik. Amma orta savada malik idik deyə, çətinlik az olurdu. Savadı olmayan əsgərə il yarım ərzində müasir silahları necə öyrətmək olar? Ona görə də ortaya çıxan problemləri yalnız orduda axtarmaq yersizdir.
Bir də ki, əsas məsələ islahatların aparılmasıdır. Bunun üçün isə qanunvericilik bazası olmalıdır. Bizdə isə hələ bu barədə düşünən yoxdur. Axı belə bir şəraitdə dağda düşmən qarşısına 18 yaşlı uşağı necə göndərmək olar?
Elnur Eltürk