"Millətin genofonduna təhlükə yaradan təriqətlər çoxdur"

"Millətin genofonduna təhlükə yaradan təriqətlər çoxdur"

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AME) İnsan Hüquqları İnstitutunda “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda beynəlxalq tərkibli respublika konfransı öz işinə başlayıb. Din və etiqad azadlığı məsələlərinin hüquqi, siyasi və ictimai yönlərini beynəlxalq, regional və milli hüquqi sənədlər çərçivəsində dəyərləndirmək məqsədi daşıyan tədbirin təşkilatçıları İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olub.

İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkmlm Aytən Mustafayeva qeyd edib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və s. beynəlxalq sənədlərdə təsbit olunmuş dini etiqad azadlığı hüququna Azərbaycanda da ölkə Konstitusiyası və milli qanunvericiliklə təminat verilib. A.Mustafayevanın sözlərinə görə, digər insan hüquqları kimi, bu hüquq da (Avropa Konvensiyasının 2-ci bəndinin 9-cu maddəsində göstərildiyi kimi) ictimai təhlükəsizliyi və dövlətin maraqlarını təhdid etdiyi təqdirdə məhdudlaşdırıla bilər. O, həmçinin dini təriqətlər və təhlükəsizlik məsələlərindən bəhs edib. Qeyd edib ki, qədim dövrlərdən digər dinlərə loyal münasibət göstərən tolerant dövlət və zəngin tarixə malik Azərbaycanda həm xristianlar, həm yəhudilər, həm də müsəlmanlar sülh və bir-birinə hörmət şəraitində yanaşı yaşayıblar. Bütün əsas dinlər ölkəmizdə mövcud olmaq imkanına malikdirlər, vətəndaşlar öz seçimləri əsasında bunlardan hər hansı birinin tərəfdarı olmaqda, etiqad azadlığı ilə bağlı konstitusiya hüququnu həyata keçirməkdə azaddırlar: «Lakin təəssüflər olsun ki, hazırda bəşəriyyət inkişafın müasir mərhələsində mövcud olan dinlərin parçalanmasına istiqamətlənib, ölkə, cəmiyyət və insan təhlükəsizliyinə ciddi hədə olan destruktiv, radikal dini təriqətlərlə qarşılayır».

A.Mustafayevanın sözlərinə görə, Azərbaycanda yüzlərcə təriqət qeydə alınıb. Onların arasında dinc, zərərsiz təriqətlər mövcud olsa da, millətin genofonduna, ölkəmizin milli maraqlarına və təhlükəsizliyinə ciddi təhlükə təşkil edənləri də az deyil. Maddi imkanlara sahib olan dini təriqətlər təşkilatlara və fərdi şəxslərə humanitar yardım göstərmək adı ilə, əsasən gənclərə arxayın olaraq, öz sıralarına Azərbaycan vətəndaşlarını cəlb etmək üçün aktiv iş görürlər. Natiq qeyd etmişdir ki, bu, Azərbaycanın milli maraqlarına, genofonduna ciddi təhlükədir. Din adı altında bu cür təşkilatların xarici nümayəndələri ölkənin strateji vəziyyətini müəyyən edən proseslər haqqında ictimai-siyasi, iqtisadi, hərbi və digər məlumatları toplamaq imkanı verən strukturlar yaradırlar. Ona görə də, natiqin qeyd etdiyi kimi, milli təhlükəsizlik haqqında Azərbaycan doktrinası destruktiv təriqətçiliyə və xarici missionerlərə milli təhlükəsizliyin maraqlarına potensial təhlükə kimi xüsusi diqqət yetirməlidir. A.Mustafayeva destruktiv və dini törəmələrdən irəli gələn təhlükələri nəzərə alaraq, onların qeydiyyat qaydalarını sərtləşdirməyin və bu qurumların ölkənin gənc nəslinə təsirinin hədə yaradan məqamlarına daha ciddi yanaşmağın zəruriliyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov cəmiyyətin inkişaf meyarı olaraq vicdan azadlığının rolundan danışıb. O, deyib ki, müasir qloballaşan dünyada baş verən mürəkkəb siyasi kataklizmlər, etnik-dini münaqişələr, aqressiv separatçılıq və dini ekstremizm, terrorizm kimi təhdidlər beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi maneə olaraq qalmaqdadır: «Bu baxımdan, dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi, bilavasitə cəmiyyət həyatında vicdan azadlığı meyarlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Hazırkı mərhələdə də dövlətimizin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, eləcə də cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir. Komitə sədrinin fikrincə, məhz buna görə də vətəndaşlarımızın beynəlxalq səviyyədə tanınan fundamental hüquqlarının, xüsusilə də vicdan azadlığının qorunması yüksək səviyyədə təmin edilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxışında bildirib ki, bu gün öz tarixinin silinməz, möhtəşəm səhifələrindən birini yaşayan müstəqil Azərbaycan hər zaman müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. Onun sözlərinə görə, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. A.Paşazadə Azərbaycanda din-dövlət münasibətlərinin sarsılmaz zəmində olduğunu və bu birliyin həmişə dövlətçiliyin möhkəmlənməsinə, vətəndaş həmrəyliyinə və ictimai-siyasi həyatda uğurlara xidmət etdiyini vurğulayıb. Bu gün Azərbaycanda bütün insan hüquq və azadlıqları kimi, dini etiqad azadlığı da yüksək səviyyədə qorunur və buna qanunlarımızla da təminat verilir. 

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeyin, Bakı Dağ Yəhudiləri Dini İcma İdarəsinin sədri Milix Yevdayev Azərbaycanın müxtəlif konfessiyaların dinc yanaşı fəaliyyət göstərdiyi tolerant ölkə olduğunu söyləyərək, burada bütün dinlərə bərabər şərait yaradıldığını qeyd ediblər. Bildirilib ki, dini icmaların dəstəklənməsi dövlət səviyyəsində həyata keçirilir və bu, xalqlarımız arasında uzun əsrlərdən bəri mövcud olan dost və qarşılıqlı anlaşma münasibətlərini daha da möhkəmləndirir.

Konfransın birinci günü plenar sessiyada İnsan Hüquqları İnstitutunun direktoru A.Mustafayevanın “Azərbaycanda dini sektalar və təhlükəsizlik məsələləri”, Türkiyənin Ankara Universitetinin təmsilçisi Həsən S.Vuralın “From islam in the secular republic to protecting human rights under the rule of law” və başqalarının məruzələri dinlənilib. 

Müzakirələr zamanı Azərbaycanda din və etiqad azdlığının hüquqi, siyasi və ictimai aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələlərlə bağlı təklif və mülahizələrini bildiriblər.

Tədbirdə Prezident Administrasiyasının məsul işçiləri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən konfessiyaların və dini icmaların rəhbərləri, aidiyyəti nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. 

Beynəlxalq tərkibli respublika konfransı bu gün öz işini davam etdirəcək.

Firudin



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az