Ərəstun Baxşəliyev: "Qərb gözəl bilir ki, regionda Türkiyəsiz hər hansı bir siyasət sərgiləmək olduqca çətindir, bəlkə də bu, heç mümkün də deyil"
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin elmi işçisi, politoloq Ərəstun Baxşəliyevin "Vətəninfo.az" müsahibəsi
- Ərəstun bəy, sizcə, ABŞ-ın NATO simasında çıxış etməsi, əslində regionda baş verə biləcək müvəqqəti uğursuzluqların məsuliyyətini NATO-nun çiyinlərinə qoymaq üçün olduqca sərfəli məqam deyildimi?
- Təsadüfi deyildir ki, praktikada da NATO çox zaman Amerikanın xarici siyasətinin aləti kimi çıxış etmişdir. Aralıq dənizi dialoqunun inkişafında 1997-ci ilin Madrid görüşü isə növbəti mərhələ oldu. Bu görüş zamanı Aralıq dənizi əməkdaşlığı qrupu yaranır ki, bu da diskussiya və fikir mübadilələri üçün ilk və daimi forum hesab olunurdu. Bura təşkilata üzv dövlətlərin siyasi müşavirləri daxil oldu və bununla yanaşı, NATO-nun Aralıq dənizi ölkələrində nümayəndəliklərinin açılması barədə qərar qəbul olundu. Qed etmək istərdim ki, burada Aralıq dənizi dialoqu ilə Vışeqrad qrupunun NATO-ya daxil olması arasındakı oxşarlıq diqqəti daha çox cəlb edirdi. Təsadüfi deyildir ki, Şərqi Avropada olduğu kimi, partnyorluq münasibətlərinin qurulmasında ilk addım kimi ilkin olaraq əlaqə qrupları yaradılırdı. Polşa, Macarıstan və çexiya məhz bu yolla Şimali Atlantika İttifaqına bütünlüklə inteqrasiya edilmişlər. Bu minvalla oxşar ssenari Şimali Afrika ölkələrində də təkrar oluna bilərdi. Ancaq nədənsə, NATO-nun sabiq baş katibi H.Solana "NATO və Aralıq dənizi regionu" məqaləsində inteqrasiyanın Mərkəzi və Şərqi Avropa ölkələrində sınaqdan keçirilmiş mexanizmlərin kor-koranə təkrarından çəkinməyə çağırış etmişdir. Onun fikrincə, NATO-nun Avropa strukturları etimadın təmin olunmasının elə bir formulunu işləyib hazırlamalı idilər ki, bu formullar Aralıq dənizi regionunda da həyata keçə bilmiş olsun.
Dialoqun inkişafı haqqında, həmçinin Alyansın 1999-cu il Vaşinqton konfransının da mühüm rolu olmuşdur. Belə ki, əgər Madrid görüşündə NATO Şurasının daimi sessiyasında "Aralıq dənizi dialoqu" çərçivəsində siyasi və praktik əməkdaşlığın dərinləşdirilməsi barədə qərar qəbul edilmişdirsə, Vaşinqtondakı görüşdə isə sessiyaya, dialoqun həyata keçirilməsi tədbirlərinə başlamaq həvalə olunmuşdur. Eyni zamanda NATO-ya üzv olan ölkələrlə Aralıq dənizi dialoqu dövlətləri arasında 1997-ci ilin Roma konfransı və 1999-cu ildəki Valensiya konfransı kimi birgə tədbirləri də təqdir edilmişdir. Bu görüşlərdə isə konkret olaraq belə bir ideya səslənmişdir ki, NATO cənubda artan qeyri-sabit duruma Aralıq dənizi regionunun təhlükəsizliyi problemləri kontekstindən yanaşaraq, Avropanın təhlükəsizliyinin təmin olunması nöqteyi-nəzərindən regionda daha fəal və daha aktiv bir rol almalıdır.
NATO-nun 1999-cu ildəki yeni strateji konsepsiyasına düzəlişlərin qəbul edilməsi ilə əlaqədar olaraq Aralıq dənizi dialoquna yeni bir nəfəs gətirilir. Bu, əslində nə idi? Bu o idi ki, burada Alyans ənənəvi üsulundan əl çəkərək, blokun yaranması zamanı müəyyən edilmiş "məsuliyyət zonası"ndan kənarda yerləşən regionların işinə də fəal cəlb olunacağını bəyan edirdi.
Bütün bunlar əslində bir daha onu göstərirdi ki, NATO-nun Cənubi Aralıq dənizi ölkələri ilə öz maraqları kontekstində fəaliyyətini genişləndirəcəyi və ya orada hər hansı bir dəyişiklilər edəcəyi gözlənilən və labüd idi. Təsadüfi deyildir ki, NATO-nun strateji konsepsiyasında maddə 38-də deyilir ki, "Aralıq dənizi regionu Şimali Atlantika İttifaqı üçün xüsusi və mühüm maraq kəsb edir".
Zənnimcə, belə maraqların baş qaldırmasının səbəbləri üzərində ətraflı dayansaq, onda bu siyasətin mahiyyətini də dərk etmək o qədər də çətin olmaz, - deyə fikirləşirəm. Maraqlıdır ki, hazırda, NATO strateqlərinin fikrincə, alyans üçün əsas təhlükəni NATO-nun üzvlərindən birinə hücumdan çox qeyri-sabitliklərin üzə çıxması törədir. Buraya iqtisadi, sosial və siyasi çətinliklər, etnik münaqişələr, ərazi mübahisələri, həyati vacib resursların çatışmazlığı, sabotaj, terror aktları və s. daxildir ki, bütün bu risk amilləri də götürdükdə bu və ya digər dərəcədə həmin regionda mövcuddur. Bütün bunların ən başlıca səbəbi isə İkinci Dünya müharibəsindən sonra bölgədə böyük güclər tərəfindən sərgilənmiş siyasət və onun bu gün üçün doğurmuş olduğu amillərdir. Bunların Qərbi Avropa üçün strateji vacibliyi şəksizdir. Qərbin problemin həllində maraqlı olmasının başlıca səbəbi onunla bağlıdır ki, Cənubi Aralıq dənizi regionu nəqliyyat sarıdan olduqca sərfəli vəziyyətə, o cümlədən xeyli neft və qaz ehtiyatlarına malikdir ki, bu da Avropanın yanacaq-enerji kompleksində vacib rol oynayır. Belə ki, Avropaya nəql olunan neft və təbii qazın ümumi həcminin təxminən 65-70 % faizə qədəri məhz Aralıq dənizi vasitəsilə daşınır və bunun üçün hər gün 3 min gəmidən istifadə olunur. İtaliyanın yanacaq-enerji kompleksində Liviya neftinin və Əlcəzair təbii qazının payı böyükdür. Bundan başqa, Liviya Fransa, Almaniya, İspaniya, Yunanıstan və hətta Böyük Britaniyaya da neft verir. Əlcəzairin əsas müştəriləri isə Belçika, Fransa, Portuqaliya və İspaniyadır. Aralıq dənizinin dibi ilə boru kəmərlərinin salınması ideyasını da unutmamaq lazımdır. Beləliklə, biz bütün bunları sadalayarkən görə bilərik ki, Qərbin Aralıq dənizindən, daha doğrusu, onun sahil dövlətlərindən iqtisadi qarşılıqlı asılılığı nə dərəcədə dərin kök salmışdır. Bunlarla yanaşı, region həm də Qərb üçün demoqrafik vəziyyət kimi parametrlərə görə də potensial qeyri-stabil bölgələr sırasına daxildir.
Bu asılılıqlar kontekstində isə Qərbin hər zaman ehtiyat etdiyi və narazı salınmış müsəlman dünyası ilə münasibətlərinin gərginləşdirməməsi, fikrimcə, mühüm amildir. Qərb gözəl bilir ki, regionda Türkiyəsiz hər hansı bir siyasət sərgiləmək olduqca və olduqca çətindir və ya mən deyərdim ki, bəlkə də bu, heç mümkün də deyil. Ancaq Qərb ehtiyatlanır. Bunun isə səbəbi birmənalı olaraq aydındır.
Türkiyə də əslində olan-bitənlərdən xəbərdardır. Türkiyə, sadəcə, bu gün ərəb dünyasında baş verənlərə seyrçi mövqedə qala bilməz. Türkiyə də əslində bu regionda yeniliklərin olmasını arzulayan bir dövlətdir. Bu dövlət bu yenilikləri təlatümlər yolu ilə deyil, dinc və sakit yolla olmasını daha çox arzulayır.
- Bu siyasət Türkiyəyə nə verəcək? Türkiyə ərəb dünyasının sevgisini, hörmətini qazanmaqla nə əldə edəcək?
- Qeyd edim ki, bir az öncə də söylədiyim kimi, əslində Türkiyə də sözün həqiqi mənasında dəyişiklik görmək istəyir. O istəyir ki, bölgədə pərakəndəlik hökm sürməsin, İslam ölkələri həqiqi bir olsun və bu bölgədə axan qan dursun. Bu belə olmasa, son həddə Türkiyənin özü hədəfə çevrilə bilər. Əslində Türkiyə də bu inqilablarla birgə hərəkət etmək məcburiyyətindədir. Tufan gəlib və hər yeri yıxıb dağıtmaq üzrədir. Və bu tufanın bu və ya digər dərəcədə olması yuxarıda dediklərimdən də aydın olduğu kimi gözlənilirdi də. Hətta deyim ki, Türkiyədə bununla bağlı geri sayım da başlamışdı. Sadəcə, Türkiyə bu tufana, tufanı yaradanın içində olaraq müdaxilə etməsi burada cərəyan edən hadisələrə birbaşa deyil, dolayısı ilə təsir etmək və mövcud qərarlar kontekstində özünə uyğun qərarların alınmasına birmənalı şəkildə imkan yaratmış olur. Yəni bunu bölgədə cərəyan edən hadisələrə şamil etsək, Türkiyə bununla ABŞ-ın və Qərbin bölgə ilə bağlı sərgiləmiş olduğu siyasətə "düzəlişlər edərək" öz nüfuz dairəsini qorumaq və bunu daha da genişləndirmək istəyəcək. Bu, nə qədər ABŞ-ın və Qərbin, o cümlədən İsrailin bölgə ilə bağlı yürütmüş olduqları siyasət mənfi təsir göstərsə belə. Bu tək Türkiyənin deyil, o cümlədən eyni inamı və mənəvi dəyərləri bölüşən ərəb ölkələri üçün də vacib və mühüm amildir. Əgər ərəb ölkələri bölgədə sabitlik, stabillik, inkişaf və ən başlıcası isə hüquqlarının qorunmasını istəyirlərsə, bu "oyunda" Türkiyənin yanında olaraq onunla bərabər hərəkət etmək məcburiyyətindədirlər.
- İsrail-Türkiyə münasibətlərinin sonunu necə görürsünüz? Hadisələr bundan sonra necə cərəyan edəcək?
- Təəssüflə qeyd etmək istəyirəm ki, bunun axırını heç də yaxşı görmürəm. Niyə belə fikirləşirəm? Bildiyiniz kimi, yuxarıda da söylədiyim kimi, ABŞ-ın Yaxın Orta Şərqdə böyük maraqları var və bu maraqları da o, yəni ABŞ daha çox İsrail vasitəsilə gerçəkləşdirməyə can atır. Bu dövləti özünə daha yaxın bilir. Bu dövləti bölgə lideri olaraq görmək istəyir. Və bunun üçün hələ Sovet imperiyasının çöküşündən sonra NATO vasitəsilə Aralıq Dənizi Dialoqu çərçivəsində Yaxın Orta Şərqlə bağlı öz maraqlarını təmin etməyə çalışır. Yəni mən burada türklərin dili ilə desək, Böyük Orta Doğu Projesindən bəhs etmək istəyirəm. Bu proje artıq gerçəkləşdirilməyə başlanılıb. ABŞ bölgədə həqiqətən də öz lehinə dəyişikliklər görmək istəyir. Bəzən bir çox analitik və siyasi şərhçilər Türkiyənin bu proyektdə yer almasını bir xəyanət kimi görürlər. Ancaq qeyd edim ki, mən məsələlərə heç də bu gözlə baxmıram. Bunu yuxarıdakı fikirlərimdə də əsaslandırmağa çalışmışam. Bəli, bu gün Türkiyə bu proyektdə aktiv rol almaq istəyir. Ancaq gəlin görək onunla müttəfiqlik simasında çıxış edən bir çox dövlətlər onu bu proyektin mərkəzində görmək istəyirlərmi? Əsla, yox. Niyə? çünki Türkiyəni gözəl bilirlər. Bir anlıq bunun tərsini fikirləşək. Gəlin görək Türkiyə bu proyektdə yer almasa idi, nələr baş verərdi və bizlər hansı hadisələrin şahidi olardıq? Bu birmənalı olaraq qəbul ediləndir ki, ABŞ bölgə ilə bağlı öz siyasətindən əl götürməyəcək və burada İsrailə daha çox yer ayıracaq. Türkiyə isə bütün bunlarla razı deyil. Türkiyə hər anlamda qarşılıqlı maraqlar kontekstinə üstünlük verir. Bölgədə birisi güclü isə, o, heç kimin maraqlarına zidd hərəkət etməyərək, kimlərinsə haqqına sahib durmamalı, onu tapdalamamalıdır. Buna Türkiyə, türk dövləti olaraq heç zaman yol verməyəsək.
Elnur Eltürk