Ənver Börüsoy
Rusiya imperiya ambisiyasına görə Qafqazı yemləməyə borcludur
Dağıstan, İnquşetiya, Çeçenistan, Kabarda-Balkar və digər Quzey Qafqaz respublikaları faktiki olaraq dotasiya şəraitində yaşayırlar. 2008-2012-ci illərdə modernləşmə və humanitar siyasət adı altında sabiq Rusiya prezidenti Dmitri Medvedev bu regionlarda social-iqtisadi siyasəti dəyişmək üçün bir sıra təşəbbüslər irəli sürsə də, bütün bunlar heç bir nəticə vermədi. Belə ki, Quzey Qafqazda bir yandan yerli idarəetmədə möhkəm mövqelərə malik olan etnoklanlar, digər yandan radikalizmə və terrorizmə geniş meydan verən Qafqaz İslam Xilafəti Hərəkatı Rusiyanın Quzey Qafqaz strategiyasının dəyişməz qalmasına səbəb olmuşdur.
Müstəmləkə sindromu
Son zamanlar Rusiyanın şovinist çevrələri tərəfindən “Yetər Quzey Qafqazı düvlət büdcəsi hesabına yemlədik” şüarları səslənsə də, Kreml ənənəvi siyasətini davam etdirməklə dotasiya strategiyası sayəsində bölgəni tam nəzarətdə saxlamaqda israrlı olduğunu idda etməkdədir. Bütün bunları diddətlə təqib edən bölgədəki respublikaların rəhbərləri də özlərinin şıltaq davranışları ilə Kremlin büdcəsinə şərik çıxmış kimi hərəkət edirlər. Onlar sanki qeyri stabil region siyasətindən məmnun olurmuş psixologiyasını çoxdan mənimsəmişlər. Halbuki, bütün bunların alternativ variantı kimi İkinci Dünya Savaşı modeli daha məqsədə uyğundur. Savaş sonrası, Fransa, İngiltərə, Hollandiya, İspaniya və İtaliya orta çağ siyasətyindən imtina edərək müstəmləkələrin tam azad olması, siyasi kolonial rejimlərin iqtisadi və mədəni baxımdan tamamilə azad olunması üçün şərait yaratdılar. Afrika, Asiya və Güney Amerika ölkələri məhz bundan sonra inkişaf etməyə başladılar. Bu prosesdə elə sabiq imperiya metropoliyaları da istənilən iqtisadi uğurları əldə etdilər. Moskva bu tarixi təcrübədən yararlanmaq əvəzinə, min il öncə mövcud olmuş “Tmutaran Knyazlığı” və ya 1612-ci ildə gündəmə gələn “Rus” dövləti sərhədləri anlayışından möhkəmcə yapışmışdır. İndi Rusiyanın hər yerində dəbdə olan “Rus Marşı”, “Rusiya ruslar üçündür” və “Rus Respublikası” tipli radikal cərəyanlar yürüşlər etməklə digər xalqları öz iradələrinə tabe etdirmək, hər şeyi sadəcə qorxu siyasətinin tabeçiliyində saxlamaq kimi addımlar atılmaqdadır. Elə buna görə də Quzey Qafqaz siyasətinə 10 il bundan öncəkindən daha çox vəsait ayrılır. Faktiki olaraq digər toplumların öz milli mənəvi və dini, coğrafi, etno kulturoloji dəyərlərinə qarşı dərin siyasətlərin aparılmasının da sirri məhz bu amilə söykənir. 19-cu yüzilliyin 60-cı illərində başa çatan Qafqaz Savaşından sonra, Rusiya bir qədər bölgədə loyallaşşma siyasətinə üz tutdu. Ancaq bu taktika da bölgənin tamamilə imperiyanın nəzarətində saxlanılması reseptini iflasa uğratdı. Çünki, bölgədəki xalqların aristokratiyası ilə uzlaşan strateji hədəflər ortaya qoyulmadı. Bütün bunları saf-çürük edən xalqlar partizan savaşını davam etdirməyə məcbur oldular. Rusiyanın monoetnik siyasətinin tərkib hissəsi olan hədəflər yerli xalqların muxtariyyət statuslarına belə ciddi zərbələr vurdu. Keçmiş SSRİ dönəmində də Quzey Qafqaz siyasətinə Moskva Çarlıq Rusiyası dönəmində mövcud olan ənənəni qoruyub saxladı. Bölgə toplumlarına müəyyən mədəni hüquqlar verilsə də, sonradan inquş, çeçen, qaraçay, balkar, noqay, Ahısqa türkləri Orta Asiyaya sürgün olundular. Son 20 ildə də həmin kolonial siyasət bütün gücü ilə davam etdirilməkdədir.
Qafqazda savaş xalısı
Son iki ildə Moskvanın əmlak bazarında mənzil ticarətində ən çox yer alan elanlarda belə qeyd olunur: “Qafqazlı və “Asiyalı” vətəndaşlara mənzil nə satılır, nə də icarəyə verilir. Beləliklə kütləvi şəkildə rusların ictimai düşüncəsində iblisanə tərzdə Qafqaz və Orta Asiya əleyhində aparılan təbliğatlar ictimai, sosial və siyasi xarakterin rənginə bələnməkdədir. Ancaq, Quzey Qafqazın qonşu vilayətləri olaraq Stavropol, Krasnodar və Rostov vilayətlərində durum bir qədər fərqlidir. Belə ki, bu üç vilayətdə əmlak bazarı daha çox Qafqaz əsilli insanların xidmətindədir. Bölgədə yaşayan rus əhalisinin ölkənin digər bölgələrinə, daha dərin içərilərə miqrasiyasının dalğası artdıqca, onlara məxsus torpaq sahələrinin və digər əmlak vasitələrinin əsas alıcısı da məhz Quzey Qafqazlılara məxsus olanlardırlar. İndi faktiki olaraq, Krasnodar, Stavropol və Rostov vilayətlərində yaşayan əhalinin etnik tərkibi qeyri rusların sayəsində daha da artmışdır. Çünki, qafqazlı anlayışı artıq öz identlik xüsusiyyətləri ilə yanaşı, çoxmədəniyyətli proses kimi də başa düşülməkdir. Bu toplumlar bir qədər qafqazlı, bir qədər avropalı və bir qədər də asiyalı xarakterinin mədəni və məişət səviyyəsi həddində uzlaşmış qaydada inkişaf etmişdir. İndi Krasnodar vilayətinin Soçi, Adler, Krım, Tuapse,Din, Beloqli, Abin, Anapa, Apşeron, Armavir, Beloreçnsk, Bryuxovets, Gəlincik, Yeysk, Kanev, Kurqan, Kuşev, Axtar, Sever, Novorossiysk, Labin, Temrük, Timaş, Uspen, eləcə də Stavropol vilayətinin Andropov, Aleksandrovskiy, Apanasenkovskiy, Arzgir, Blaqodarnenskiy, Budennovskiy, İpatovskiy, Qraçevskiy, Georgievskiy, İzobil, Kirov, Qoçubey, Krasnoqvardeysk, Kursk, Levokum, Neftekum, Minvod, Novoaleksandrovskiy şəhər və rayonlarında faktiki olaraq, etnoloji mənada durum tamamilə dəyişmişdir. Bu iki vilayətdə həm demoqrafik baxımdan, həm də bölgədə rus və qafqazlı mənşəyi demək olar ki, bərabər status qazanmışdır. Burada heç antiyəhudi əhval-ruhiyyəsi belə yoxdur. Çünki, dağ yəhudiləri regionda yerli toplum hesab olunurlar.
Bütün bunlara baxmayaraq Moskva və Rusiyanın digər bölgələrində ifrat dərəcədə ortaya atılan antiqafqazlı siyasəti tədricən Stavropol, Krasnodar və Rostov vilayətlərində iki etnoloji dəyərlərə malik olan toplumları üz-üzə qoymaqdadır. Belə ki, Quzey Qafqaz respublikalarında son 20 ildə rus əhalisinin sayının sürətlə azalması, ruslara məxsus təyin olunmuş qonşu vilayətlərdə qafqazlı və ruslar arasında nifaq toxumu nəinki səpilmiş, hətta etnik münaqişələr həddinə qədər çatmışdır. Həmin bölgəlrədə hətta xalq diplomatiyası təşəbbüsləri heç bir nəticə verməmişdir. Yaranmaqda və dərinləşməkdə olan bu münaqişələrdən yayınmaq üçün yerli hakimiyyətlər müxtəlif milli icmaları və diaspor təşkilatlarını da səfərbər edərək bir sıra tədbirləri həyata keçirməyə başlamışlar. Hal-hazırda yaranmış böhranın görünən tərəfi odur ki, milli respublikalarda yaranmış etnik münaqişlər indi qonşu rus vilayətlərinə transfer etmişdir. Rusiyada etnik konfliktləri araşdıran mütəxəssislərin əksriyyəti Moskvanın uzaqgörməyən siyasətini tənqid edərək bildirirlər ki, Boris Yeltsin dönəmindən fərqli olaraq, Vladimir Putinin şovinist çevrələrin daha da aktivləşərək hərəkətə keçməsi elə bu problemlərin dərinləşməsinə dolayı yolla dəstək verməsi tamamilə yalnış addımdır. Qafqaz savaş xalısının milli respublikalarla yanaşı digər vilayətlərə sıçraması heç də yaxşı vədlər vermir. Krasnodar, Stavropol və Rostov vilayətlərində qafqazlıların artıq vahid şəbəkəyə çevrilməsi əslində bu xalının coğrafiyasının genişlənməsi artıq qaçılmaz xarakter daşımaqdadır.
İçkeriyadan imamətə doğru
Çeçen-İçkeriya Respublikasının dönəmində faktiki olaraq, Quzey Qafqaz respublikları daha çox milli dirçəliş siyasətində məhz ÇİR-in uğurlarından örnək götürürdülər. Bu zaman etnik konfliktlər də yox idi. Rusiya ilə kəskin və təzadlı qarşıdurmların əvəzində ortaq uzlaşmalara önəm verilirdi. Ancaq, DTK-nın sabiq məmuru polkovnik Vladimir Putin hakimiyyətə gəldikdən sonra, faktiki olaraq, Quzey Qafqaz regionları tamamilə hərbi polis rejimi ilə idarə olunmaqdadır. Bu da bir tərəfdən dini, digər yandan isə milli münasibətlərlə yanaşı, demokratik təsisatların və insan haqlarının tamamilə nəzarətə alınması deməkdir. Rusiya bütün bunlar azmış kimi, bölgədə hərbi kontingentinin sayını da dəfələrlə artırmışdır. Bütün xalqlar eyni aqibəti yaşamaq zorunda qaldıqları üçün, artıq dini müstəvidə uzlaşan dəyərlər də beləcə önə çıxmağa başlamışdır. Bu Qafqaz İslam Xilafəti Hərəkatıdır. Moskva “Rusiya ilə əbədi olaraq birlikdə” təbliğatları belə indi artıq Quzey Qafqazda ən ironik şəkildə qəbul edilən mövzulardan biridir. 1858-ci ildən gündəmə gətirilən loyal Qafqaz siyasəti sanki, 1758-1858-ci illərdə yaşanan Qafqaz Savaşı tarixinə doğru geriyə dönmüşdür. Həmin dönəmdə yaşanılan Şeyx Şamilin Qafqaz İmaməti Hərəkatına bənzər indi Qafqaz İslam Xilafəti Hərəkatı daha geniş şəkildə yayılmaqda, hətta öz mövqelərini gücləndirməkdədir. Şünki, bu hərəkatın indi heç bir lideri yoxdur. Çağdaş texnologiyaların prinsiplərinə uyğun olaraq sosiallaşma şəbəkəsi daha geniş yayılmışdır. Rusiyanın belə bir prosesin qarşısını almağa isə heç bir gücü qalmamışdır. Quzey Qafqazın hər qarışında rus əsgərinin yerləşdirilməsi sayəsində bunun qarşısını almağa ümid edir. Ardıcıl aparılan antiterror əməliyyatlarının belə heç bir nəticəsi yoxdur. Qafqaz İslam Xilafəti Hərəkatının Qara və Xəzər dənizləri arasında öz iddiasını ortaya bir iradə kimi qoyması əslində Rusiyanın Quzey Qafqaz siyasətinin də iflasını yaxınlaşması kimi də başa düşülməkdədir. Hal-hazırda Quzey Qafqaz regionlarının ağır sosial durumunun inkişafı üzrə irəli sürülən iqtisadi xarakterli təşəbbüslər irəli sürülsə də, heç kəs bu yöndə uğurların necə qazanılacağına inanmır. Bununsadə prnəyi kimi, Kabarda-Balkarda balkar türklərinin tarixi torpaları olan Elbrus, Bezengi, Tırnauz rayonlarından onların yenidən sürgün edilərək, oliqarxların mənfəətləri üçün turizm mərkəzlərinin yaradılması təklifi yeni qanlı münaqişələrə səbəb olacaqdır. Dağıstanın noqay türklərinin yaşadıqları ərazilərin onların əlindən alınaraq tamamilə başqa millətlərə məxsus işadamlarının ixtiyarına verilməsi siyasəti də daha geniş miqyaslı problemlərin artıq təməli olaraq görülür. Əslində Quzey Qafqazda bu gün radikal islam kimi tanınan hərəkat heç də vəhhabizim və ya sələfilik qanunlarına uyğun şəriət hökumətinin qurulması kimi başa düşülmür. Hər bir xalq özünün varlığını qorumaq üçün digər toplumlarla birlikdə hərəkət etməyi düşünür. Qafqaz siyasətində bəlirsizliyin ucbatından Kremlin arapdığı strategiya bölgədə arzu olunmaz xarakterə çevrilməkdədir. İdarə olunan anarxiya strategiyası belə Rusiyanın Quzey Qafqaz siyasətinə sarsıdıcı zərbələr vurmaqda davam edir. Yerli etnoklan mafiyası, Kremlin sərt xarakterli hərbi siyasəti və xalqların ağır sosial-iqtisadi həyat tərzi kimi probemlərin yanında dini xarakterli siyasətində ortaya çıxması Şeyx Şamilin imamət hərəkatının sanki yenidən zühur etməsinə bənzəyir.