Səfir "Yeni Azərbaycan"a cavab verdi

Səfir "Yeni Azərbaycan"a cavab verdi

Almaniyanın Azərbaycandakı səfirliyi hakim Yeni Azərbaycan Partiyasının orqanı olan “Yeni Azərbaycan” qəzetinin 18 aprel tarixli sayında dərc olunan yazıya münasibət bildirib. “Vətəninfo.az”-ın məlumatına görə, açıqlamda bildirir ki, “Yeni Azərbaycan” qəzeti səfirin 15 mart 2012-ci il tarixli məqaləsində toxunduğu mövzulara dair müzakirələr aparmaq dəvətini qəbul etməyib.

Açıqlamada qeyd olunur ki, bunun əvəzində “Yeni Azərbaycan” qəzeti alman siyasi fondlarına qarşı ittihamlar irəli sürməklə qeyri-əminlik və təhlükə iqlimi yaradır. Bununla da acıq müzakirə mədəniyyətinə xələl gətirir.

“Azərbaycanda Almaniyanın yaxşı imicini mətbuat orqanları, televiziya və radio vasitəsilə yayımlanan qaba mənfi fikirlər ilə korlamaq cəhdləri azərbaycanlıların intellekti qarşısında acizdir”, - deyə açıqlamada bildirilir.

Daha sonra həmin açıqlamaya səfir Herbert Quelle'nin martın 15-də yazdığı məqalə əlavə edilib.

Sözügedən məqaləni nəzərinizə çatdırıq.

“Mən Azərbaycanın iqtidar partiyasının mətbuat orqanına Azərbaycan Respublikası və Almaniya Federativ Respublikasının arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünü dəyərləndirmək və müsbət perspektivlərlə əlaqələndirmək üçün verilən imkana görə minnətdaram. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 20 fevral 1992-ci il tarixində Moskvadakı Almaniya Səfirliyinə 154 saylı notasını göndərmişdir. Sözügedən notada xarici işlər nazirliyi Almaniya ilə diplomatik əlaqələrin qurulmasına hazır olduğunu bəyan etmişdir. 

Diplomatik münasibətlər qarşılıqlı anlaşmanın genişləndirilməsi və gücləndirilməsinə töhfə verməli və xalqlar arasında etimada əsaslanan əlaqələrin bünövrəsini qoymalıydırlar. Moskvadakı Almaniya Səfirliyi 18 mart 1992-ci il tarixində Bakıdakı xarici işlər nazirliyinə cavab vermişdir ki, Almaniya 154 saylı notada öz əksini tapmış prinsiplərə müvafiq 20 fevral 1992-ci il tarixində Azərbaycanla diplomatik əlaqələrin qurulması üçün hazırdır. Bu nota mübadiləsi o zamandan etibarən ikitərəfli əlaqələrimizin inkişafına zəmin yaradan mütləq qüvvəyə malik çərçivənin bünövrəsini qoymuşdur.

1992-ci il Azərbaycan üçün prezident dəyişikliyi ilə bərabər ağır müharibə ili idi. Diplomatik münasibətlərin qurulması Xocalı soyqırımına təsadüf etmişdir. Milli Məclisin araşdırmalarına əsasən Xocalı soyqırımı Azərbaycanın dinc əhalisindən 600 nəfərdən çox qurban tələb etmişdir, onların arasında çox sayda qadın və əliyalın uşaqlar var idi. Ötən həftə Berlin şəhərində keçirilmiş anma tədbirində bu hadisənin ağır izlərinin təsirini hələ də müşahidə etmək olardı. 

1992-ci ildə kansler Helmut Kohlun rəhbərliyi altında Xristian Demokrat və Xristian Sosial İttifaqları habelə koalisiya tərəfdaşı Azad Demokratik Partiyadan ibarət federal hökumət 3 oktyabr 1990-cı il tarixində Almaniyanın birləşməsi kimi siyasi uğurdan faydalanırdı. Digər tərəfdən şərqi alman iqtisadiyyatının zəif rəqabət qabiliyyətinə malik olmasına görə iqtisadi problemlər daha da güclü ön plana çıxmışdır. Lakin bu hal federal hökuməti Avropa inteqrasiyası istiqamətində addımlar atmaqdan və 1992-ci ildə Maastix müqaviləsinə əsasən Avroməkanın bünövrəsini qoymuş Avropanın iqtisadi və valyuta ittifaqının təsis olunması yolundan geri döndərmədi. Müstəqil ölkələrimiz arasında rəsmi münasibətlərin qurulmasından etibarən əməkdaşlıq imkanlarının geniş spektri müəyyən edilmişdir: sıx siyasi əlaqələr, iqtisadi əməkdaşlıq və mədəni mübadilə.

1993-cü ildə cənab prezident Heydər Əliyevin “qərbə istiqamətləndirmə” ifadəsi ilə təsvir olunan siyasəti iqtisadi və siyasi bilik və təcrübəyə malik Almaniyaya Azərbaycanın tərəfdaşı kimi özünü doğrultmağa çox saylı imkanlar vermişdir. Almaniyanın Texniki və Maliyyə Əməkdaşlığı üzrə Təşkilatının- GTZ (indi GİZ)- və KfV bankının konsaltinq xidmətləri böyük maraqla qarşılanmışdır. Azərbaycan isə almanqurumları üçün etibarlı tərəfdaş ölkə idi. Etimad ruhunda aparılan siyasi dialoq dövlət başçıları səviyyəsində ikitərəfli münasibətlərə müsbət təsir göstərmişdir. Sonuncu dəfə 2010-cu ilin əvvələrində federal kansler Angela Merkel cənab prezident İlham Əlievlə, 2010-cu ilin iyun ayında isə Almaniyanın xarici işlər naziri cənab Dr. Gido Vestervelle öz həmkarı cənab Elmar Məmmədyarovla görüşmüşdürlər. 

Azərbaycanda “Alman mədəniyyət ili:2009” və Almaniyada eyni tədbirlər silsiləsi kimi müxtəlif mədəni tədbirləri tamaşaçılara ölkələrimizin bədii, təsviri və musiqi incəsənətinin zirvələri ilə tanış olmaq üçün imkan yaratmışdır. Bununla həm alman həm azərbaycan mədəniyyəti ilə maraqlanan insanların sayı artmışdır. Məsələn, mən “Əli və Nino” romanında tolerantliğa dair aparılan müzakirənin təsiri altına düşmüşdüm. Bakıda anadan olmuş dünyanın ən böyük regionlarına səyahət etmiş ziyalının bu məftunedici əsəri bir çox oxucularda şübhəsiz eyni hissləri oyatmışdır, baxmayaraq ki, bu əsər səksən il əvvəl ilk dəfə çap olunmuşdur. Əsəd Bəy və Qurban Səyid ləqəbli müəllif Lev Nussibaum öz vaxtsız ölümünə qədər müəyyən səbəblərə görə yaşayış yerlərini tez-tez dəyişməliydi. „Əli və Nino“ əsəri və Üzeyir Hacıbəyovun 1908-ci ildə Bakıda nümayiş etdirilən islam dünyasının ilk “Leyli və Məcnun” adlı operası ilə bərabər muğam və musiqinin bir çox xıridarları arasında populyar olan caz-muğam Xəzəryanı bölgədə cazibədar və parlaq mədəniyyətin nümunələridir. Əlbəttə azərbaycanlı sənətkarların Qərbi Avropada tanınması avropalı sənətkarların Azərbaycanda tanınmasından daha da çətin baş tutur. Bakının ziyalı təbəqəsi üçün Avropanın klassik musiqisi, ədəbiyyatı və təsviri incəsənəti haqqında ətraflı bilikləri əldə etmək əvəzedilməz idi. XIX-XX-əsrin “neft bumu” incəsənətin Bakıya gətirilməsi ü,ün maddi şərait yaratmışdır.

Almanlar artıq bu zaman xalqlararası anlaşmaya öz fəal töhvələrini vermişdir: çar İkinci Aleksandr tərəfindən 1819-cu ildə ölkəyə(Helenendorf) dəvət olunmuş şvab mühacirləri peşəkar ustalar, şərabçılar, tacirlər və mühəndislər kimi öz bilik və bacarıqları ilə Azərbaycan cəmiyyətinə xidmət etmiş və cəmiyyətə maneəsiz inteqrasiya olunmuşdur. 

Yeddi ildən sonra - 2019-cu ildə- biz ilk alman mühacirlərinin Azərbaycana köçmələrinin 200 illiyini təntənəli şəkildə qeyd edəcəyik!

2010-cu ilin avqust ayında Bakıda alman səfiri kimi xidməti vəzifəyə başladığım vaxtdan etibarən mən azərbaycanlıların böyük qonaqpərvərliyini tərifləməkdən usanmamışam. Bu kəlmələri diplomatik nəzakət nümayiş etdirməyə görə deyil, gəldiyim ilk gündən özümü burada çox xoş hiss edtdiyimə görə deyirəm. Mən müsahibələrimdə hər vaxt vurğulamışam ki, Almaniyanı sevən və Almaniya haqqında heç bir mən-fi fikiri olmayan ölkədə işləmək və yaşamaq necə də xoşdur. Mənim ölkəmə qarşı geniş və dərindən kök salmış müsbət təsurata rəğmən son həftələr laqeyd qala bilməcəyim tək-tək xoşagəlməz notlar səslənməkdədir. Səfir kimi mən ölkələrimiz arasında körpüsalan olmalıyam. Mən əsrlər boyu əsası qoyulmuş bünövrənin üzərində qəfildən buldozerlər işə duşdüyünü görürəmsə susaraq qala bilmərəm.

Mən mümkün səbəbləri araşdırmalı və düzəlişlər təklif etməliyəm. Mən ənənəvi ikitərəfli xoş əlaqələri təhlükə ilə üzləşdirən dağıdıcı qüvvələrə qarşı müqavimət göstərəcəyəm.

Ahəngdarlığın pozulmasının işarətini mən nədə görürəm? Azərbaycan haqqında Almaniyada mövcud təəssüratla başlamaq istərdim: Düsselfdorfda “Eurovision” mahni müsabiqəsində Azərbaycanın qələbəsindən sonra alman mətbuatı ölkənizlə daha çox maraqlanmağa başladı. Mətbuat mövzu axtarışı zamanı Ell və Nikki habelə mədəniyyət və turizm mövzularından çox tez bir zamanda digər ziddiyyətli məzmunlara rast gəldi. ATƏT, Aİ, Avropa Şurasının mövqeləri və həmçinin “amnesty international“ təşkilatının Azərbaycan haqqında illik hesabatı bu mövzulara diqqəti cəlb etdi. Bu qurumların 2011-ci il ərzində siyahıya aldıqları Azərbaycan haqqında əsas tənqidi məqamlar 02 aprel tarixində Bakıda icazəsiz keçirilmiş nümayişlərin iştirakçılarının həbs olunmaqları, Sülh və Demokratiya İnstituttunun yerləşdiyi Leyla Yunusa məxsus evin 11.08-də sökülməsi, Bakının şəhərsalma layihələri çərçivəsində sakinlərin öz mülklərindən məhrum etmə prosesində qeyri-şəffaflığı və toplaşma azadlığının mütəmadi məhdudlaşdırılmasıdır. Həm də Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi cənab dok. Kristof Ştreserin Azərbaycana buraxılmaması rol oynayır. Federal Hökumətin insan haqları üzrə müvəkkili cənab Löninq 2011-ci ildə Azərbaycanda insan haqlarının vəziyyətinə dair üç tənqidi bəyanatla çıxış etmişdir. O avqust ayında Bakıya gəlmişdir. Löninq ictimaiyyətdə həm də çıxış edərək bildirmişdir ki, “Eurovision” mahnı müsabiqəsinin iştirakçıları və qonaqları səhnə arxasına baxıb Azərbaycanda insan haqlarının vəziyyəti haqqında fikir formalaşdırsınlar.

Azərbaycan mətbuatı (“Yeni Azərbaycan”, Bakinskiy Raboçiy, Today.Az) alman mətbuatında olan mənfi çıxışlara Almaniyadakı vəziyyəti və hadisələri geniş tənqid etməklə reaksiya verir və bununla Azərbaycan mətbuatı Almaniyanın Azərbaycan haqqında fikir söyləmək kimi mənəvi haqqını sual altına qoyur. Mən bu ittihamların xırdalığına varıb təkrara yol vermək istəmirəm, lakin hər zaman ciddi müzakirələr üçün hazıram.

Hər bir oxucu mənimlə razı olar ki, digər ölkə ilə bağlı mətbuatın mənfi rəyi əlaqələrin dərinləşdirilməsi və yaxşılaşdırılmasına xidmət etmir, əksinə uçurumları dərinləşdirir. Burada biz nəzərə almalıyıq ki, mətbuat çox nadir hallarda məsələləri uydurur, o əks ,ər hallarda real məsələlərə toxunur. Mən Almaniyada Azərbaycan haqqında mətbuatda ifadə olunan fikirlərin səbəblərini göstərməyə çalışdım. Mən anlayıram ki, bir çox azərbaycanlı üçün ölkələri haqqında yazılan fikirlər mənfi və birtərəfli görsənir, bu hal onlar ı qəzəbləndirir və onlar hesab edirlər ki, son 20 ildə müstəqillik dövründə Azərbaycanın müsbət inkişafı kifayət qədər dəyərləndirilməmişdir. Mən buna görə yaranan pis əhvali-ruhiyyəni başa düşürəm, lakin Berlindəki azərbaycanlı həmkarım kimi mən də alman səfiri olaraq mətbuata təsir göstərə bilmərəm. Mən Almaniya Federal Hökumətinin Azərbaycanda mövcud vəziyyəti işıqlandıran müstəqil və güclü alman KİV-lərini müəyyən istiqamətə yönəltmək imkanının guya mövcud olması haqqında söylənən fikirləri sual altına qoyuram.

Əgər Azərbaycan Hökumətinin yuxarıda göstərilən mətbuat orqanlarına təsir göstərmək imkanı varsa, onda bu imkandan istifadə etsin. 

Gələcək inkişafı mən nədə görürəm? Əminəm ki, alman mətbuatında Azərbaycan haqqında səslənən tənqidlər tezliklə yoxa çıxacaqdır. Niyə? Çünki Azərbaycan Hökuməti bu vəziyyətin həlli yolunu müəyyən etmişdir: bu 2011-ci ilin əvvəlində cənab prezident Əliyev tərəfindən elan edilmiş korrupsiyaya qarşı tədbirlərin həyata keçirilməsindən ibarətdir. 27.05.2011-ci il tarixində Respublika Günü münasibətilə dövlət

başçısının öz çıxışında demokratik dəyərlərin qəbul olunması və hüquqi dövlətçiliyin bərpası haqqında söylədikləri bütün səviyyələrdə ciddi qəbul olur. 27.12.2011-ci il tarixində elan edilmiş insan haqlarına dair proqram həyata keçirilir. Azərbaycan Avropa Şurasının üzvü kimi öz siyasi öhdəliklərini ciddi qəbul edir. Konstitusiya tərəfindən təmin olunan mülkiyyət hüququna ehtiramla yanaşılır və sakinlərin öz mülklərindən məhrum edilməsi kimi tək-tək mübahisəli hallar məhkəmə yolu ilə öz həllini tapır. 

Bunlara əsaslanaraq mən gələcəkdə də bütün var gücümlə alman mətbuatının hazırda diqqət mərkəzində olan Azərbaycanın konkret problemli sahələri iyirmi il bundan öncə qurulmuş ikitərəfli çox gözəl əlaqələrə təsir göstərməməsinə səy göstərəcəyəm. İnanıram ki, məni bu məqsədə nail olmaqda kifayət qədər azərbaycanlı dost dəstəkləyəcəkdir. Mən alman-azərbaycan dostluğunun gələcək inkişafına böyük nikbinliklə baxıram”.

Oral MƏDƏNÇİ



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az