Şeyxülislamın mesajlarının arxasında nə dayanırdı?

Şeyxülislamın mesajlarının arxasında nə dayanırdı?

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin son iki həftə ərzində fəaliyyəti yaddalan olub.

Bununla yanaşı onun Azərbaycanın dini konfessiyalarının rəhbərləri ilə Şuşaya səfəri, Qurban bayramında Təzəpir məscidində namaz zamanı dindarların qarşısında çıxışı müzakirələr doğurdu.

SSRİ zamanından QMİ-yə sədrlik edən A.Paşazadə son 40 il ərzində Azərbaycan müsəlmanlarının dəyişməz lideri kimi qala bilib. Son dərəcə mürəkkəb siyasi təbədüllatlar yaşamış müstəqil Azərbaycanın tarixində Şeyxülislamın parlaq ictimai fiqur kimi keçdiyi təkzibolunmaz səhifələri var. A.Paşazadə xalqın ən çətin günlərində, siyasi böhran dövrlərində arxa planda qalmağa üstünlük verməyib, əksinə haqlı bildiyi prosesin önündə olub.

Bu baxımdan Azərbaycan tarixinin ən ağır səhifəsi olan 20 yanvarla bağlı Şeyxülislamın tutduğu prinsipial mövqe bu günə qədər yaddaşlardadır.

QMİ sədrinin SSRİ-nin Azərbaycanda kütləvi repressiyalara əl atmaq üçün hazırladığı avanturist planlarını ifşa etməsi siyasi tariximizin unudulmaz səhifəsidir. 1990-cı ildə ona Azərbaycanda siyasi hakimiyyəti götürəcəyi təqdirdə sovet ordusunun Bakıya daxil olmayacağını vəd edən SSRİ rəhbərliyinin, DTK-nın bu təklifini rədd edən gənc Şeyxülislam ən mürəkkəb situasiyalarda səhvə yol verməyib, ölkəsinin, xalqının yanında olub. Azərbaycana "islam təməlçiliyi” damğasının vurulmasından xilas edib.

Bu baxımdan QMİ sədrini "siyasi səhv”də günahlandıran bəzi "ekspert”lərin iddiası qeyri-ciddi səslənir.

Sovet işğalına qarşı sərt dirəniş göstərən A.Paşazadə SSRİ rəhbəri Mixail Qorbaçovu ittiham edərək onu qatil adlandırmışdı. Bu, sovet tarixində ilk belə hadisə idi. QMİ sədrinin rəhbərlik etdiyi şəhidlərin milyonluq dəfn mərasimi bütün SSRİ-ni şoka salmışdı.

Şeyxülislam son 40 ildə siyasi demarşları ilə Azərbaycanın siyasi hakimiyyətinin mövqeyinin güclənməsində unikal rol oynayıb. O, müsəlman aləmində məzhəb bölgüsünü rədd edən, vahid islam qardaşlığını təbliğ edən "darul-əhd” prinsipini əsas tutan azsaylı dini rəhbərlərin siyahısındadır.

Məzhəb çəkişmələrində boğulan, luzumsuz mübahisələr yaradan dairələrin qarşısını kəsən QMİ sədri Azərbaycana xaricdən idxal edilən, "saf inanc” təbliğ edən radikal-dini cəryanların boy atmasına imkan verməyib. Azərbaycan prezidenti İlham Əliyevin tolerantlıq və multkulturalizm siyasətinin vacib elementinə çevrilən QMİ ölkədə məzhəblərin qardaşlığının əsas təbliğatçısıdır.

Müsəlman dünyası üçün bu nadir nümunədir.

A.Paşazadənin İrandan tutmuş Səudiyyə Krallığına, Şimali Qafqaza qədər coğrafiyada qazandığı nufuz Azərbaycanın beynəlxalq müstəvidə sözünün eşidilməsinə böyük yardım edir.

İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanla bağlı vahid mövqeyinin formalaşması QMİ sədrinin illərlə apardığı fəaliyyətinin bir örnəyidir. SSRİ zamanında -1991-ci ildə Şeyxin bilavasitə təşəbbüsü ilə Azərbaycanın üzv oldğu İƏT Qarabağ münaqişəsinin bütün dövrü ərzində ölkəmizə dəstək verdi. Ermənistanın bütün cəhdlərinə baxmayaraq bu nufuzlu islam təşkilatı Qarabağın işğal olunduğunu bəyan etdi, Xocalı faciəsini tanıyan ilk beynəlxalq qurum oldu.

44 günlük müharibə zamanı İƏT-in Azərbaycana dəstəyi və Qələbə təbriki Ermənistan üçün tam gözlənilməz idi.

QMİ sədrinin Şimali Qafqaz xalqları içərisində hörməti onun bu region üçün ən qanlı və ağır dönəmdə tutduğu ardıcıl mövqeyi ilə bağlıdır. 90-cı illərdə Çeçenistan müharibəsi zamanı Rusiyanın dinc çeçen xalqına tutduğu divana sərt etiraz edən Şeyxülislam prezident Yeltsinə rəsmi müraciətində çeçen xalqına qarşı soyqırımı dayandırmağı tələb etmişdi. Bu bəyanat Şimali Qafqazda və dünyada böyük rezonans doğurmuşdu. Son dərəcə mürəkkəb dini münasibətlərin mövcud olduğu bu regionda Azərbaycanın dini rəhbərinə qoyulan hörmət ən kritik situasiyalarda problemi həll etməyə kömək edir. Bir neçə il əvvəl Moskvada çeçen və azərbaycanlılar arasında baş vermiş dava hamının yadındadır. Maraqlı dairələrin bu qalmaqalın körükləmə və iki xalq arasında ədavət salmaq cəhdləri QMİ sədrinin Çeçenistan dini rəhbərləri ilə təmasları nəticəsində baş tutmadı. Tərəflər barışıq əldə etdilər və bu günə qədər də heç bir problem yaşanmayıb.

Bu mövqe Qarabağ münaqişəsinin tarixində qırmızı xətlə keçir.

Qarabağla bağlı QMİ sədrinin bu illərdə tutduğu ardıcıl mövqe erməni katolikosu ilə təmaslarda daim özünü göstərib. Rusiya patriarxının vasitəçiliyi ilə keçirilən görüşlər zamanı Şeyxülislam katolikosa "Qarabağ işğal altındadır. Müharibə Azərbaycanın tarixi torpaqlarında gedir” deyərək kilsəni ədavəti körükləməkdə ittiham etmişdi.

QMİ sədri istər xristian, istərsə də müsəlman dünyasında səsi eşidilən din xadimidir. Vatikana səfər edən azsaylı müsəlman din xadimi olaraq QMİ sədri katolik dünyası ilə mehriban əlaqələr qura bilib.

Azərbaycanda səmavi dinlərin birgə fəaliyyəti dünya üçün nadir nümunələrdəndir. Azərbaycanın min illərin tolerant ənənələrinə söykənən mədəniyyətlərarası əməkdaşlıq irsi dinlərarası əməkdaşlıq məcrasında uğurla davam edir. Dünyada çox azsayda ölkə var ki, dini rəhbəri xristian, yəhudi, katolik dini icmalarının başçıları ilə vəhdət təşkil etsin. Dünyanın nufuzlu konfranslarında birgə iştirak edən dini icmalar Azərbaycanın tolerantlıq tablosunun parlaq rənglərini təşkil edir.

O baxımdan QMİ sədrinin fəaliyyətinin izləsək demək olar ki, Şeyxülislam bəyanatlarında, çıxışlarında hansı mesajları verdiyinin fərqindədir.

Şeyxin xütbəsində 44 günlük müharibə zamanı verdikləri dəstəyə görə Türkiyə prezidenti Ərdoğana və İranın ali dini rəhbəri Xamneiyə dindarlar adından təşəkkür etməsinə "ruhani diplomatiyasının” bir elementi kimi baxmaq olar.

A.Paşazadə bu illər ərzində dini lider olaraq fəaliyyətini xalqları, məzhəbləri ayıran yox, birləşdirən məqamlar üzərində qurub.  Qurban bayramı günü Azərbaycanın iki dost və qonşu ölkələrinin rəhbərlərinə təşəkkür etməsi din xadimi olaraq bu vahidliyin bir mesajı idi. Görünür 3-cü ölkənin adını çəkməməsi QMİ sədrinə qarşı belə hucumlara rəvac verib.

Azərbaycan 44 günlük müharibədən qalib kimi çıxaraq regionda son 30 ildə formalaşmış tablonu darmadağın edib. 90-ların daşlaşmış bütün siyasi yanaşmaları sürətlə dağılmaqdadır. Azərbaycan proseslərin məhək daşına çevrilərək qonşu dövlətlərlə yeni paradiqmalara əsaslanan münasibətlər formalaşdırır. Bunu regionda artıq hamı başa düşür: Bakıya edilən reveransların fonunda yeni təşəkkül tapan siyasi platformada gələcək düzənin işartıları aydın görünür.  Azərbaycan bu düzəni quran, onun prioritetlərini müəyyən edən ən vacib indikator-ölkəyə çevrilib.
 
Aydın ABBASOV




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az