Tanınmış parapsixoloq Elşən Məmmədov: “Buta” simvolunun qeyri-etik məkanlarda yerləşdirilməsinin əleyhinəyəm
Buta haqqında qısaca..
Xalqımızın milli xüsusiyyətlərini özündə əks etdirən buta şifahi və yazılı ədəbiyyata bir simvol kimi xarakterizə olunur. Azərbaycanda buta qədimlərdən daha çox xalçaçılıq sənətinə istifadə olunan element kimi xatırlanır. Bu anlaşıyın bünövrədən Orta Asiya və Yaxın Şərq ölkələrində zühur etməsi və parça, metal məmulatlarında, dekorativ və tətbiqi sənətində geniş yayılmasının daha çox şahidi oluruq. Hələ 1935-1936-cı illərdə Bakıda yaradılan zərgərlik fabrikində badamı, paxlava və buta kimi bir çox ənənəvi motivlərdə dekorativ üsulla zərgərlik məmulatları emal edilirdi. Hətta folklor nümunələrimizin bir çoxunda yuxugörmələrlə bağlı bir neçə süjet xətti var. Yuxunun ardınca getmə, yuxuda sevgilisini görmə, yuxuda başına gələcəkləri görmə və s. hadisələr də, fikrimizcə, "buta vermə” anlayışı kimi paralel şəkildə izah edilir. Məhəbbət dastanlarında aşiqə buta verilməsi, yaxud ona dolu qabdan eşq şərbəti içirdilməsi, nağıllarda qəhrəmanın yuxusunun ardınca gedib xöşbəxtliyə qovuşması ilə bağlı hadisələr mücərrəd buta anlayışında birləşir. Buta haqqında deyilənləri əsas götürdükdə bu qənaətə gəlirlər ki, buta verilməsi ümumi və mücərrəddir. Tədqiqatlardan bəlli olur ki, buta dünyada mövcud olan qanunauyğunluqların fərqli bir formada və daha üstün icrası üçün vasitədir. Biz butanı daha çox milli ornament sənətimizin bəzək elementi və ya bəzək forması kimi başa düşürük. Ümumiyyətlə, buta haqqında çox sözlər deyilib, elmi araşdırmalar da aparılıb. İndinin özündə elmi araşdırmalar fonunda buta mövzusu öz aktuallığını saxlayır. Tanınmış parapsixoloq Elşən Məmmədov individual yanaşması ilə butanın "rabitə” vasitəsi olduğuna diqqət çəkir. Elşən Məmmədovu yəqin ki, oxucular bir neçə il əvvəl "Lider”tv-də yayımlanan "Ekstra hiss” verilişindən tanıyırlar. Elə sözün açığı, mən də Elşən Məmmədovu o verilişdən tanıyırdım. Buta haqqında olan tədqiqatı barədə öyrənməkdən ötəri Elşən müəllimlə görüşməli oldum. Çünki əslində sözügedən mövzu mənim də bir jurnalist kimi maraq dayirəmdədir. Bizi səmimi qarşılayan Elşən müəllim buta ilə bağlı araşdırmasını bizimlə elə səmimi bölüşdü.
-Elşən müəllim, bilirsiniz ki, buta mövzusu geniş mövzudur. Onun haqqında çox danışılıb. Açığı, mən də bu mövzu ilə bağlı müəyyən qədər məlumatlıyam. Qısası, mənim bilmədiyim, amma sizin bildiyiniz butadan danışmağınızı istəyirəm?
-Şəxsi araşdırmalarıma əsaslanıb butanı bir başa dinimizə bağlamaq istəyirəm. Faktlara əsaslanıb deyə bilərəm ki, dinimizi nə qədər xirdalasaq, nə qədər açmaq istəsək açılacaq. Mən butanı ərəb hərfi olan "vav” hərfinə bağlamaq istəyirəm. Baxın, buta sözündə "be” hərfindən sonra gələn "u” saiti "vav”dır. Yerinə görə, həm "v” səsi verir, həm də "u” səsi verir. Sözün mənasına gəldikdə belə əlaqələndirirəm: Buta- ərəb dilində "mərbut”, "rabitə” sözünə uyğunlaşan anlayışdır. Əslində, rabitə özü əlaqələndirməkdir. Gəlin görək, kimi-kimlə, nəyi-nə ilə əlaqələndirir buta. Diqqət edək, sözdəki ikinci hərf "vav” hərfi sözarası iki cümlə və iki sözü birləşdirmə missiyasını icra edir. Bu, elə birbaşa özü əlaqəyə işarə edir. Əgər biz cümləni uzatmaq istəyiriksə o halda "vav”dan (red. və-dən) istifadə edirik cümlələr uzanır. Nə qədər söz və ya cümlə istəsək, bu hərfin köməyi ilə bir-birinə calaya bilərik, hətta sonsuzə qədər... Maraq kəsb edən məsələ odur ki, "vav” hərfinin əksi, "vergül” işarəsidir.
-Butanın "vav” hərfi ilə əlaqələndirilməsinə dair hər hansı dəlillər varmı dinimizdə.. Ümumiyyətlə, niyə görə bu hərflə əlaqələndirirsiniz butanı?
-Əvvəlcə onu bildirim ki, dinimizdə bu haqqında heç bir dəlil yoxdur. Baxın, Allahın 99 müqəddəs və pak adlarından 9-u "vav” hərfi ilə başlayır. Mən onları sadalayım: -ƏL-VAHİD, ƏL-VƏHHAB, ƏL-VƏKİL, ƏL-VASİ, ƏL-VALİ, ƏL-VƏDUD, ƏL-VARİS, ƏL-VACİD, ƏL-VİTR.
Burda önəmli olan odur ki, doqquz özü də "vav” hərfinə işarədir. Bunu niyə mən buta ilə əlaqələndirirəm, nəzərə alsaq ki, sözün özü "irtibat”, "əlaqə” mənasını ehtiva edir. Əbcəd hesabında "vav” hərfi 6 rəqəmi ilə hesablanır. Böyük əbcəd hesabı var, kiçik əbcəd hesabı var. Kiçik əbcədhesablamaları İmam Cəfər Sadiqin(ə.s) hesablamalarında özünü büruzə verir. İmam bu hesabı tərtib edib, insanın anasının adı ilə hesab apararaq müəyyən proqnozlar verə bilib. Əbcəd hesabında da "vav” hərfinin hesablama rəqəmi 6-dır. Mən burda hansısa hərfi idillaşdırmaq fikrində deyiləm. Azərbaycan televiziya məkanında ilk dəfə əbcəd hesablı numeralogiya elmi haqqında mən danışmışam. Orada 6 və 9 rəqəmləri butanın tamamlanmağı deməkdir. Ərəb dilində müəyyənlik və qeyri-müəyyənlik anlayışı var. Bu rəqəmlər birlikdə qeyri-müəyyənliyə işarə verir. Qeyr-müəyyənlik özü də sirr deməkdir.
Söhbətimiz zamanı müsahibim bizim üçün bir az da aydın olsun deyə, haşiyə çıxır.
Buta simvolunu biz insanın simasında müşahidə edə bilərik. Diqqət edin, mənim yanaşmama görə, bu simvol qulaqda, burunda, bir sözlə, üzdə də təzahür edib. Hətta insanın daxili orqanlarında da "vav” hərfini və butanı xatırladan nələrsə var. Təsəvvür edin ki, insanın ürəyinin sol və sağ mədəciklərini bir-birindən ayırsaq, buta formasını aldığını görəcəyik. Elə uşağın dünyaya gələnədək ana bətnindəki qalış vəziyyəti butanı xatırladır. İnsan qocalır, beli bükülür, yenə də butaya bənzəyir. Bu o deməkdir ki, Allah imzasını hər yerə atıb.
-Yuxarıda qeyd etdiniz ki, dinimizdə buta ilə bağlı heç bir məlumat verilmir. Başqa dini ayinlərdə və inanclarda bu haqda eşitmisiniz?
-Bilirsiniz, buta ilə bağlı müxtəlif mənbələrdə tədqiqatlara rast gəlinir. Sırf dini ayinlərə gəldikdə, o barədə qarşılaşdığım bir şey olmayıb. Ancaq bir məsələni deyim ki, Hindistanın bəzi regionlarında və Tibetdə müxtəlif inanclı insanlar ibadət zamanı və ya hansısa ayini yerinə yetirərkən uzun səslər çıxarırlar. Qulaq asdıqda elə başa düşürsən ki, insanlar uzun "u” deyə nə isə səsləndirirlər. Onlar bu səsləndirməni "v” ilə başlayırlar. Sonra səsi get-gedə qalınlaşdırırlar. Niyəsini özləri bilər, yəni mən bilmirəm onlar niyə o üsula əl atırlar. Bildiyim budur ki, onlar dərkə doğru gedirlər və müəyyən mərhələdən sonra tərki-dünya olurlar. Ola bilsin ki, bu ayin insan şuruna çatmaya bilər. Hər bir nəslin öz dərrakiyyət səviyyəsi var.
Buta bəzi mənbələrdə ailə, yar, gözəllik, sirr rəmzi mənaları kimi xarakterizə olunur.
-Qurani-Kərimdə "vav” hərfinin müqəddəsliyi haqqında bəhs olunurmu, yəni İslamda bu hərf hansı missiyanı daşıyır?
-Bəli, "vav” hərfi ilə bağlı nələrsə var. Bu hərf başlanğıcı və sonu bir-biri ilə bağlayır. Bunu müqəddəs kitabımız Qurani-Kərimdə də görə bilirik. Bu hərf "əvvəl”lə "axırı” uzlaşdırırsa elə bir növ müqəddəslik anlamı daşıyır. Yəni ki, əvvəl də Allahındır, axır da. Bu, həm də o mənanı kəsb edir ki, insanın başlanğıcı Allahdan olduğu kimi dönüşü də Allahadır. Quranı-Kərimdə deyildiyi kimi, "İnnəlilləhivainnəileyhiraciun” (Bir gün Allah tərəfindən yarananlar bir gün Allaha tərəf qayıdacaqlar).
Elşən müəllim, təşəkkür edirik bizi səmimi qarşıladınız və suallarımızıcavablandırdınız. Son sözünüz?
-Buta haqqında nə qədər danışılsa da, araşdırmalar aparılsa da sonda bizim olan hər şeyə sahib çıxmalıyıq. Deyilənləri nəzərə alaraq butanın qeyri-etik yerlərdə yerləşdirilməsinin əleyhinəyəm.
-Maraqlı müsahibə üçün çox sağ olun.
Ceyhun Alışlı