Tarixçi alim: "Müstəqillik uğrunda savaşlarda din xadimlərimiz daima öndə getmişlər"

Tarixçi alim:
Dilavər Əzimli
Tarixçi alim
Bütöv Azərbaycan Ocaqlarının başkanının ideologiya üzrə müavini

Qarşıdan Qafqaz İslam Ordusunun Bakı şəhərini erməni daşnak və rus işğalçılarından azad etməsinin yüz illiyi gəlir. Bu ordu milləti məhv olmaqdan xilas etdi. Bu ordunun Bakı şəhərinə doğru istiqamətləndirilməsində din xadimləri də böyük rol oynamışdılar. Ümumiyyətlə, müstəqillik uğrunda savaşlarda din xadimlərimiz daima öndə getmişlər. 

O cümlədən Azərbaycan Cümhuriyyətinin elan edilməsi ilə nəticələnən milli dirçəliş, demokratikləşmə, maarifçilik və xeyriyyəçilik hərəkatlarında din xadimləri də fəal iştirak edirdilər. Maarifçilik, elm və savadın təbliği insanlar arasında böyük təsir gücünə malik nüfuzlu şəxsiyyətlər tərəfindən aparılırdı. Çünki maarifçiliyə yönəlmiş xeyriyyə tədbirlərini, elm və biliyin təbliği işini belə şəxslərin köməyi olmadan aparmaq uğursuzluğa məhkum idi. Onu da əlavə edək ki, Azərbaycan Cümhuriyyətinin ərəsəyə gəldiyi dövrdə keçirilən görüşlər daha çox dini  mərkəzlərdə olurdu. Həmin dövrdə dini təyinatlı məkanların əksəriyyəti xalqın məşvərət yerinə çevrilmişdi, din xadimləri isə milli oyanışa dəstək verirdilər. Təzəpir məscidi və İsmailiyyə binası bu qəbildən olan mərkəzlərdən hesab edilirdi. Düşmən Azərbaycan xalqının birliyinin təmin olunmasında Təzəpir məscidinin oynadığı rolu yaxşı bilirdi. Ona görə də mart ayının 31 -də müsəlman əhalisinə qarşı soyqırımına başlayan daşnak-bolşevik birləşmələri XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də milli şüurun oyanmasında, elmi-dini maarifçiliyin təbliğində xüsusi rola malik möhtəşəm memarlıq abidələrindən biri olan "İsmailiyyə” binasını, "Kaspi” qəzetinin redaksiyasını və mətbəəsini, orada yenicə çap olunmuş Qurani-Kərimin 5 min nüsxəsini yandırıb külə döndərdilər.
Cümhuriyyət dönəminə toxunanda o dövrün din xadimləri arasında Təzəpir məscidinin axundu Ağa Əlizadənin fəaliyyətinə xüsusi olaraq toxunmaq lazımdır. Bu fədakar insan çox böyük işlər görmüşdür. O, xüsusi fəallığı və milli təəssübkeşliyi ilə seçilirdi.   Bakı Soveti rəhbərliyi Ağa Əlizadədən Azərbaycan torpaqlarını bolşevik-daşnak qüvvələrindən azad etməyə gələn türk əsgərlərinin hərəkətlərini lənətləyən fətva verməyi tələb edirdi. Hətta şəhər rəhbərliyi məzhəb fərqini şişirdərək Osmanlı əsgərlərinin Bakı şəhərinə daxil olmasını bağışlanmaz bir günah kimi qələmə vermək istəyirdi. Rəhbərliyin hədə-qorxularına baxmayaraq, axund Ağa Əlizadə onların bu tələbini rədd etdi.
Bakını erməni-rus hərbi birliklərindən azad edən qəhrəman Nuru Paşa ilə onun görüşü çox maraqlıdır. Bu görüş iki qardaşın düşmənə qarşı Birliyinin göstəricisidir. Qeyd edək ki, sentyabrın ortalarında Qafqaz İslam Ordusu və onun 29 yaşlı komandanı Nuru Paşa Bakı şəhərini bolşeviklərdən azad etdi. Bakı əhalisinin xahişi ilə Axund Ağa Əlizadə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı sentyabrın 16-da Təzəpir məscidinə dəvət etdi. Nuru Paşa Ağa Əlizadənin müşayiəti ilə minbərə çıxdı. Cəmi üç pillə qalxdı. Minbərin hər iki tərəfində iri qara ələm sancılmışdı. Nuru paşa ələmlərdən birindən yapışaraq təmkinlə nitqini söylədi. Bakı camaatı bu mərasimə heyrətlə baxırdı, məscidin axundu Ağa Əlizadənin təbirincə desək, "Allah-Təala müsəlmanları kafirlərdən xilas etmək üçün osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərmişdi”. Bu hadisə Təzəpir məscidi və onun axundu Ağa Əlizadənin millətin həyatında baş verən bütün siyasi məsələlərdə öncül yerdə durduğunu göstərirdi.
Müstəqillik bütün insanların ümdə arzusu idi. Çar Rusiyası zülmündən daha çox əziyyət çəkən din xadimlərimiz Azərbaycanın müstəqilliyini həsrətlə gözləyirdilər. O zaman Azərbaycan Qafqazın siyasi mərkəzi olmaqla, həm də dini mərkəzi idi. Qafqaz müsəlmanları bütün ümidlə Bakıya baxırdılar. Budur, bu azadlıq əldə olunmuş, Türk-Müsəlman dünyasında ilk olaraq Azərbaycan Cümhuriyyəti qurulmuşdu. Bu mənada,  1919-cu ilin may ayının 28-də Azərbaycan Cümhuriyyətinin qurulmasının bir illiyi ilə münasibəti ilə keçirilən milli bayramda Şeyxülislam Ağa Əlizadə xalqa müraciətində bunları deyirdi: "Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidə və fikrini şövqlə söyləmək və öz iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Müstəqil tədris ocaqlarında, orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-Təalanın buyurduqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişar etdirmək olar”.
Şeyxülislam yaranan gənc Cümhuriyyəti qorumaq üçün Azərbaycan xalqına müraciət edir və bu müstəqilliyin millət üçün bir nemət olduğunu vurğulayırdı. O, 1919-cu il sentyabrın 15-də Çəmbərəkənd qəbiristanlığında Bakının azad olunması uğrunda şəhid olan osmanlı və azərbaycanlı əsgərlərin məzarı önündə tarixi bir nitq söylədi. Bu mərasimdə Azərbaycanın dövlət, hökumət və parlament üzvləri iştirak edirdi. Şeyxülislam Ağa Əlizadə Azərbaycanın istiqlalı yolunda şəhid olanlara Allahdan rəhmət dilədi və Qarabağ cəbhəsinə gedən yüzlərlə əsgəri Quranın altından keçirərək onlara vətəni şərəflə qorumağı dilədi. Milli hökumət 1919-1920-ci illərin 31 mart gününü Milli Qırğın günü kimi qeyd etdi. Şeyxülislamın göstərişi ilə həmin günlərdə Azərbaycanın bütün məscidlərində təziyələr təşkil olundu, ehsanlar verildi.
İkinci müstəqilliyimizin qurulmasında da din xadimləri əvəzsiz rol oynadılar. Təzə Pir məscidi dövlətçilik istiqamətində mərkəzə çevrilmişdi. Biz tez-tez oraya gedirdik. Bu şəraitin yaradılmasında şeyxülislam Şeyx Allahşükür Paşazadə başda olmaqıa, Hacı Sabir Həsənli və digər ruhanilərin böyük rolları vardı. Ydaımdadır, "20 yanvar” qətliamı baş verən dəqiqədən ruhanilərimiz ağır və qorxulu şəraitdə Təzə Pir məscidində cəm oldular. Şəhid olanarı yumağ, kəfənləmək asan məsələ deyildi. Həm də fövqaladə vəziyyət idi. Təzə Pir məscidi bütün Azərbaycanın idarəetmə mərkəzinə çevrilmişdi. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan ruhaniləri öz işlərini layiqincə yerinə yetirdilər. Xalq qırx gün matəm etdi. Bu matəmi Təzə Pir ruhaniləri həyata keçirdi. Şəhidlər xiyabanını bir gün də boş buraxmadılar. "20 yanvar” qətliamı ilə bağlı Şeyx Allahşükür Paşazadənin bəyantı isə o dövr üçün xüsusi əhəmiyyət kəsb edirdi. Şeyx SSRİ rəhbəri qaniçən M.S.Qorbaçovu ittiham etdi, SSRİ qoşunlarını işğalçı qoşunlar adlandırdı. O zaman bu bəyanata qulaq asanlar göz yaşlarını saxlaya bilmirdilər. Bu Azərbaycan ruhanilərinin misilsiz xidməti idi. Bundan sonra dövlətçiliyimizin yenidən bərpasında din xadimləri daha aktiv idilər. Onlardan xeyli sayda cəbhə bölgələrində şəhid oldular. Yadımdadır ki, Qarabağa vuruşa gedən ilk könüllülər dəstəsini, "Şıxov” taqımını Şəhidlər xiyabanında Şeyxülislam Quranı-Kərimin altından keçirərək, onlara Qələbə duasını etdi. Azərbaycan ruhaniləri daima Ümumqafqaz çərçivəsində fəaliyyət göstəriblər. Bunun bariz nümunələrindən biri də vaxtilə Çeçenistana qarşı baş verən birinci müharibədə Azərbaycan Şeyxülislamı çeçenləri müdafiə edən bəyanat verdi və B.Yeltsin hökumətini qan tökməkdən imtinaya çağırdı.
Göründüyü kimi, bütün dövrlərdə din xadimlərimiz dövlət müstəqilliyi uğrunda fədakarlıqlar göstərmiş və xalqa rəhbərlik etmişlər. Bu gün İslam dünyasında azərbaycan ruhaniliyinin öz xüsusi yeri vardır. Azərbaycanda vahid İslam sistemi fəaliyyət göstərir. Kənar müdaxilələr bura daxil ola bilmir. Hesab edirəm ki, bu aparılan uğurlu dini siyasətin nəticəsidir. Bunun bariz nümunəsi "Heydər Əliyev” adını məsciddə qılınan Vəhdət namazıdır. Heç bir İslam dünyasında belə bir nüumunə yoxdur. Bu nümunə Azərbaycan nümunəsidir ki, burada bütün dinlərə dözümlülük vardır!!!
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az