Tarixə bərabər gün

Tarixə bərabər gün

Ön söz əvəzi. Konstitusiya anlayışı latın dilində olan «constitucio» sözündən olub hərfi mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Etimoloji baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır. Dövlətin əsas qanunu kimi müasir anlamda konstitusiyanın meydana gəlməsi burjua dövlətinin yaranması ilə əlaqədardır.İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi 1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları olmuşdur…
   
 ...Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.
    
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanması üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı. Ulu Öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
 
Komissiya  Azərbaycanın milli-mənəvi dəyərləri nəzərə alınmaqla, demokratik ölkələrin təcrübəsi əsəsında "Azərbaycan Respublikasının Konstitusiyası” layihəsini hazırladı. Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi (referendum) ilə qəbul edildi. Referendumda seçicilərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.
    
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə güclü təkan verdi. Konstitusiyada dövlətin müstəqilliyini,suverenliyini və ərazi bütövlüyünü qorumaq,cəmiyyətin demokratikləşdirilməsi və vətəndaş cəmiyyətinin bərqərar olmasına  nail olmaq və s. kimi niyyətlər təsbit olunmuşdu.
   
 ...Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirərək, Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı - respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir.
  
Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.
   
 Əsas Qanunumuzda dilindən,dinindən,irqi mənsubiyyətindən aslı olmayaraq,Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdu.Konstitusiyanın 158 maddəsindən 48-i insan hüquqlarına və onların təminatlarıına həsr edilmişdir.Yeni konstitusiyanın insan və vətəndaş azadlıqlarının, hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi elan etmiş ölkədə aparılan irimiqyaslı islahatlar üçün möhkəm qanunvericilik bazası yaratmağa imkan vermişdir.
    
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub.  2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

...Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin 7 hakimi təyin olundu. İyulun 18-də isə Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı...
 
Milli Konstitusiyamızın qəbul edilməsindən sonrakı dövr ərzində Milli Məclis tərəfindən ölkə həyatının bütün sahələrini əhatə edən, dünya standartlarına cavab verən bir sıra qanunlar qəbul edilmişdir.Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, Avropa Şurasına üzv qəbul olmuşdur.
   
...Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır.

Son söz əvəzi: Zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləmiş və o, demokratik sənəd kimi özünü doğruldub. Konstitusiyanın cəmiyyətdəki əhəmiyyəti onun daşıdığı funksiyalar vasitəsilə reallaşır. Azərbaycan Respublikasının Konstitusiyası  hüquqi, siyasi, ideoloji, sosial-iqtisadi funksiyaları yerinə yetirməklə cəmiyyətin və dövlətin həyatında, ölkənin siyasi, hüquq və iqtisadi-sosial sistemində əvəzedilməz rola malikdir.                                        
 
Hazırladı:
Gülanə SƏDA,
Tarixçi
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az