Tomris Azəridən Diaspor Komitəsinə sərt ittihamlar - Müsahibə

Tomris Azəridən Diaspor Komitəsinə sərt ittihamlar - Müsahibə

"ABŞ-da həyata keçirilən qeyri-peşəkar fəaliyyət bütün Azərbaycan diasporuna zərər gətirir"

Bu yaxınlarda ABŞ dövlət Departamenti Azərbaycana helikopter satılmasına yasaq qoyan qərar qəbul etdi. Bunu da Azərbaycanın silahlanmasını bölgədə təhlükəyə rəvac verəcək addım kimi əsaslandırdı. Bəzi ekspertlərin fikrincə, ABŞ-ın bu addımı atmasında erməni lobbisinin rolu böyükdür. Bu nə qədər həqiqətəuyğundur? Azərbaycan diasporunun ABŞ hökumətinə təsir edəcək gücü nə qədərdir? Ümumiyyətlə, son zamanlar milli maraqların müdafiəsi istiqamətində hansı addımlar atılır? Bu sullara Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri "Vətəninfo.az"a müsahibəsində aydınlıq gətirib.

- Son yeniliklər nədən ibarətdir, ABŞ-da Azərbaycan diasporunun nailiyyətləri varmı?

- Artıq bildiyiniz kimi, Amerika-Azərbaycan Cəmiyyəti (ASA) və Amerika Azərbaycanlıları Şurası (AAC) üzvlərinin birgə səyləri nəticəsində, bu ilin 27 mart tarixində, ABŞ-ın Nyu-York ştatının Senatı J3784-2011 nömrəli qətnaməsi ilə azərbaycanlıların 94 il əvvəl soyqırıma məruz qaldıqlarını tanıyıb.

Bu rəsmi sənədlə, tarixdə ilk dəfə qanunverici orqan, 1918-ci ildə Bolşevik və Erməni İnqilabçı Federasiyası (Daşnak) silahlı dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi qırğını, soyqırımı (genosid) kəlməsi işlədərək verib.

Əlavə olaraq, 2012-ci il 24 fevral tarixində, ASA və AAC-ın aparıcı türk-amerikan diaspor qurumları ilə birgə qurduğu Pax Turcica İnstitutunun səyləri nəticəsində, ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası, Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə HR 1594 qətnamə qəbul edib. Ştatın baş qanunverici orqanında tam səsvermə ilə qəbul edilən bu qətnamədə, dünya praktikasında ilk dəfə, Ermənistan prezidenti Serj Sarqsyanın adı çəkilir və Ermənistan rəhbərliyinin indiyədək Xocalıda həyata keçirdiyi cinayəti tanımadığı vurğulanır. Xocalı haqda eyni mətnli H7880 nömrəli qətnamə, təşkilatımızın fəal üzvü, Zikrət Həsənin səyləri nəticəsində Rod-Aylend ştatının Nümayəndələr Palatasında mart ayında təqdim olunub. Ancaq o ştatda çoxsaylı erməni icmasının əks təzyiqləri nəticəsində gündəmdən çıxarılıb.

Bu ilin may ayında, ASA və AAC-ın birgə səyləri nəticəsində Nyu-York, Nyu-Cersi, Konnektikut, Rod-Aylend və Kaliforniya ştatlarında Azərbaycan Respublika günü qubernatorların və qanunverici orqanların təqdim etdiyi rəsmi sənədlərdə tanınıb, 28 may tarixi bu ştatlarda Azərbaycanlıların Milli Günü elan edilib. Ayrıca, ASA İdarə Heyəti üzvləri, Əzimovlar ailəsinin səyləri nəticəsində, ABŞ-da ilk dəfə bu il 28 may günü Azərbaycan bayrağı Konnektikut ştatının Nümayəndələr Palatasının yerləşdiyi binanın üzərində dalğalanıb. Bunlara əlavə olaraq, yuxarıda qeyd edilən Pax Turcica İnstitutunun fəaliyyətləri nəticəsində, cari ilin ilk 6 ayında müxtəlif ABŞ qanunverici və icraçı hakimiyyət orqanları tərəfindən Azərbaycanın və Türkiyənın xeyrinə 10 rəsmi sənəd qəbul edilib, ABŞ mətbuatında onlarla məqalə çap edilib. Perspektivdə, biz ASA olaraq Azərbaycan həqiqətlərini ABŞ-ın ictimaiyyətinə və siyasi dairələrinə çatdırmaq istiqamətində uğurlu fəaliyyətimizi dəvam etdirəcəyik. Bu ilin payızında, ASA quruluşunun və beləliklə ABŞ Azərbaycan icmasının 55-ci ildönümü münasibətilə universtitetlərdə tədris tədbirləri keçirməyi planlaşdırırıq.

- ABŞ Azərbaycan Evini təmir etdirə bildinizmi?

- Təəssüf ki, ASA təşkilatının ABŞ-da Azərbaycan icmasının ilk və aparıcı qurumu olması faktı, Dövlət Diaspor Komitəsi tərəfindən yetərli şəkildə qiymətləndirilmir.

Son 11 ildə dəfələrlə yazılı və şifahi şəkildə muraciətlərimizə və ölkə prezidentinin verdiyi tapşırıqlara baxmayaraq, 1957-ci ildə Nyu-Cersi ştatında atalarımızın qurduğu ilk ABŞ Azərbaycan Evi hələ də acınacaqlı vəziyyətdədir. Azərbaycanın üçrəngli bayrağı 55 il bundan əvvəl, yəni Azərbaycanda qadağan olduğu zamanlardan belə, ABŞ-da ASA qərargahının üzərində dalğalanıb. Bu bina ABŞ-da Azərbaycan milli kimliyinin bir tarixi abidəsidir, və təəssüf ki, Azərbaycan Diaspor qurumunu bu faktlar heç maraqlandırmır. Artıq təşkilatımızın bəzi yaşlı üzvləri tərəfindən belə bir təkliflər gəlir ki, biz bu binanı yerləşdiyi Nyuark şəhərinə ianə edək. Belə bir qərar versək, ABŞ-dakı ilk Azərbaycan Evinin ondan sonrakı aqibəti artıq şəhər bələdiyyəsinin yurisdiksiyasında olacaq. Bu da çox təəssüfləndirici bir vəziyyətdir.

- Bəzi ekspertlərin fikrincə erməni lobbisinin təzyiqi nəticəsində, ABŞ Konqresi Azərbaycana helikopter satılmasını qadağan etdi. Bu orada Azərbaycan diasporunun zəif olmasından xəbər verirmi?

- Bu qərar sadəcə ABŞ-da erməni diasporunun artıq dərəcədə qüvvətli olduğunu göstərir. ABŞ-a ermənilərin axını yüz il bundan əvvəl başlayıb. Hazırda bu ölkədə 1 milyondan artıq erməni yaşayır və bunların çoxu Kaliforniya, Massaçusets, Miçiqan və Nyu-Cersi ştatlarında kompakt icmalar şəklində məskünlaşıb. Erməni mənsublu vətəndaşlar ABŞ-ın siyasi və ictimai həyatında, tədris, sənaye və hətta əyləncə sahələrinə fəal şəkildə iştirak edir və beləliklə tanınırlar. Buna görə mən konqresdə keçən bu qanunu, birtərəfli şəkildə Azərbaycan diasporunun zəif olmasına bağlamazdım. Əvvəldə qeyd etdiyim kimi, biz az sayda fəalın iştirakı ilə son 4 ay ərzində əvvəl görünməyən nailiyyətləri və qətnamələri əldə etmişik. Azərbaycan insanı bacarıqlı və peşəkardır. Bu ölkədə, bizim "Google" kimi dünyaşöhrətli şirkətdə çalışan peşəkar soydaşlarımız var. ABŞ-da kəşfləri ilə yüz milyonlar arasında ən yüksək adlar qazanan Lütfi Zadə kimi elm xadimlərimiz var. Sadəcə olaraq, o yüz il məsafəsini qısa zamanda fəth etməmiz və erməni diasporunun təsir səviyyəsinə çatmamız üçün bu yöndə ciddi fəaliyyətə ehtiyacımız var.

- Ümumiyyətlə, dünyada Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- İlk öncə söylədiyim kimi sayca azıq. Çox şükür ki, ABŞ-da çoxsaylı türk icması var və bunlarla siyasi və ictimai işlərdə əməkdaşlığımız, fəal azlığı problemimizin müəyyən mənada mənfi təsirini azaldır. ABŞ-da və Avropada Azərbaycan diasporu adlandırdığımız icmanın əksəriyyəti cənubi azərbaycanlılardır. Amma bu soydaşlarımızın maraq dairələri şimaldan gələnlərın maraqlarından fərqlənir. Onları ümummilli diaspor fəaliyyətinə geniş şəkildə cəlb etmək üçün ana dilimizdə tədris proqramlarına və milli tariximizi, musiqimizi və mədəniyyətimizi təbliğ edəcək tədbirlərə böyük ehtiyac var. Bunları həyata keçirmək üçün vəsait və ciddi plan lazımdır. Təəssüf ki, belə planın Azərbaycanda diaspor işləri ilə məşqul olan qurumda, nə də ki, onun təşkil etdiyi tədbirlərdə hazırlandığını görmürəm.

- Nəyə görə belə planlar hazırlanmır?

- Diaspor Komitəsinin ABŞ-da həyata keçirdiyi qeyri-peşəkar fəaliyyəti, tək ASA-ya deyil, ABŞ-da bütün Azərbaycan diasporuna zərər gətirir. Pərakəndə şəkildə müəyyən diaspor qurumlarına ayrılan vəsaitlər, diasporun bölünməsi və təşkilatlararası rəqabətlə nəticələnir. Tanışbazlıq əsasında yalnız müəyyən diaspor fəallarının mükafatlandırılması, bəzi təşkilatların gördüyü əziyyətli işlərin qərəzli şəkildə başqa təşkilatların işi kimi təqdim edilməsi, təcrübəli ABŞ Azərbaycan icma fəallarını ruhdan salmasa da, onlarda məyyusluq hissi yaradır.
Diaspor Komitəsi ilə birlikdə həm könüllü diaspor fəallarının, həm də yerli Azərbaycan diplomatik nümayəndəliklərinin eyni istiqamətdə çalışması zəruridir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az