Tsarukyan ermənilərin İvanişvilisi ola biləcəkmi?

Tsarukyan ermənilərin İvanişvilisi ola biləcəkmi?

Ənvər BÖRÜSOY

Prezidentliyə namizəd axtarışında yaranmış intriqalar İrəvanda bohrana səbəb olub

“Çiçəklənən Ermənustan Partiyası” bütün siyasi partiyalar və xüsusilə də müxalifət düşərgəsi ilə aktiv şəkildə təmaslara keçmişdir. Hakimiyyətdə olan Respublika Partiyası dəfələrlə bu partiya ilə koalisiya təklifində bulunsa da, hələ ki, bütün cəhdləri boşa çıxmışdır. 1998-ci ildən bu yana bölgəni idarə edən hərbi xuntaya bağlı güclərin ən çox qorxduğu isə əhalinin ayağa qalxması, müxalifətin və biznes çevrələrinin bir araya gəlməsi faktorudur. İqtidar bütün gücünü mümkün qədər proseslərin belə bir məcrada inkişaf etməsinə qarşı yönəltmişdir. Ən sərt cəza tədbirlərini belə tətbiq edir. Bir tərəfdən də bölgədə strateji və siyasi baxımdan əsas təsir gücü olan Rusiya və Rusiya Erməniləri Birliyi təşkilatı indiki siyasi şərtlərin öz məcrasından çıxa biləcəyindən qorxurlar. 

Müxalifətin vahid namizədi kim olacaq? 

2013-cü ilin fevral ayında Ermənistanda növbəti prezident seçkiləri keçiriləcəkdir. Artıq erməni cəmiyyətində bütün diqqətlər üç düşərgə üzərində köklənmişdir. Hakimiyyətdə olan Respublika Partiyası və onun lideri indiki president Serj Sərkisyan, öz sıralarında 17 siyasi partiyanı və 23 ictimai təşkilatı birləşdirən, ana müxalifətin lideri, eks prezident Levon Ter-Petrosyan və oliqarxları, işadamlarını və texnokratları öz çevrəsində tədricən birləşdirməkdə olan “Çiçəklənən Ermənistan Partiyası”nın lideri Qaqik Tsarukyan bu prosesdə öndə gedirlər. Faktiki olaraq hakim Respublika Partiyasının əsas təsir gücü inzibati resurslardan ibarətdir. Bu partiyanın cəmiyyətin orta və nə də aşağı təbəqələri arasında belə heç bir nüfuzu yoxdur. Bölgəni daim qorxu siyasəti adı altında idarə edən rejim bu dəfə də öz prinsiplərinə sadiq qalaraq ənənəvi metoddan savayı başqa çıxış yolu ortaya qoymamışdır. Serj Sərkisyan iqtidarının bu gün əsas dayaq və istinad gücü olan Rusiya Erməniləri Birliyi isə Moskvanın bu dəfə beynəlxalq siyasi mühitin hansı şərtləri əsasında hərəkət edəcəyinə uyğun şəkildə iradəsini ortaya qoyağı hədəf seçmişdir. Sirr deyil ki, Rusiya və Qərb dotasiya ilə yaşayan Gürcüstan məsələsində ilk dəfə olaraq ortaq nöqtəni taparaq, Bidzina İvanişvilinin hakimiyyətə gəlməsi, onun çevrəsində birləşmiş işadamlarının bu balaca xristian ölkəsini öz imkanları sayəsində idarə etməsi taktikasını müdafiə etdilər. Bununla da hər il milyardlarla dollar həcmində yardımların boşuna xərclənməməsinə nail oldular. Bu amili təhlil edən erməni siyasi analitikləri də “nədən bizim öz İvanişvilimiz olmasın?” deyə yeni kampaniyaya başlamışlar. Bununla da bütün diqqəti milyader Qaqik Tsarukyana yönəltmişlər. Çünki, Tsarukyan nə Qarabağ savaşında, nə də Ermənistanın özündə hərbi xuntanın cinayətlərində əli qana bulaşmamış lider olaraq qəbul edilmir. İrəvanda, həm də beynəlxalq aləmdə xüsusi siyasi çəkiyə malik olan Levon Ter-Petrosyanla vahid namizədin kimin olması barəsində Tsarukyanın çevrəsinin aktiv şəkildə hərəkətə keçməsi bu prosesin nə zaman tamamlanacağı ehtimalını hələ ki, təsdiq etməmişdir. Petrosyan və onun çevrəsi isə Qafqazla bağlı beynəlxalq səviyyədə hansı qərarların verilməsi və iradənin irəli sürülməsi faktını indiki məqamda analiz etmək üçün səfərbər olunmuşlar. Əksər erməni analitikləri qeyd edirlər ki, müxalifətin vahid namizəd ətrafında birləşmək qərarı Milad Bayarmından sonraya qalmışdır. İndiki məqamda Tsarukyan və Petrosyan öz tərəfdarlarını sosial gücə çevirməklə məşğuldurlar. Hal-hazırda Sərkisyan iqtidarı mümkün qədər Tsarukyan və Petrosyan tərəfdarları arasında intiriqların yaranması və bu prosesin dərinləşməsi üzrə fitnə-fəsad taktikasından isrifadə etməklə çabalamaqdadır. 

Levon Ter-Petrosyan modeli

Ana Müxalifətin lideri olaraq Levon Ter-Petrosyan Ermənistanın mövcudluğunu qoruyub saxlaya bilməsi üçün hakimiyyətin hüquqi müstəvidə bölüşdürülməsi strategiyasını irəli sürmüşdür. Buraya parlamentin, hökumətin və prezidentin hüquqlarına baxılması və bir daha qanuni hakimiyyətin silah gücünə devrilməməsi şərtləri daxildir. Onun lideri olduğu Erməni Milli Konqresinin rəsmi sözçüsü Levon Zurabyan Tsarukyanın komandası ilə təmaslarda bu barədə müvafiq sənədləri ortaya qoymaqla hər iki tərəfin memorandum imzalamasını istəmişdir. Petrosyanın hakimiyyətin hüquqi statusla bölüşdürülməsi kimi təklifinə qarşı ilk sərt mövqe Daşnaksütyun Partiyası tərəfindən ortaya çıxmışdır. Çünki məhz 1998-ci ilin oktyabr ayında İrəvanda parlament binasında spikerin və bir çox nazirin və deputatın terror olunaraq öldürlməsi faktı daşnakların əməli kimi çoxdan təsdiq olunmuşdur. Daşnaksütyun Partiyası həmin dönəmdən başlayaraq bu günə kimi erməni siyasi olimpində xüsusi çəkiyə malik olmaq istəsə də, heç Rusiyanın özü belə bu partiyanın Ermənistanda hakimiyyətə gəlməsinə imkan verməmişdir. Daşnaklar zatən bu faktı etiraf etməsələr də, istənilən zamanda hərbi xuntanın sifarişləri əsasında xidmət göstərməyə hazır olduqlarını gizlətmirlər də. Belə ki, Petrosyanın digər təklifi isə bundan ibarətdir. Tsarukyan gerçəkdən müxalifət düşərgəsinə məxsusdursa, nədən burada yer almamışdır, deyə onun partiyasının mövqeyini anlamadığını da bildirmişdir. Çiçəklənən Ermənistan Partiyasının parlamentdə və həm də hökumətdə kifayət qədər mövqeyi varsa, bununla yanaşı hansı prinsiplərlə müxalifət adına iddialarını irəli sürdüyünü də bildirmişdir. Siyasi şərhçilərin müşahidələrinə görə Çiçəklənən Ermənistan Partiyasının təməlini qoyan və mümkün qədər bu prosesdə məxfiliyini saxlayan eks president Robert Köçəryanın artıq hər hansı bir siyasi iradəni ortaya qoymaması, yenidən prezident seçilmək iddiasında olmaması amilini nəzərə alaraq, Petrosyan ana müxalifətin lideri status ilə Tsarukyanla danışıqlar aparılmasını müdafiə etmişdir. Eyni zamanda o da bildirilmişdir ki, Tsarukyan və onun komandasının maliyyə qaynaqları şəffaf olmalıdır və onlar Gürcüstanda olduğu kimi Ermənistanın inkişaf doktrinasını ortaya qoymalıdırlar. Bu doktrinaya sadəcə bizlərin deyil, erməni xalqının inamı olmalıdır. Tsarukyan və onun komandası memorandumu məhz bu şərtlərlə imzalayarlarsa, o zaman Petrosyan sadəcə mənəvi baxımdan siyasi lider statusu ilə geri çəkilməyə hazırdır. Belə bir təklifin ardınca preferensial şərtlərin həlli o qədər də çətinlik törətməyəcəkdir. Preferensial qaydada hansı metodla fəaliyyət göstərilməsi sabiq xarici işlər naziri Vardan Oskanyana həvalə edilmişdir. Oskanyanın simasında Qərb və Rusiyanın ortaq maraqlarının nəinki uzlaşdırılması və bunun qanuni status alması bir prinsip olaraq dəyərləndirilməkdədir. Ermənistanın bir dövlət olaraq qorunub saxlanılması üçün irəli sürülən ən optimal variantın, yəni Petrosyan modelinin pozulması üçün Daşnaksütyun Partiyası Tsarukyanı seçkilərdə müdafiə edəcəyi barəsində bəyanat verməsi fərqli bir durğunluğa səbəb olmuşdur. Tsarukyan belə bir ərəfədə üç sabiq prezident arasında, yəni Petrosyan, Köçəryan və Sərkisyan manevr etmək üçün hərəkətə keçmişdir. Çünki, Tsarukyanın indiki məqamda verə biləcəyi hər hansı bir qərar hər üç liderin arasında təzadların dərinlışməsinə səbəb ola bilər. Əsas analitiklərin fikrincə Tsarukyan prezident olmaq istəyirsə bu yöndə onun ən doğru və təhlükəsiz seçimi ancaq Petrosyanla mümkündür. 

Yeni təşəbbüslər və hərbi xuntanın çöküş yolu

Erməni Milli Konqresi və Çiçəklənən Ermənistan Partiyası ayrı-ayrılıqda olsa da, ölkədə qanuni hakimiyyətin formalaşdırlması yolunu parlamentin tam proporsional qayda ilə seçilməsini müdafiə edirlər. Çünki, məhz belə olacağı təqdirdə, hərbi xunta da öz mövqelərini tamamilə itirəcəkdir. Proporsional seçki qaydası həm də seçkilərin 100 faiz olaraq bütün siyasi partiyaların tam nəzarətinə keçməsi deməkdir. Belə olduğu təqdirdə bir tərəfdən ölkənin sosial-iqtisadi mühiti üçün cavabdehlik birbaşa prezidentin üzərinə düşəcəkdir, parlament isə prezidenti tam nəzarətdə saxlamaq hüququnu qazanacaqdır. Majoritar seçki texnologiyasının ləğv edilməsi, həm də Ermənistanın feodalizm üsulu ilə idarə olunmasının ləğv edilməsi deməkdir. 

Hal-hazırda bu təşəbbüslərə qarşı çıxan hakim Respublika Partiyası və onun kolasiya ortağı olan Orinats Erkir Partiyası, eləcə də İrs Partiyası və Daşnaksütyun Partiyası fərqli taktika ilə hərəkət edirlər. Onlar qarışıq seçki modelini irəli sürürlər. Bununla da hərbi xuntanın yerlərdəki feodalizm üsulunun qorunub saxlanılmasına çalışırlar. Vahid namziədlə prezident seçkilərinə qatılmaq və bununla da Ermənistanı xilas etmək istəyən Petrosyan və Tsarukyanın tərəfdarları indiki məqamda iqtidarın bütün vasitələrlə seçki islahatlarına getmək istəməməsini sərt şəkildə tənqid etməklə məşğuldurlar. İqtidarda güclü dayaqları olan monopolistlərin imkanlarını məhdudlaşdırmaq üçün irəli sürülən təkliflərin müdafiə olunması üçün rejimə qarşı müxalifətdə olanların daha geniş mənada kolaisiyanın yaradılması təklifləri isə gündəmin əsas mövzusuna çevrilmişdir. Prezident administrasiyası isə Serj Sərkisyanın qanunla bir daha seçkilərə qatılmaq hüququnun olduğunu gizlətmir. Bölgədə problemlərin bunca dərin olmasının əsas səbəbini isə yerli analitiklər onunla izah edirlər ki, Rusiyanın qatı mühafizəkar dairələri bu dəfə də yalnış mövqe tutaraq hərbi xunta rejiminin simasında Sərkisyana stavka olunmasına önəm verilməsidir. Digər yandan isə Respublika Partiyası hakimiyyəti idarə etməkdə heç kimlə bölüşmək fikrində deyil. 

Ermənistanın dünyanın ən kasıb ölkələrindən birinin olmasını izah edən analitiklər açıq şəkildə qeyd edirlər ki, Suriyada yaranmış böhranın ardınca qonşu İran da bu aqibətlə üz-üzə qalmışdır. Azərbaycan və Türkiyədən sonra, İranın da Ermənistanla əlaqələrinin zəifləməsi nəticəsində bundan ən çox zərərin İrəvana dəyəcəyi qaçılmaz bir prosesdir. Analitiklərin fikrincə bu amili başa düşməyən Sərkisyan iqtidarı əslində Ermənistanı bir dövlət olaraq tamamilə iflasa uğratmaqla məşğuldur. “Gallup International Association” tərəfindən İravənda aparılan sorğularda belə qeyd olunur: “Əgər prezident seçkiləri indi keçirilsəydi Sərkisyan 28, Tsarukyan 19, Köçəryan 11 faiz səs qazanacaqdılar. 42 faiz seçici isə ana müxalifəti dəstəkləyir”. Ancaq, bütün bunlara rəğmən, kimin hakimiyyətə gəlməsi deyil, Ermənistandakı böhranın islahat yolu hansı maliyyə qaynaqları əsasında xilas edilməsi əsas faktoruna da önəm verilməkdədir. Elə buna görə gözlər Tsarukyana dikilmişdir. Bölgədki strateji mühiti nəzərə alaraq Petrosyan və Tsarukyan arasında yeni dialoq mərhələsinə başlanılmışdır. İqtidar isə “qara piar” taktikasından faydalanmaqla öz mövqeyini necə qorumaqla məşğuldur. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az