Tural Abbaslı yeni partiya yaradır
""Ağ
blok” müxtəlif partiyalarda təmsil olunan, lakin həmin təşkilatlarda
yetərincə dəstəklənməyən gənclərin parlament seçkilərində birgə
iştirakını təmin etmək məqsədilə yaradılıb”.
Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.
O,
həmtəsisçisi olduğu "Ağ blok”un gələcək fəaliyyəti, formatı barədə
fikirlərini açıqlayıb: "Bizim üçün önəmli olan yeni simaların siyasi
arenaya çıxmasıdır. Azərbaycan cəmiyyətində artıq ənənəvi müxalifətdə
olanlara inam yoxdur. Cəmiyyətimiz bəzi siyasətçilərin nəticəsi olmayan
fəaliyyətindən yorulub. Bu baxımdan xalqın sosial sifarişini nəzərə
alaraq belə bir bloku təsis etmək qərarına gəldik. İlkin mərhələdə
hədəfimiz Azərbaycanda keçiriləcək parlament seçkiləridir. Bu seçkilərdə
biz istər Bakı, istərsə də regionlardan olan gənc namizədlərlə təmsil
olunmaq niyyətindəyik”.
Onun sözlərinə görə, blok
gələcəkdə partiyaya çevrilə bilər: "Seçkidən sonra da blokun
fəaliyyətini davam etdirmək niyyətindəyik. Sadəcə, formatını, daxili
strukturunu müəyyənləşdirəcəyik. Blokun gələcəkdə partiyaya
çevriləcəyini də istisna etmək olmaz. Ancaq bütün bunlar sonrakı
mərhələdə baş tutacaq. Blok qarşısına qoyduğu məqsədlərə çata biləcəksə,
onun formatı dəyişəcəyik. Ümid edirəm ki, fəaliyyətimiz uğurlu olacaq”.
Müsavat
Partiyası Mərkəzi İcra aparatının rəhbəri Gülağa Aslanlı isə APA-ya
açıqlamasında T. Abbaslının partiya yaradacağı təqdirdə Müsavatdan
kənarlaşdırılacağını vurğulayıb: "Müsavat Partiyasının Nizamnaməsində
açıq şəkildə yazılıb ki, başqa partiyanın üzvü, Müsavatın üzvü ola
bilməz. Kimsə partiya yaradıb onun üzvü olacaqsa, Müsavat üzvlüyündən
azad olunacaq”.
Xatırladaq ki, Müsavat
başqanlığına sabiq namizəd Qubad İbadoğlu da "Azərbaycan Demokratiya və
Rifah (ADR) hərəkatını yaradıb və bundan sonra partiyadan
kənarlaşdırılıb.