“Türk xalq muzik” gecəsi sənət yarışmasına çevrildi

“Türk xalq muzik” gecəsi sənət yarışmasına çevrildi

“Monolit Plaza” restoranının şou zalında möhtəşəm “Türk xalq muzik” gecəsi keçirilib. Qonaqları salamlayan jurnalist Alim Nəbioğlu Azərbaycan-Türkiyə mədəni əlaqələrindən danışaraq məclis iştirakçılarına geniş məlumat verdi. Bir millət, iki dövlət olan Azərbaycan-Türkiyənin qırılmaz, sıx əlaqələrindən ətraflı bəhz etdi. Türkiyə mətbəxi, mədəniyyəti haqqında danışaraq eyni zamanda Azərbaycan mətbəxi, mədəniyyəti və bu sahədə qazanılan uğurlara işıq saldı. Türk musiqiçiləri türk sazı və davulunun mahir ifaçısı Oğuzxan Mercimek, türk qavalının özünəməxsus ifaçısı Murad bəy, balaban, gitara ifaçısı Samet bəy gecə başlamazdan əvvəl dəvətli qonaqların şərəfinə Türkiyənin sevimli yeməyi olan “çiy köfte” hazırladılar. İstiotlarla zəngin yeməyi hazırlamağa başladıqları andan sona qədər türk xalq musiqilərini ifa etdilər. Yemək hazırlanandan sonra süfrəyə gətirildi. Bəstəkar-müğənni Arif Səlimovun istəyi ilə reallaşan gecədə musiqiçilər 50-ə yaxın türk xalq muziklərini ifa etdilər. Muradın türk qavalında instrumental ifaları və müşayiəti ilə bərabər bir müğənni kimi ifası hamını heyrətləndirdi. Sametin zəngin repertuarı, unudulan türk xalq muziklərini ifa etməsi qonaqlara xüsusi zövq verdi. Sametin ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin”, “Çırpınırdı Qara dəniz” mahnıları susmaq bilməyən alqışlarla qarşılandı. Arif Səlimov türk musiqiçiləri ilə bərabər türk musiqi sənətinin divası Bülent Ersoyun repertuarından olan “Hanı bizim sevdamız” mahnısını ifa etdi. Türk musiqiçiləri Arifin türk dilində mahnıları olduğu kimi çatdırmasından heyrətləndilər. Təşkilatçı-prodüser Gülbəniz Zeynalova türk davulunda bir neçə azəri mahnılarını ifa etdi. 13-ə yaxın növü olan türk qavalının nümunələri dəvətli qonaqlara göstərildi. Türkiyədən dəvət olunmuş qonaqlar bəstəkar Arif Səlimovu Türkiyəyə dəvət etdilər və onun Türkiyədə konsertinin təşkil edilməsini və bəstəkarın idealı olan Bülent Ersoyla görüşdürəcəklərinə vəd verdilər. Müğənni Səidə Dadaşova, musiqiçi Bahadur Qasımlı da öz nəğmələrini türk qonaqlara ərməğan etdilər. Səhərədək davam edən gecə çox maraqlı anlarla yadda qaldı. Sonda türk yallısı və Azərbaycan yallısı səsləndi və qonaqlar birgə rəqs etdilər. Bəstəkar Arif Səlimov, təşkilatçı Gülbəniz Zeynalova gecəyə dəstək olan Azərbaycanımızın qeyrətli, sənəti sevən şəxsiyyətlərinə təşəkkürünü bildirdi və beləcə tədbir başa çatdı.

Araz Hacıyev



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az