Türkiyəni təmsil edən Belçikalı müğənni-Hadisə

Türkiyəni təmsil edən Belçikalı müğənni-Hadisə

Məşhur pop ulduzu Hadisə Açıqgöz 22 oktyabr 1985-ci ildə Belçikanın Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olub. Onun atası əslən ləzgi , anası isə qumuq kökənlidir. Atası Sivasın Yıldızeli ilçəsinin Yavu, anası isə Fındıcak kəndindəndir. Hadisə ilk dəfə böyük səhnəyə 2003-cü ildə Belçikada keçirilən “Pop İdol” müsabiqəsində çıxıb. O, Türkiyədəki “Pop Star” müsabiqəsinin oxşarı olan bu müsabiqənin qalibi olmasa da, hər halda təşkilatçıların və tamaşaçıların diqqətini özünə cəlb edə bilmişdi. Təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər. Hadisənin “Sweat” adlı ilk klipi 2004-cü il noyabrın 1-də televiziya ekranlarına çıxdı. Klip olduqca uğurlu alındığından o musiqi kanallarında tez-tez göstərilirdi. Hadisənin “Stir Me Up” adlı ikinci klipi 2005-ci ilin may ayının 6-da ekranlara çıxdı və bu klip Avropada da bəyənildi. Hadisənin “Milk Chocolate Girl” adlı üçüncü klipi 2005-ci ilin oktyabr ayının 9-da, “Ain't No Love Lost” dördüncü klipi isə 2006-cı ilin 13 yanvarında göstərilib. 2006-cı ilin aprel ayından başlayaraq Hadisə Türkiyədə “Runltd” menecerlik şirkəti və Süheyl Atay ilə əməkdaşlıq etməyə başlayır.

Elə həmin il o, İzmirin “Loop Kulübü”ndə Türkiyədəki ilk konsertini verir. 2006-cı ildə tez-tez Türkiyəyə gələn Hadisə başda “Beyaz Show” olmaqla bir çox verilişlərdə görünməyə başlayır. Bu ərəfədə o, pərəstiş etdiyi Tarkanla eyni səhnəyə çıxma fürsətini əldə edir. Qısa bir müddət ərzində “Maxim”, “Esqure”,“Tempo” və “Aktual” jurnallarının üz qabıqlarını Hadisənin şəkilləri bəzəyir. 2007-ci ilin oktyabr ayının 3-də Hadisə yeni mahnı çalışması olan “A Good Kiss”i satışa çıxarır və İstanbulda bu mahnının klipini çəkdirir. O, 2008-ci ilin yayında Bodrumda Halikarnas Diskoda verdiyi konsertlə burada mövsumun açılışını edən müğənni olur. 2008-ci ilin yayında Hadisənin Sərdar Ortacla duet oxuduğu “Duşman” adlı mahnısı Sərdarın satışa çıxan “Nefes” albomunda özünə yer alır. Kristina Aqulera, Brandy və Beyonse kimi məşhur sənətçilərdən örnək aldığını bildirən Hadisə mahnılarında klassik musiqi, rok, soul və digər musiqiləri sintez etməyə çalışdığını söyləyir. Əvvələr Hadisə “Eurovision” Mahnı Müsabiqəsinə qatılmayacağını söyləməsinə baxmayaraq, 2009-cu ildə Moskva şəhərində keçirilən bu müsabiqədə Türkiyəni təmsil edir və Azərbaycan təmsilçiləri Aysel Əlizadə və Araş cütlüyündən bir pillə aşağı olan dördüncü yerə layiq görülür. Yeri gəlmişkən, Türkiyədən əvvəl ona bu müsabiqədə Belçikanı təmsil etməklə bağlı təklif gəlsə də, Hadisə bu təklifi qəbul etməmişdi. Hadisə ilk dəfə Bakıya 2009-cu ilin iyul ayında gəlmiş və “Yaşıl Teatr”ın səhnəsində geniş konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış etmişdir. Hadisə səhnədə açıq-saçıqlığı ilə də fərqlənən müğənnidir. Onun qısa ətəkli geyimlərlə səhnəyə çıxması, kliplərində açıq-saçıq səhnələrin yer alması ictimaiyyət arasında bəzən söz-söhbətlərə səbəb olur. Hətta "Mələk" adlı klipində erotik səhnələrin yer almasına görə Türkiyə Radio və Televiziya Qurumu Hadisəni cərimələyib. Cərimənin məbləği açıqlanmasa da, Hadisəyə "bir daha bu səhvi təkrarlama" mesajı verilib. Hal-hazırda Türkiyənin Star TV kanalında yayımlanan "O Səs Türkiyə" müsabiqəsinin münsif üzvlərindən olan Hadisə Belçikada doğulub böyüdüyü üçün türk dilində bəzi sözləri bilmir. Hətta müsabiqədə onun "düello" əvəzinə "düvello" deməsi bir müddət türk mediasının dilinə düşmüşdü. Bu səbəbdən də müğənni artıq türk dilində dərs almağa başlayıb. Bununla belə, Hadisə yüksək səviyyədə ingilis, alman, fransız və holland dillərini bilir. Qazandığı bütün uğurlara, üzləşdiyi problemlərə baxmayaraq Hadisə inadla, yüksək əzmkarlıqla öz yaradıcılığı üzərində çalışır və o artıq bu gün türk estradasının ən parlaq simalarından biri sayılır.

Günel Novruzlu

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az