Unudulmaz tariximiz: 17 NOYABR

Unudulmaz tariximiz: 17 NOYABR

Azərbaycan xalqının çoxəsrlik tarixi yadelli istilaçılara qarşı qəhrəmanlıq mübarizəsi ilə zəngindir. Tariximizdə azadlıq mübarizəsinin parlaq səhifələrindən biri milli-azadlıq hərəkatıdır. 1988-ci  ilin noyabrın 17-dən-dekabrın 5-dək davam etmişdir. Azərbaycanda xalq hərəkatının başlanğıcı olan və müstəqillik yolunda mühüm əhəmiyyətə malik bu tarixi hadisə Milli Dirçəliş Günü kimi tarixə düşüb. Ölkəmizdə bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və istiqlaliyyət qazanmamızda əsas amil sayılır.

1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının Vətən torpağından pay olmaz deyərək, azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Həmin gün 68 il azadlığın nə olduğunu bilməyən bir millətin "olum, ya ölüm" savaşı1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onlara işgəncələr verir və qətlə yetirirdilər. Bununla da kifayyətlənmədilər.1988-ci  ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı.

Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri xəbəri Bakıda milli hissləri alovlandırdı, xalqı hərəkətə gətirdi. Noyabrın 15-16-da Bakıda mitinqlər keçirildi. Xalq hərəkatının kortəbii mərhələsinin ən yüksək dövrü 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq (keçmiş Lenin) meydanında Qarabağ məsələsi ətrafında  Sovet dövlətinin xalqımıza qarşı nümayiş etdirdiyi anti-Azərbaycan siyasətinə və Ermənistanın Azərbaycana açıq təcavüzünə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin uzunmüddətli mitinqi başlayıb. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi. Mitinqdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı. SSRİ rəhbərliyindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması tələb edilirdi. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Çünki bu hərəkatı səciyyələndirən  xüsusiyyət onun yadelli əsarətinə qarşı yönəlməsi və xalqımızın  istiqlal mübarizəsini daha geniş və parlaq əks etdirməsi idi. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Digər şəhər və rayonları da etiraz mitinqləri dalğası bürüdü. SSRİ höküməti milli istiqlal hərəkatının geniş vüsət almasından qorxuya düşərək, noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq etdi, küçələrə ağır silahlı qoşun hissələri yeridildi. Dekabrın 3-də hərbi hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi. Meydan hərəkatı xalqı birləşdirdi.
Xalq etirazı həmin il noyabrın 22-də Bakıya sovet qoşunlarının çoxsaylı kontingentinin daxil olması, elan edilən komendant saatına baxmayaraq dayanmayıb, yalnız dekabrın 5-nə keçən gecə qoşunların və zirehli texnikanın tətbiqi ilə ümumxalq mitinqi qəddarlıqla dağıdılıb.
O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı ən yeni tarixin başlanğıcını-azad Azərbaycanın təməlini qoydu.
Xalqımıza qarşı törədilən qanlı hadisələr, faciələr və soyqırımlar Azərbaycanın müstəqilliyi ideyalarına, milli demokratik qüvvələrə ağır zərbə vurmaq məqsədilə təşkil olunmuşdur. 
Azərbaycanın zəngin sərvətləri, onun beynəlxalq karvan yollarının qovuşağında çox əhəmiyyətli hərbi-strateji mövqedə yerləşməsi daim yadellilərin diqqətini özünə cəlb edir, burda möhkəmlənməyə  və onun sərvətlərini çapıb-talamağa çalışırdılar. Buna görə də basqınlar, təcavüzlər ara vermirdi. Bu isə tez-tez ölkənin ictimai-iqtisadi inkişaf ahəngini pozurdu. Uzaqgörən dövlət xadimləri bütün ölkəni əhatə edən qüdrətli və mərkəzləşdirilmiş vahid Azərbaycan dövləti yaratmağın nə qədər zəruri olduğunu getdikcə daha aydın dərk etməyə başlayırdılar.
Ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti xalqın azadlıq mübarizəsini istiqamətləndirdi.1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "Sovet” və "Sosialist” sözləri çıxarıldı. Bununla Ümummilli Liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.
Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı...
...Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.
Tarixçilər qeyd edir ki, 1993-cü ilin iyununda, 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında xaricdən dəstək alan qüvvələr dövlət çevrilişi həyata keçirməyə cəhd göstərsələr də, Ulu öndər Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun güclü dövlətinə çevrildi.
Bu gün Azərbaycan gələcəyə inamla baxır. Möhkəm özülü dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin taleyi etibarlı əldədir. Ölkə başçısı İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Böyük tarixə malik xalqımızın bu bayramı milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin nəticəsidir.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
 
Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

Respublika iqtidarının xarici siyasətində Türkiyə ilə münasibətlər xüsusi yer tutur. O, Türkiyəyə dünya siyasəti meydanına çıxmaqda və ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etməkdə dayaq nöqtəsi kimi baxır. Bu dost və qardaş ölkə Azərbaycanın siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. Bu münasibətlər həm dünyada, həm də bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət edir və etməkdədir. Əslində Azərbaycan-Türkiyə münasibətləri Ulu öndərimiz Heydər Əliyevin "Bir millət, iki dövlət” devizi ilə müəyyən olunmuş müstəvidə inkişaf etməkdədir.
Şəhidlər ölməz, Vətən bölünməz! Şəhidlərin qəhrəmanlığı qarşısında baş əyirik!
Milli Dirçəliş Günümüz mübarək!

Hazırladı:
Gülanə SƏDA,
tarixçi




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az