VƏTƏNƏ XƏYANƏT DƏRSİ

VƏTƏNƏ XƏYANƏT DƏRSİ

Neçə gündür ki, bütün Azərbaycan lərzəyə gəlib. Kitab oxuyanlar da, oxumayanlar da Əkrəm Əylislinin ”Daş yuxular” yazısından bəhs edirlər. Fikir söyləyənlər üç cəbhəyə bölünüblər: dəhşətə gələnlər, demokratik normalara uyğun olmağa çağıranlar və əsəri dəyərli bir hadisə kimi qəbul edənlər. 

Bununla bağlı gördüklərimi, oxuduqlarımı və eşitdiklərimi bir araya gətirib təhlil etdikdə  xalqımızın biganəlikdən uzaq olmaq cəhdlərini qabarıq şəkildə görərək, şad oldum. Görünür biz artıq dərin yuxudan oyanmaqdayıq.

Sondan başlayaraq  deməliyəm ki, bu əsərin nə kələ-kötür dilini, nə orada baş verən hadisələrin məntiqsiz izahını heç cür ədəbiyyatda bir hadisə kimi qiymətləndirə bilmərəm. Mən bu əsəri roman kimi də təsnif etmirəm. Fikrimcə, bu düşmənlərimizin dəyirmanına su tökən bir yazıdır.  

O ki qaldı demokratik dəyərlərin qorunmasına, mən də həmişə buna tərəfdaram. Bizim ailəmiz 45 ildən artıqdır ki, repressiya qurbanıdır. Bu gün də illər öncə ailəmizə qarşı işə salınan repressiya maşını dayanmadan çalışmaqdadır. Atam Şıxəli Qurbanovu öldürüb ailəsini sanki bu işdə “günahkar” ediblər. Anam Xavər xanım  ömrünün son gününə qədər atamın öldürülməsi ilə bağlı hər kəsin bildiyi həqiqətin rəsmən aşkar olunmasını gözləyirdi. Əfsus olsun ki, bu günü görə bilmədi. Ürəyi tab gətirmədi, dünyasını dəyişdi. Ailəmizin sağ qalan üç üzvünün hamısı işsizdir. Odur ki mən heç bir zaman kiminsə heysiyyətinə toxunmağı, kimisə söz atəşinə tutmağı mübarizə üsulu kimi qəbul edə bilmərəm. Lakin  Əkrəm Nəcəf oğlunun gördüyü iş mənim təsəvvürümdə olan bütün mümkün çəpərləri aşaraq xəyanətkarlığın ən yüksək və heç bir zaman (ancaq həkimlər  həmin adamı ruhi xəstə elan etsələr- bu məsələdə deputat Qudrət Həsənquliyevlə tamamilə razıyam- ona güzəşt etmək olar) bağışlana bilməyəcək “zirvəsinə” qalxmışdır.

Türklər çox vaxt baş verən xoşagəlməz işdən danışanda “insan halı” deyirlər. Həqiqətən, həyat həddindən artıq mürəkkəb olduğu üçün hər şey ola bilər. Xəyanətkarlıq insanın dünya ilə münasibətlərində ən hörmət gətirməyən bir xüsusiyyətdir. Görürsən, iş belə gətirir ki, həyat yoldaşları bir-birinə xəyanət edirlər, valideyn-övlad münasibətlərində də xəyanət olur. Olmamalıdır, amma biz bunu istəməsək də, bəyənməsək də, olur. Bu həyatdır… Bunlar həqiqətən də  xoşagəlməzdir, amma vaxt keçir və baş verənlərə haradasa güzəşt olunur, barış əldə edilir. Amma VƏTƏNƏ (!!!) olan xəyanətə, məncə, heç bir vaxt güzəşt ola bilməz. Çünki bu artıq sizin və ya ailənizin tarixi deyil. Bu – Vətən tarixidir. Və Əkrəm Nəcəf oğlu Vətənimizin tarixinə güzəşt olunmayan qara səhifə yazdı. Vətən tariximizi saxtalaşdırmağa cəhd etdi.

Əvvəlcə mən yazıçıya “Açıq məktub” formasında müraciət etmək istəyirdim, amma sonra fikrimdən döndüm. Çünki mən ona “müəllim” deyə müraciət edə bilmərəm. Onun dərsi Vətənə xəyanət etməyi öyrədir. Artıq müraciət etdikdə ona Əkrəm Əylisli də deyə bilmirəm, çünki Əylis kəndi mənim Vətənimin bir parçasıdır. Odur ki, Azərbaycana  xəyanət edən onun bir guşəsi olan  Əylisin  adını daşıya bilməz.

Mənim üçün örnək atamın Vətənimizə və xalqımıza olan məhəbbəti və hörmətidir. Əminəm ki, Şıxəli Qurbanov sağ olsaydı, Əkrəm Nəcəf oğlu gördüyü bu əməldən çox peşman olacaqdı.

Təbii ki, mən heç bir zaman sənət adamının bədii təfəkkür sahəsinə müdaxilə etmərəm, yazıçını və ya rəssamı buna görə danlamağa qalxmaram, çünki heç kimin buna haqqı yoxdur. Amma bədii təfəkkür bir yana, hansısa bir xalq barədə ağ yalana əsaslanan cəfəngiyyat yazmaq bir yana. Üstəlik də bu sənin öz, doğma xalqın olsun.

Kaş ki, Əkrəm Nəcəf oğlu,  mən  general Vladimir Timoşenko ilə birlikdə Musa Nağıyev adına Təcili- Yardım Xəstəxanasına Xocalıda yaralanan insanlara baş çəkəndə yanımızda olaydı. Rus ordusu generalının utandığından və gördüyü dəhşətli səhnələrdən təsirləndiyindən hönkürməyinin şahidi olaydı. Şəxsən mən düşünürəm ki, həmin gün gördüyüm dəhşətli mənzərə ömrüm boyu məni tərk etməyəcək. Başlarına min oyun açılan insanları üstəlik də don vurmuşdu. Təbii ki, həkimlər əllərindən gələni etmişdilər, lakin 20 yaşlı bir zavallı qızın birdən iki ayağının amputasiya edilməsi...

Bu əsərlə yazıçı yoxlanılmayan mənbələrə istinad edərək özünün tarixi savadsızlığına imza atdı. Onun son günlərdə KİV-dəki çıxışlarından  iradəsi zəif olan adamın obrazı yaranır. Buna sübut yazıçının səhvini boynuna almadığı və gördüyü işdən peşmanlıq çəkmədiyidir.  

Bir var sən yazıçı olaraq təhlil nəticəsində hər iki xalqın əməllərindən yazırsan. Bir də var ki, məsələyə birtərəfli yanaşaraq yaranan münaqişənin təkcə bur iştirakçısından  yalan və böhtan dolu yazaraq bütöv bir xalqın bəşəriyyət qarşısında layiq olmadığı qatil obrazını yaradırsan. Bu düşmənçilik deyilsə, nədir???

Ancaq bu gün başımıza  gələnlərin kökünü yaxın keçmişimizdə görmək olar. Dövlət dilimizin “türk” dili adlandırılması 90-cı illərin əvvəlində  yazıçı Əkrəm Əylisli tərəfindən təklif edilmişdi. O zaman Milli Məclisdə iclas təşkil etməyi rəhbərlik mənə tapşırmışdı. Bu məsələ ilə bağlı dəvət olunan dəyərli  alimlərimiz, tanınmış yazıçılarımız öz fikirlərini söylədilər. Əksəriyyət mən qarışıq dövlət dilimizin “Azərbaycan dili” olmasının üstündə durdular.  Anar  və Bəkir  Nəbiyev  dövlət dilimizin “Azərbaycan türkcəsi” adlanmasının təklifini verdilər. Əkrəm Əylisli isə  dövlət dilimizin “türk dili” adlanmasını təkidlə  tələb etdi.Səhəri gün Milli Məclisin iclasına hazırlıq üçün keçirilən müzakirədə iştirak edənlərdən sadəcə iki nəfər – Əkrəm Əylisli və Tofiq Hacıyev dəvət olundular və ikisi də bir ağızdan dövlət dilimizin adının “Azərbaycan dili”ndən “Türk dili”nə dəyişdirilməsini israrla tələb etdilər. Səsvermənin nəticələrini görən Əkrəm Əylisli sevincini gizlədə bilmirdi. Beləliklə, Əkrəm Əylisli hələ o zaman özünün yazıçılıq fəaliyyətində illərlə istifadə etdiyi dilin əleyhinə getdi. Və, çox güman düşündü  ki, “hələ harasıdır”...  

Hesab edirəm ki, müəllif əsərini “Daş yuxular” yox – ”Karın könlündəki...” adlandırmalı idi. Sevinirəm ki, onun böyük  həvəslə zalım  obrazı yaradaraq Azərbaycan  xalqını  gözdən salmaq cəhdi baş tutmadı.  Atalar demişkən: “Yalan  ayaq  tutar –  yeriməz”. 

Gülnar Şixəli qizi, sabiq deputat



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az