Xalq artisti ev istəyir

Xalq artisti ev istəyir

Vətəninfo.az  xəbər verir ki, Xalq artisti Nuriyyə Əhmədovanın çoxdan ictimailəşmiş ev problemi oğlu Əlinin xəstəliyi ilə yenidən gündəmə gəldi. Aktrisanın yaxın rəfiqəsi jurnalist Sədaqət Kamal ANS PRESS-ə açıqlamasında, xalq artistinin xəstə oğlunu aparmağa yeri olmadığını deyir.

"Nuriyyə Əhmədova indi mənə xəstəxandan zəng edib dedi ki, Əlinin vəziyyəti düzəlir, yeməyə başlayıb. Artıq xəstəxanada qalmaq istəmir. Rəfiqəm mənə oğlunun sözünü də çatdırdı: "Gedək Sədaqət xanımgilə, mənə ancaq orda rahatdır. Dedim ki, götür gəl, mən belə təklifin qarşısında dayana bilmərəm. Təcili yardım onu bizim evdən çox ağır vəziyyətdə apardı. Nuriyyənin oğlunu o vəziyyətdə görəndən sonra hələ də özümə gəlməmişəm. İki gündür gecə yata bilmirəm. Bütün bunlara baxmayaraq, məndən dəstək görüb, mənə arxalanan, ağır durumda olan gəncin ümidlərini də məhv edə bilmərəm. Nuriyyənin xəstə oğlunu aparmağa evi yoxdur, pis günündə onu buraxa bilmərəm." - deyə S.Kamal bildirdi.

Sədaqət Kamal aktrisanın ağır durumunun son həddə çatdığını deyir: "İnanın mənə, Nuriyyə Əhmədovanın vəziyyəti dözülməzdi. Onun-bunun evində qalır. Son müddəti mənimlə yaşayırdı. Oğlu və rəhmətə getmiş qızının oğlu da onun üstündədi. Heç olmazsa bir otaqlı mənzil lazımdır ki, ailə bir araya yığışa bilsin, ağır durumdan qurtulsun. Doğrudanmı, aidiyyatı qurumlar üçün bu çox çətin işdir?! Xalq artistini bu durumundan bütün ictimaiyyət xəbərdardır. Bir ay bundan öncə (dəfələrlə artıq necə ildir ki, şəxsən özüm yazmışam) özüm Nuriyyə xanımla birgə öz əlimizlə prezidentə müraciət apardıq. Nəticəsi yoxdur. Niyə məmurlar mərhum dövlət başçımızın -Heydər Əliyevin özünün böyük hörmət və etimad göstərdiyi, prezidentimiz İlham Əliyevin də layiqincə qiymətləndirdiyi sənətkarımıza sözün əsl mənasında bu hörmətsiz və saymazyana yanaşırlar? Axı, bu problem artıq el məsəli olaraq dillərə düşüb. Nuriyyə Əhmədova ictimaiyyət içinə çıxanda hər kəs ilk olaraq bu sualı verirlər: "Nuriyyə xanım, dövlət sizə ev verdi?" Vallah, biabırçılıqdır. Sanki, belə biabırçılığın baş verməsində maraqlı qüvvələr fəaliyyət göstərir. Başqa nə fikirləşmək olar axı? Evimin qənşərində, əlimlə əkdiyim ağacları yandırıb villa tikiblər. Bu günə kimi bom-boşdur, yaşayan yoxdur. Nə edəcəklərsə orada bilinmir. Bu hələ mənim gözüm önündə olanlardır. Şəhərdə o qədər belə villalar var ki... Amma Nuriyyə Əhmədova kimi aktrisanın canını qoymağa yeri yoxdur!"

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az