Bu məktubu İstanbuldan yazıram. Fevral ayının 23 – dən burdayam. Azərbaycan dərnəklərinin birinin dəvəti ilə İstanbuldakı Xocalı qətliamını anma törəninə gədim. Daha sonra ayaqlarıma protezler düzəldilməsi üçün burda qaldım və yaxınlarda inşallah Bakıya dönəcəyəm.
Mən Orucova Xədicə Həsən qızı ayaqlarımı Kətik meşəsində itirmişəm . Bu meşənin adı bütün azərbaycanlılara tanışıdır. Fevralın 25 – dən 26 - a keçən gecə ermənilər Xocalıya hücum edəndə biz əliyalın sakinlər bu meşəyə pənah aparmışdıq. Həmin ərəfədə möhkəm qar yağmışdı. Meşə elə keçilməz bir qarla örtülmüşdü ki, biz dırnaqlarımız qırıla - qırıla dağlara dırmaşır, xilas olmağa çalışırdıq. Meşədə yaşadığımız dəhşətlərdən anam Göyçəyin ürəyi partladı. Bir həftəlik dondurucu soyuqlar 15 yaşlı bacımı əlimizdən aldı. Bir həftə sonra bizimlə (bacım Sənəm və onun iki körpə qızı, mən və daha bir bacım) rastlaşan ermənilərə atam bir ovuc qızıl və evdən götürdüyümüz bütün pulları verib bizi xilas etdi. Özü isə murdar erməni gülləsindən xilas ola bilmədi. İndi mənim 3 əzizim Kətik meşəsinin dərinliklərində uyuyur. Onlardan mənə və mənim ailəmə isə acı xatirələr qalıb. Soyuqdan dili söz tutmayan bacım, bizi atama tapşıran anam və biz qacıb dağı aşa bilək deyə özünü erməni avtomatının qarşısına atan atam. Mənim həyatım tam 20 il bu xatərlərlə baş baş keçib. Çünki ağır vəziyyətdə helikopterlə Ağdamdan Bakıya gətiriləndən və burada yaşaya bilməm üşün ayaqlarım amputasiya olunandan sonra gördüklərim məni həyatdan küsdürdü. 1992 - ci ilin qışında hələ 23 yaşım tamam olmamışdı. Ürəyimdə o qədər şirin arzularım vardı ki. Bu arzularımı həyata kecirmək üçün ali təhsil almağı düşünürdüm. Atam, anam, isti ocağım, doğma kəndim vardı. Qarbağ müharibəsi başlayanda bir vaxtlar bütün arzularım kimi bunları da itirəcəyimi ağlımdan belə keçirtməmişdim. Və bütün bunlar baş verdi. Həyatda əlimdə olanların hamısını itirdim. Və dünyada ən qiymətli olan can sağlığını belə. Bu məktubu yazmaqda sizə öz hekayəmi anlatma fikrindən uzağam. Xocalının yaşadığı faciəni hamımız bilirik. Məni həyata qaytaran Xocalı faciəsi oldu. Tam 20 ildir yaşadığım yataqxana otağının qapısını hamının üzünə bağlamışdım. Amma bu otaqdan məni “gəl o doğma kəndinin, Kətikdə qoyub gəldiyin doğmalarının faciəsini bütün dünyaya söylə” sözü çıxartdı. Bu söz ilə sanki ürəyimə bir təpər gəldi. Gəldim və hiss etdim ki, çiyinlərimə yeni bir missiya götürmüşəm. Xocalı faciəsini dünyaya anlatmaqla mən də bir azərbaycanlı kimi öz həqiqətlərimiz uğrunda mübarizəyə qoşuldum. Heç demə, uzaqdan bizim bildiklərimiz, gördüklərimiz bir az başqa cür görünürmüş. Protezlərin hazırlanmasını gözlədiyim müddətdə Bakıdakı hadisələri diqqətlə izləyirəm. Bu gün paytaxtda mitinqdi. İctimai Palata mitinq edir. Tribunada mənim 20 il əvvəl gördüyüm adamlardı. Bu adamları necə tanıdığımı yazmaq istəyirəm. Kimin haqlı, kimin haqsız olduğunu isə siz deyərsiniz.
1992-ci il martın 5-də məni helikopterlə Bakıya Musa Nağıyev adına xəstəxanaya gətirdilər və ölümdən xilas etmək üçün qanqrena olmuş ayaqlarımın hər ikisini amputasiya etdilər. Mən o andan sonra neçə gün huşsuz vəziyyətdə qalmışam. Özümə gələndən sonra da ətrafdakı hadisələrdən xəbər tuta bilmirdim. Məni xilas etmək üçün həkimlər gecə - gündüz çalışır, demək olar ki, hər gün ayağımın daha bir hissəsini kəsirdilər. Özümdən böyük bacım və onun iki qızı da mənimlə bir palatada müalicə olunurdu. Onun və böyük qızının da ayaqlarını don vurduğundan barmaqalarının hamısını kəsmişdilər.
Bu arada hakimiyyət dəyişikliyi baş vermiş bütün ölkənin ümüdlə gözlədiyi Xalq Cəbhəsi hakimiyyətə gəlmişdi. Bu hakimiyyətin rəhbəri Elçibəylə görüşümüz də həmin vaxtı baş verdi. O həkimlərlə söhbət etdi, vəziyyətimlə maraqlandı və mənim xaricdə müalicəmə kömək edəcək. Amma sonra maraqlandıq və məlum oldu ki, mənim Türkiyədə müalicəmə ayrılan pula cəbhəyə göndərmək üçün tank alınıb. Ailə üzvlərimdən xahiş etdim ki, göz yaşları içərisində yazdığım məktubu İsa Qəmbərə çatdırsınlar. Mən bu adamın çıxışlarına qulaq asmışdım və ona çox inanırdım. Hər gün səbrsizliklə məktubuma cavab gözləyirdim. Axırda bir dəfə qardaşım onu sorğu - suala tutmağımdan əsəbləşib: “ – Axı, sən nəyə cavab gözləyirsən İsa Qəmbər sənin məktubunu heç oxumadı da!” - dedi. Demə, İsa Qəmbər məktubu qardaşımdan alıb baxıb və katibəsinə verib, “buna dərkənar qoy, at ora!” - deyib.
1993-cü ilin avqust ayında bizi adını unutduğum bir iş adamı İran islam Respublikasına göndərdi. Mən Rəşt xəstəxanaında müalicə olunurdum. Amma hiss edirdim ki, vəziyyətim o qədər də yaxşı deyil. Ən sonda müalicə həkimim bizi bura göndərən adamın iqtidarda böyük vəzifəyə getdiyini və bizə ayrılacaq pul vəsaitini köcürtmədiyini söylədi.
Mən Bakıya 3 aydan sonra qayıda bildim. O tanımadığım insanların arasında, tanımadığım şəhərdə yaşadıqlarımı anlatmaq fikrində deyiləm. Amma hər dəfə bu adları eşidəndə, onların çıxışlarını dinləyəndə yadıma ermənilərin Xocalıya hücumu, onların bizə: “ - Biz sizin torpaqları pulla almışıq, Şuşanı da Lacını da, Bakını da bizə satıblar. Amma sizi niyə burdan çıxartmırlar?” - deməkləri düşür.
Mənə bəlkə də inanmayacaqsınız. Kaş ki, 3 oğlu və əri ilə itkin düşən hələ də haqqında bir məlumat ala bilmədiyimiz Afilə bibim, Xocalı tar-mar edilən gün telefon stansiyasında əlində telefon dəstəyi ağlaya-ağlaya “Bizə kömək edin” deyə Ağdamdakı Xalq Cəbhəsinin fəallarına, Şuşadan iki dəqiqədən bir “narahat olmayın, ordakılara söylə indi raketlərlə düşməni geri oturdacağıq” - deyən Rəhim Qazıyevə yalvaran Gülbahar (mən bibim qızı ilə yaşıd olduğuma və evimiz pocta bitişik olduğuna görə həmin gecə bir yerdəydik. O gecə Gülbahr və onun ailəsi də məhv edilib) sağ olaydılar və dediklərimin həqiqət olduğuna şahidlik edəydilər.
Mən Bakıya qayıdanda artıq hakimiyyət dəyişmişdi. İnsanlar doyunca çörək tapa bilirdilər. Bu gün inkişaf edən, adı dnyanın hər yerinə yayılan Azərbaycanı o torpaqlardan bir az uzaqda- Türkiyədən seyr etdikcə yadıma gecə yarısından səhərə qədər çörək növbəsinə duran ailə üzvlərim düşür.