“Yunanıstan Bakının başqa bir planını da pozmaq istəyir”
Ekspert: "
Azərbaycanın alternativ imkanları da var; birincisi, Türkiyə
vətəndaşlarına tətbiq etdiyimiz vizanı ortadan qaldırmalıyıq, ikincisi,
türkiyəli iş adamlarına gömrükdə tətbiq olunan qadağalar ləğv
olunmalıdır, üçüncüsü...”
Türkiyə və Rusiya prezidentlərinin Avropa Oyunlarının açılışında
iştirak etmək üçün Bakıya gəlməsi və paytaxtımızdakı təmasları iki
nəhəng qonşumuzun 24 aprel olayından sonra soyuyan münasibətlərində yeni
düzən yaradacağı barədə ümidlər özünü doğrultmadı.
Belə ki, "Türk axını” layihəsinin arxivə göndərilməsi barədə
davamlı şəkildə yayılan məlumatlar belə qənaətə gəlməyə əsas verir.
Xüsusilə də son günlərdə Moskva və Ankaradan gələn xəbərlər Qərbin öz
istəyinə çatdığı, yəni V.Putinin böyük ümidlə reallaşdırmağa çalışdığı
"Türk axını” layihəsini dayandırdığı rəyini yaradır.
Rəsmi reaksiyalar da bunu təsdiqləyir. Türkiyənin energetika və
təbii sərvətlər naziri Taner Yıldızın "Türk axını” ilə bağlı hələlik hər
hansı bir nəticə əldə olunmayıb"-deməsi də bunun sübutudur. "Türk
axını” layihəsi üzrə ilk qaz nəqlinin 2016-cı ilin dekabrında həyata
keçirilməsi planlaşdırılırdı və artıq zaman daralmaqdadır. Müşahidəçilər
hesab edir ki, "Türk axını”nın faktiki durdurulması diqqəti TAP-ın
davamı kimi nəzərdə tutulmuş TANAP-a yönəldir və bu layihənin
aktuallığını artırır.

Qeyd edək ki, Sənaye və energetika naziri Natiq Əliyev iki gün
öncə ABŞ-nı Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edərkən də
"Cənub Qaz Dəhlizi”nin reallaşdırılması istiqamətində işlərin qrafikə
uyğun aparıldığını bildirib. N.Əliyev TAP ətrafında müşahidə olunan
problemlərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək
qiymətləndirib: "BTC nümunəsi də təsdiqləyir ki, iri enerji
layihələrinin həyata keçirilməsi üçün siyasi dəstək çox vacibdir. Cənub
Qaz Dəhlizi, onun bir hissəsi olan TAP-ın reallaşması üçün də belə
dəstək mühüm əhəmiyyət kəsb edir”.
ABŞ səfiri R.Sekuta isə bildirib ki, rəsmi Vaşinqton qazın
hasilatı və nəqlində Azərbaycana köməyini bundan sonra da davam
etdirəcək. Bütün bunlar həm də ondan xəbər verir ki, Qərb Rusiya və
Yunanınstanın iştirak etmədiyi layihələrin gerçəkləşməsinin tərəfdarıdır
və Azərbaycanın iştirak etdiyi layihələrin, o cümlədən TAP-ın
reallaşmasına çalışır. Bu da Azərbaycanın bölgədə rolunun Qərb üçün hələ
də önəmli olmasının təsdiqidir.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni
Müsavat”a bildirdi ki, "Türk axını” ilə TAP layihəsi arasında iqtisadi
və siyasi rəqabət gedir: "Rusiya prezidenti Vladimir Putinin
Türkiyəyə son səfərindən sonra belə bir təəssürat yarandı ki, Ankara
Kremlin ”Türk axını" ideyasına "yaşıl işıq” yandırıb. Putin bu ideyanı
məcburiyyətdən gündəmə gətirmişdi. Çünki Bolqarıstan hökuməti öz ərazisi
üzərindən boru xəttinin tikintisini ləngidirdi, bu isə Kremlin xoşuna
gəlmirdi. Ona görə də Putinin yeganə alternativi Türkiyə idi.

İlkin mərhələdə Moskva ilə Ankara arasında danışıqlar uğurla
gedirdi, hətta iş o yerə çatmışdı ki, Rusiyanın "Qazprom” şirkətinin
rəhbərliyi boru xəttinin cəmi 1 ilə tikiləcəyinin anonsunu vermişdi.
Ancaq Ankara üçün TAP-ın daha əhəmiyyətli layihə olduğu üzə çıxdı.
Ankara Azərbaycan qazının Rusiya qazından öncə Avropaya çatdırılmasında
maraqlıdır. Bu, həm Türkiyə-Azərbaycan strateji müttəfiqliyindən irəli
gəlir, həm də Ankara Azərbaycan qazını Rusiya qazı ilə müqayisədə daha
ucuz almağı planlaşdırır".
Ekspertin sözlərinə görə, ancaq bu yerdə Yunanıstanın yeni hökuməti destruktiv fəaliyyətini ortaya qoydu: "Afina bütün addımlarıyla ”Türk axını"nın lehinə TAP layihəsini
gecikdirmək istəyir. Çünki Yunanıstan da Rusiyanın ənənəvi tərəfdaşıdır,
hər ikisi eyni slavyan köklərə malikdirlər, həm də Afina Kremldən
kreditlərə ümidlidir. Buna görə də Afina Azərbaycanla Türkiyənin
planlarını pozmağa çalışır. Afina Azərbaycanın başqa bir planını da
pozmaq istəyir. Azərbaycan Dövlət Neft Şirkəti Yunanıstanın keçmiş
hökuməti ilə razılaşaraq bu ölkənin DESFA qazpaylayıcı şirkətinin 60
faiz səhmlərini almışdı. Yeni hökumət isə məsələyə yenidən baxacağı və
səhmlərin Yunanıstan dövlətinin nəzarəti altında qalmasıyla rəsmi Bakını
şantaj edir.
Buna baxmayaraq, Türkiyə də Yunanıstan hökumətinin planlarını
pozur. Çünki Ankara "Türk axını” layihəsinə "yaşıl işıq” yandırmasa,
Afinanın Rusiyanı irəli salmaq təşəbbüslərinin heç bir əhəmiyyəti
qalmayacaq. Boru xəttinin tikintisi və qazın Avropaya çatdırılması
layihəsində Rusiya Yunanıstandan yox, Türkiyədən asılıdır. Boru xətti
Türkiyədən keçmədən Yunanıstan və Avropa Birliyinin digər dövlətlərinə
uzana bilməz". .
E.Şahinoğlu qeyd etdi ki, indiki şərtlər daxilində Azərbaycanın alternativ imkanları da var:
"Birincisi, Avropa ilə alınmasa, Azərbaycan öz qazını bir müddət
Türkiyəyə satacaq. İkinci tərəfdən, başqa Avropa Birliyi dövlətləri
Azərbaycan qazına və boru xəttinə maraq göstərirlər. Onların məqsədi
Rusiya qazından asılılığını azaltmaqdır. Bu amilin özü Avropa üçün
Azərbaycan qazını daha cazibədar edir. Yunanıstanın xaricində Avropa
Birliyi boru xəttinin tikilməsi məsələsində Azərbaycanın müttəfiqidir.
Təsadüfi deyil ki, İtaliya TAP layihəsində pay almaq istəyir. Halbuki
kəmərin tikintisi hələ danışıqlar mərhələsindədir. Beləliklə, qazın
Avropaya kimin birinci çatdırması məsələsində bölgədə iki -
Rusiya-Yunanıstan və Türkiyə-Azərbaycan blokları formalaşıb və məsələ
enerji mövzusundan siyasi mövzuya çevrilib. Azərbaycanın öz qazını
Türkiyə üzərindən Avropaya daha tez çatdırmaq təşəbbüsləri Kremli xeyli
qıcıqlandırır. Buna görə də rəsmi Bakı Kremli strateji tərəfdaş
adlandırsa da, Rusiya hakimiyyəti Azərbaycana siyasi müstəvidə əlavə
problemlər yaradacaq”.
Mərkəz rəhbəri deyir ki, elə Azərbaycan torpaqlarını işğal edən
Ermənistana silah almaq üçün 200 milyon dollar kredit verməsi Rusiyanın
Bakıya mesajı idi: "Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllinə
marağı azalacaq. Üstəlik, Moskva Bakının başını qatmaq üçün cəbhə
bölgəsində bizə əlavə problemlər yarada bilər. Buna görə də siyasi
müstəvidə rəsmi Bakının Türkiyə, ABŞ və Avropa Birliyi ilə strateji
əlaqələrini gücləndirməsinə ehtiyacı var. Çünki Rusiyadan Azərbaycana
birbaşa və ya Ermənistanın əli ilə təxribat artarsa, ölkəmizin
Vaşinqton, Ankara və Brüssellə təmaslarını yoğunlaşdırmasına ehtiyacı
yaranacaq. Təsadüfi deyil ki, Azərbaycanın energetika naziri Natiq
Əliyev bugünlərdə ABŞ-ın Azərbaycandakı səfiri Tomas Sekuta ilə görüşdə
deyib, necə ki, vaxtilə Vaşinqton Bakı-Tiflis-Ceyhan layihəsinə siyasi
dəstək vermişdi, rəsmi Bakının eləcə də TAP layihəsində Vaşinqtonun
siyasi dəstəyinə ehtiyac var. Bunu nəzərə alaraq Bakının 3 mərkəz -
Vaşinqton, Brüssel və Ankara ilə əlaqələrindəki süni problemləri həll
etməsi lazımdır”.
E.Şahinoğlu xatırlatdı ki, Azərbaycan hakimiyyəti bu gün Qərbdən yalnız bir məsələyə görə təzyiq altındadır: "Vaşinqton və Brüssel bir neçə nəfərin məhbəsdən azad edilməsini və ya
ev həbsinə buraxılmasını istəyir. Məncə, bu məsələni həll etməyin zamanı
yetişib. Təxminən həbsdə olan 20 nəfərə görə Azərbaycan güclü təzyiq
altındadır. Qərb üçün siyasi məhbus mövzusu Dağlıq Qarabağ mövzusundan
öndə gəlir ki, bu bizim milli və təhlükəsizlik maraqlarımıza ziddir.
Həmin insanların sərbəst buraxılması Azərbaycan iqtidarı üçün təhlükəli
deyil.
Əksinə, rəsmi Bakı amnistiya ilə rahat nəfəs almaq imkanı qazanar
və Rusiyanın təzyiqləri qarşısında Qərbin dəstəyinin artırılmasına nail
olar. Türkiyə ilə də həll olunası məsələlər var ki, bunlar da Ankaranı
narahat edir. Birincisi, Türkiyə vətəndaşlarına tətbiq etdiyimiz vizanı
ortadan qaldırmalıyıq, ikincisi, türkiyəli iş adamlarına gömrükdə tətbiq
olunan qadağalar ləğv olunmalıdır, üçüncüsü, necə ki, Dövlət Neft
Şirkəti Türkiyənin kimya sənayesində böyük paya sahib olub, eləcə də
qardaş ölkənin iri kapitalına qapılarımızı açmalıyıq. Bütün bu addımlar
atılmadan Rusiyanın artan təzyiqi qarşısında Qərbdən və Türkiyədən arzu
etdiyimiz dəstək istənilən səviyyədə olmaya da bilər”.