“Məhkumların müharibədə iştirakı təcrübəsindən istifadə olunub, xüsusilə sovet dövründə məhbusların hərbi əməliyyatlara cəlb olunması tarixi var və bu öz özlüyündə müəyyən bir məna daşıyır”.
Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc Vətəninfo.az saytına açıqlamasında səfərbərlik zamanı məhkumların döyüşlərə cəlb olunub olunmaması məsələsinə münasibət bildirərəkən belə deyib:
“Onların üzərində konkret cəza müddəti var. Eyni zamanda etiraf etmək lazımdır ki, onlar bütün hallarda azadlıqdan məhrum edilmiş insanlardır. Amma bu və ya digər sahələrin mütəxəssisləridirlər. Bu baxımdan onların imkanları hansısa formada dəyərləndirilir. Ancaq burada başqa problemlər meydana çıxır. Azərbaycanın müstəqillik illərində də belə təcrübə olub, amma səhv istiqamətə yönəlib. Ona görə də bu kifayət qədər həssas məsələdir və mürəkkəb xarakterə malikdir və dərindən öyrənilməsi tələb olunur. Hansı xarakterli cinayətləri törədənlər, hansı yaş kvotasını daşıyan şəxslər bu proseslərə cəlb oluna bilər? Yəni müharibə başlayacağı təqdirdə biz kimləri əlavə olaraq bura cəlb etməliyik? Hansı xarakterli əməyə cəlb edilə bilərlər. Tutaq ki, təmir, tikinti taborlarında və yaxud başqa xarakterli işlərdə onların xidmətindən yararlanmaq olar. Müharibənin qanunları işə düşən kimi, səfərbərlik şərtlərinin əsasında onların xidmətindən yararlanmaq olar. İstənilən halda deyilə bilər ki, Azərbaycanın 1 milyondan artıq səfərbərlik potensialı var. Bu da kifayət qədər böyük qüvvədir. 100 mindən artıq ordu kontingentimiz mövcuddur. Bir sıra hallarda sayı minlərlə olan məhbusların bu məsələlərdə işi bəlkə də ziyanlı ola bilər, əks nəticələr də verər. Bunu konkret olaraq hüquqi formada müəyyənləşdirmək olar. Bu gün biz konkret olaraq çağırışlar etməməliyik ki, müharibə vəziyyətində məhz Cinayət Məcəlləsinin filan maddələrini əhatə edən, yaşı 20-dən 45-ə qədər əhatə edən insalar bu işə cəlb olunmalıdır və sair. Bir az dərindən öyrənərək məsələyə qiymət verilməlidir”.
Firudin