“Zəng elədim Elçibəyə dedim ki, özünüzə baş nazir tapın”

“Zəng elədim Elçibəyə dedim ki, özünüzə baş nazir tapın”

“İndi baş nazir də elə vəziyyətdədir ki, ağzını açaraq gözləyir ki, Prezident Aparatından kimsə bunun ağzına fındıq atacaq ki, çeynəsin”

Sabiq baş nazir Rəhim Hüseynov Moderator.az saytı və “Hürriyyət” qəzetinə müsahibə verib.

-Rəhim müəllim, neçə il baş nazir işlədiniz?

-Bir il yarım olardı. Heç hesablamamışam. Bir sözlə, 92-93-cü illərdə olub. Baş nazir olarkən Xalq Cəbhəsi hakimiyyətə gəldi və onlarla özüm işləmək istəmədim deyə getdim.

-Neçə baş nazir müavini ilə işləmisiniz?

-Heç onları da saymamışam. Vahid Əhmədov və Firudin Cəlilov da müavinlərim olub.

 -Baş nazirliyə gedən yol çətin oldumu?

-Mən Moskvada metallurgiyanı bitirmişəm. Qabaq Stalinin adını daşıyırdı- Stalin adına Moskva Polad İnstitutu adlanırdı. Bakıda 6 saylı orta məktəbi qurtardım, kimyadan, metallurgiyadan xoşum gəlirdi deyə, həmin peşəni seçdim. Ona görə də qəti qərara gəldim ki, metallurq olacam. Halbuki, onda atam səhiyyə naziri idi və kimə desəydi burda da mənə əla təhsil almağıma dəstək veriləcəkdi. Amma mən etiraz etdim və dedim ki, yox ey, metallurq olmalıyam. Rəhmətlik anam çox çalışdı ki, məni inadımdan döndərsin, amma atam razılaşmadı ki, qoy seçimini özü etsin, artıq kişidir, öz taleyini özü müəyyənləşdirməlidir. Beləliklə, Moskvaya getdim və sənədlərimi verdim. Özü də orda böyük “konkurs” vardı o zaman. Səhv etmirəmsə 5 imtahan idi, Yalnız bircə dənə 4 aldım, qalanları 5 oldu. Beləliklə, 53-59-cu illərdə Moskvada oxudum. İnstitutu bitirən kimi təyinatımı Sumqayıt Boru-Prokat zavoduna verdilər. 3 il orda işlədim. Usta köməkçisindən zavodun baş texnoloqunacan yol keçdim. O vaxt baş nazir (Nazirlər Sovetinin sədri-red.) Əli İsmayıloviç İbrahimov idi. Atamla yaxın dost idi və mənim də zavoddakı işimi özümdən xəbərsiz nəzarətə götürübmüş. Bir gün məni “Qosplan”a işləməyə dəvət elədi. Beləliklə, 59-cu ildə məni gətirdilər “Qosplan”a metal-prokat şöbəsinə. 3 il də orda işlədim. Bundan sonra respublikada yeni qurum yaradıldı-Maddi Texniki Təchizat Komitəsi. Məni çağırdı ki, get orda müavin işlə. Komitənin də sədri Saakov adlı bir nəfər idi.

-Erməni idi?

-Bəli, milliyyətcə erməni olsa da həmişə Azərbaycanda işləmişdi. Heç pis adam deyildi. Onunla da 9 il işlədim. O gedəndən də sonra məni sədr təyin etdilər. 15 il də oranın sədri oldum. 15 il də Ali Sovetin deputatı olmuşam. Bundan sopnra məni çağırıb bu dəfə Dövlət Plan Komitəsinin sədri göndərdilər. 3 il də yenə gəldim “Qosplan”a sədr oldum. Bundan sonra da məni baş nazir apardılar. Deyim ki, o vaxt Dövlət Plan Komitəsinin sədri baş nazirin birinci müavini sayılırdı.

 -Sizi Ayaz Mütəllibov baş nazir postuna dəvət etdi?

-Ayaz Mütəllibov əvvəl “Qosplan”da mənim müavinim olub. Xatırlayırsınızsa məni Milli Məclisdə-o vaxt Milli Şura idi-baş nazir postuna gətirdilər. Amma üstündən bir az keçmiş Ayaz Mütəllibov istefa verib getdi, qaldım cəbhəçilərin əlində. Baxmayaraq ki, özləri məni baş nazir kimi təsdiq etdilər, amma işləməyə imkan vermədilər. Gördüm ki, addımbaşı işimə qarışırlar, özbaşına qərarlar verirlər, bu cür xaosla işləyə bilməzdim. Çünki mən başqa cür, yəni dəmir qayda-qanunla işləmişəm həmişə. Elə rəhmətlik Heydər Əliyevin özüylə 16 il işləmişəm. Heydər Əliyevlə dünyanın bir çox ölkələrində birgə səfərlərdə olmuşuq. Nə isə, bir gün zəng elədim Elçibəyə. Dedim ki, siz özünüzə baş nazir tapın, mən sabahdan işə çıxmayacam. Onunla çox sərt danışdım ki, mənə işimə qarışmayacağınızla bağlı söz vermişdiniz, amma sözünüzə naxələf çıxdınız. Deməyim odur ki, məni AXC iqtidarı təzədən baş nazir qoyanda Elçibəyin qarşısında şərt qoymuşdum ki, iqtisadiyyat məsələsinə qarışmayacaqsınız, siz öz siyasətinizi aparın, mən siyasətçi deyiləm. Xülasə, ona sözümü dedim və səhərisi işə çıxmadım. 3 ay bunlar mənə yalvardılar ki, qayıt işinə, dedim qayıtmaram.

-Baş nazirin müavinlərindən hansından daha çox razı qaldınız?

-Mənimlə işləyən bütün müavinlərin hamısı elə yaxşı olub. Çünki onlar da mənim xasiyyətimi bilirdilər, ona görə də aramızda heç bir problem yaşanmadı. Sonralar Heydər Əliyev hakimiyyətə gələndə məndən soruşdu ki, niyə işləməkdən imtina etdiniz? Dedim ki, Heydər Əliyeviç, 16 il sizin rəhbərliyiniz altında işlədim, siz məni sədr təyin edəndə dediniz ki, heç kəs sənin işinə qarışa bilməz, ancaq mənim qarşımda məsuliyyət daşıyırsan və mənə cavab verəcəksən. Dedim axı indi belə deyil. Gülümsəyərək soruşdu ki, bəs necədir? Dedim indi Prezident Aparatında heç aparat rəhbərini demirəm, istənilən şöbə müdiri götürüb baş nazirə göstəriş verə bilir və verir də. İndi baş nazir də elə vəziyyətdədir ki, ağzını açaraq gözləyir ki, Prezident Aparatından kimsə bunun ağzına fındıq atacaq ki, çeynəsin. Mən belə işləyə bilmərəm axı. Xeyli susduqdan sonra qayıtdı ki, Raqim, tı ne ispravimıy. Dedi get otur fondunda işlə-mən onda Beynəlxalq Xəzər Fondu yaratmışdım-ordan götürüb Prezident Aparatının rəhbərinə zəng elədi ki, Rəhim Hüseynov yanımdadı, bunu deyib başladı məni tərifləməyə, bildirdi ki, o bir fond yaradıb, yaxşı işlər görür, nə lazımdırsa ona kömək elə və heç kim də onun işinə qarışmasın. Doğrudan da o tapşırdığına görə sonralar da heç kim mənim işimə qarışmırdı.

-Siz baş nazir olanda Azərbaycanın dövlət büdcəsi nə qədər idi? Rəqəmlər yadınızda qalıbmı?

-Rəqəmlər yadımda deyil. Amma sizə deyim ki, mən baş nazir olanda Azərbaycan kənd təsərrüfatında birinci idi. İttifaq respublikaları içərisində Moskvaya ilk meyvə-tərəvəzi biz yollayırdıq. Neft sənayesinin də çiçəklənmə dövrü idi və bu sahədə də Azərbaycan ittifaqda birinci idi. Ona görə də Azərbaycanın büdcəsi də yaxşı idi. Amma qısa vaxtda hamısını naşılar dağıtdı. Heydər Əliyev 93-də ikinci dəfə hakimiyyətə qayıdanda da ona dedim ki, biz birinci növbədə çalışmalıyıq ki, iqtisadiyyatımızın vəziyyətini sovetlər dağılandan əvvəlki səviyyəyə çatdıraq.

-Mən sovetlər dönəmindəki Nazirlər Sovetinin sədri olduğunuz illəri nəzərdə tutmurdum. Müstəqilliyin ilk illərində, qəpiyə güllə atdığımız və büdcədə siçanlar oynadığı dövrü nəzərdə tuturdum.

 -Mənimlə bağlı “İşıqlı insan” adlı bir kitab çıxıb və orada verdiyiniz bütün sualların cavabını tapacaqsınız. Mən həmin kitabın birini də sizə hədiyyə edəcəm və ordan istədiyiniz rəqəmi və statistikanı götürə bilərsiniz. O vaxt çətin idi və həm də müharibə gedirdi. Deyim ki, məndən başqa bunlar qorxularından cəbhə bölgəsinə gedə bilmirdilər. Şuşanın işğalında da, Xocalı qətliamı olanda da mən birinci getmişdim ora, divan tutulan, işgəncə ilə öldürülən insanların tanınmaz hala salınan cəsədləri bu gün də gözümün qabağından getmir. 90-cı ildə məni Ümumdünya Sülh Federasiyasına üzv qəbul etdilər. O vaxt həmin qurumun adı Xalqlararası-Dinlərarası Beynəlxalq Federasiya adlanırdı, 2003-cü ildə adını dəyişib Ümumdünya Sülh Federasiyası elədilər. O vaxtdan mən həmin qurumun üzvüyəm və məni sülh səfiri seçiblər. Özü də qərargahımız Nyu-Yorkdadır. Mən o vaxtdan həmin federasiyanın Ali Şurasının üzvüyəm. Sülh Federasiyası BMT-nin də üzvü olduğundan baş qərargahımız da elə Nyu-Yorkda yerləşir. Mən bu illər boyu 8 dəfə BMT-də çıxış edərək həmişə də erməni işğalından danışaraq beynəlxalq birliyi Dağlıq Qarabağ məsələsində ədalətli mövqeyə dəvət etmişəm. Mən ata Buşla işləmişəm. Onun evində də qonağı olmuşam. Heydər Əliyevlə də birlikdə Amerikada olmuşuq. Çində 7 dəfə, Yaponiyada 7 dəfə, Cənubi Koreyada isə 35 dəfə olmuşam. Cənubi Koreya mənə Bakı kimidir. Bilirsiniz niyə? Çünki həmin federasiyanın yaradıcısı koreyalıdır.

 -Sinqapurda olmamısınız? 


-Olmuşam. Afrika ölkələrində də olmuşam. Misirdə də olmuşam, İraqda Səddam Hüseynlə də görüşmüşəm.

-Liviyada Qəddafi ilə görüşməmişdiniz ki? -Yox, onunla görüşməmişdim. Amma şeyximizi mən o vaxt özümlə Kərbəlaya da aparmışam.

-Həcdə də olmusunuzmu?

-Həcc vaxtı getməmişəm, amma Kəbədə də olmuşam, amma Həcc vaxtı deyildi. Amma müqəddəs ziyarətgahlarımızın hamısını gedib gəzib görmüşəm. Şeyxi İrana da aparmışam, Kərbəlada da mənimlə birgə olub. İran şahı Məhəmməd Rza Pəhləvi ilə də görüşmüşəm. Ondan sonrakı İran rəhbərlərinin də hamısı məni yaxşı tanıyır. Çünki İrana çox gedib gəlmişəm. Ali Sovetin keçmiş sədri Yaqub Məmmədovu da o vaxt İrana mən aparmışam. Deməyim odur ki, dünyada elə ölkə yoxdur, orda olmayım.

-Pulu bölüşdürməyə yer tapmamaq çətindir, yoxsa bölüşdürməyə pul tapmamaq?

 -Pul olanda onu xərcləmək çətin deyil. Pul tapmayanda hamı bir-birini ittiham edir, olmayan şeyi bölüşdürmək kimsənin ağlına gəlməz ki. Amma pulu da ağılla xərcləmək lazımdır. Sovet vaxtı pul korluğu yox idi. Bir də ki, o vaxt dövlət planı Nazirlər Sovetində təsdiq olunurdu, onu heç kim bir qəpik də o yan, bu yan edə bilməzdi. Özü də biz o planı təsdiq edəndə bütün sahələrə ədalətli şəkildə bölüşdürürdük. Heç kimin də ixtiyarı yox idi ki, Nazirlər Sovetinin sədrinin xəbəri, icazəsi olmadan nəsə etsin. Amma indi nə istəyirlər edirlər. Elə işlər görürlər heç baş nazirin xəbəri olmur. 2004-cü ildə mən prezident İlham Əliyevə məktub göndərdim ki, Heydər Əliyevin vaxtında işləyən nazirləri, komitə sədrlərini, onların müavinlərini indi bir köpüyə saymırlar. Axı biz Heydər Əliyevin rəhbərliyi altında həmin o insanlarla Azərbaycanı qurub bu günlərimizə gətirmişdik. Sağ olsun, məktubdan sonra götürüb fərman verdi və Heydər Əliyevin vaxtında yüksək vəzifə tutmuş insanların hamısı prezident təqaüdü və yaxşı pensiya aldılar.

-İlham Əliyevlə görüşmüsünüzmü heç?

-Bir neçə dəfə görüşmüşəm. Ama Heydər Əliyevin sağlığında. Heydər Əliyev Klivlenddə yatanda da İlham Əliyevlə orda görüşmüşəm. O məni yaxşı tanıyır. Amma heç vaxt öz işimlə bağlı ona bir dəfə də ağız açmamışam.

-Heç özü də təşəbbüs göstərib sizi dəvət etməyib?

-Yox. Deyim ki, 2004-cü ildə İlham Əliyevin göstərişi ilə prezident təqaüdünə birinci mənim adımı yazmışdılar. Amma Prezident Aparatının rəhbərliyi onu keçirtmədi, adımı siyahıdan çıxardılar, İlham Əliyev də heç maraqlanmadı ki, Rəhim Hüseynovun adını niyə çıxardılar. Mənimlə işləyən bütün nazirlər, nazir müavinlərinin hamısı bu gün də həmin təqaüdü alırlar, amma mən almıram. Mənə çox dedilər, dedim heç vaxt müraciət etmərəm. Allaha şükr, yeməyə çörək tapırıq, heç nə lazım deyil. Amma sizə deyim ki, mətbuatda artıq-əskik yazılmasına baxmayaraq hesab edirəm ki, İlham Əliyev yaxşı işləyir və indiki çətin dövrdə ölkəyə bacarıqla rəhbərlik edir, müstəqilliyimizin qayğısına qalır.

-Fevralın 21-dəki devalvasiyadan sonra yaşanan zəlzələnin dalğası gəlib sizə də çatdımı? (keçmiş baş nazirin yaralı yerinə toxunmuşduq deyəsən...)

Ardı var...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az