ÜZÜMÜZƏ BAĞLANAN QAPILAR
Həyatda sevdiyim, rəğbət bəslədiyim varlıqlar çox, onlara olan məhəbbətim tükənməzdir. Sevdiklərimi sadalamaq üçün bir kitab yazmaq olar. Etiraf edim ki, sevgimlə yanaşı, nifrət etdiklərim də vardır. Çox təəssüf, gərək olmayaydı!
Məncə, sevgini də, nifrəti də yaşadan bir amil vardır. Onların hər ikisi zərurətdən yaranır.
Qəlb oxşayan, könülləri fəth edən gözəlliklər, el-obasına bağlı olan insanların xeyirxah əməlləri, hörmət, ehtiram,yurd sevgisi, daha nələr, nələr?! Bunları saymaqla qurtarmaq olmaz. Nifrət etdiklərimin yalnız birinin adını çəkəcək, dəyərli dostlarımla fikirlərimi bölüşəsi olacağam: ”QAPIN BAĞLANSIN!”
Ən çox dəyər verdiyim ALQIŞDIRSA, nifrət etdiyim isə QARĞIŞDIR! Qarğışlar müxtəlif olsalar da, hamısının rəngi qaradır, üzü qara olsun qaranın! ”Səni görüm,qapın bağlansın!” Ən çox nifrət etdiyim, insanı sarsıdan, ona qəm, kədər gətirən bir ifadə!
Çox dəyər verdiyim, hörmət bəslədiyim dostlarım gözəl bilirlər ki, bütün yazılarım reallığa söykənir. Əslində bu da həqiqətdir ki, qəlbimi incidən, üzən, yenə də reallıqdan qələmimə hökm edən ürəyimin səsi, qəmli naləsidir bu kiçicik cızmaqaram!

Haqqında müxtəlif qrup və saytlarda bəhs etdiyim Cənubun loğmanı-əmim oğlu Tahirəli Pişanovun qəflətən, həm də vaxtsız ölümü hamımızı sarsıtmışdı! Onlar iki qardaş idilər. Cənubda tibb sahəsində parlayan iki ulduz! Bütövlükdə Cənub zonasına əbədi bir şəfa çələngi gətirən loğman! Hələ T.Pişanov dünyasını dəyişərkən ağır xəstə yatan, Cənubun hər rayonunda, bütün insanların sevimlisinə çevrilən İmaməli Abışov həkim ağır xəstə idi. Bütün qohum-qardaş bilirdilər ki, nə vaxtsa biz növbəti faciə ilə üz-üzə dayanası olacağıq!! Belə də oldu... Səkkiz avqust 2017-ci il tarixi bütövlükdə Ağayevlər nəsli, Tahirsevər və İmaməlisəvərlər üçün növbəti bir faciə günü oldu! Təkcə Lənkəran deyil, bütün Cənub bölgəsinə, Bütövlükdə Azərbaycan səhiyyəsinə ağır bir itki üz verdi!
ABIŞOV İMAMƏLİ ZAHİRƏLİ OĞLU AĞIR XƏSTƏLİKDƏN SONRA DÜNYASINI DƏYİŞDİ! Beləliklə də, hər birimizin qarşısında yaşıl işıq yanan xəstəxana qapılarını üzümüzə bağlayası oldular! Əziz dostlar, qohum-qardaşlar! İcazə verin sizin hamınızın adından Abışov İmaməlinin əzizinə, onun daha yaxın olan övladlarına, şəxsən Elnur Abışov həkimə bu münasibətlə dərin hüznlə başsağlığı verim,onlara böyük Yaradandan səbir diləyim, əziz əmim oğlu-qardaşım Abışov həkimə rəhmət arzulayım! Məkanın Cənnətlik olsun, qardaş! Ruhun əmin ola bilər ki, əziz xatirən qəlbimizdə əbədi yaşayacaq!
***
Yeri gəlmişkən:
2017-Cİ İL İYUN AYINI SONLARI İDİ. Gecə saat 2,3-ə işləmiş özümdə narahatlıq hiss etdim. Zəhərlənmə olmuşdu. Kənddə özüm özümə "həkimlik” etdim. Marqans, ayran, qatıq və s. Səhər açıldı. Saat doqquzda özümü xəstəxanaya çatdırdım. İ.Abışov 40 ilə yaxın idi ki, mədə-bağırsaq şöbəsinin müdiri idi. Təəssüf ki, işə çıxa bilmirdi. İçəriyə girdim. Nə edəcəyimi bilmirdim. Çaşbaş qalmışdım. Haraya gedim?! Özüm də ünvanını bilmədiyim səmtdə, necə deyərlər, bir ayağım irəli biri geri gedirdim. Dəstəsindən perik düşən bir quşa bənzəyirdim. Birdən yaşadığım kəndin sakinlərindən biri-orada tibb bacısı işləyən Zümrüd xanım məni gördü. Hörmət və ehtiramla qarşıladı. Həkimlərə Abışovun əmisi oğlu olmağımı bildirdi. Həkimlər məsləhət gördülər ki, mədə-bağırsaq yuyulsun, etdilər də.Hamısına minnətdaram! Bir qısa zaman keçmişdi ki, telefonuma zəng gəldi:
-Alo, -dedim. Salam. Orada işini qurtar, Zəfər həkimin yanına get. Onun məısləhətiylə hərəkət edərsən, mənimlə əlaqə saxlayarsan.
-Baş üstə, -dedim.
Danişan İ.Abışov idi. Zəfər həkimin yanına getdim. Görüşüb-öpüşdük. Hörmətlə məni qarşıladı(ona da minnətdarlığımı bildirirəm). Sistem üçün dərman yazdı, alıb yenə də Abışovun şöbəsinə qayıtdım. Qızlar bir sistem asdılar. Sabahısı gün yenə də oraya getməli idim. Getdim. İkinci sistem asılmışdı. Üçüncü gün də bu hal təkrarlandı. Yenə də qolumda sistem yerimdə uzanmışdım ki,
birdən ağ xalatda bir həkim içəriyə daxil oldu. Zərif cins nümayəndəsindən idi (Allah o xanımı da qorusun!). Mehribancasına salam verdi və dilləndi:
-Rövşən müəllim, Abışov zəng etmişdi, çox narahatdır, vəziyyət necədir?
Minnətdarlıq etdim. Yanımdaca əyləşdi. İcazə alıb, əl ilə məni müayinə etdi və dilləndi:
-Uzidən, şəkər həkimindən, bir də mədənə şlanq salınmalıdır, onları edib qurtardıqdan sonra müalicə yazarıq.
Razılaşdım.Yarım saat keçmişdi ki,tanımadığım bir həkim xanım uzandığım palataya gəlib salamlaşdı və dilləndi:
-Rövşən müəllim, doktor Abışov dedi ki, heç bir müainəyə getməsin, evə getsin, mənimlə əlaqə saxlasın.
-Baş üstə,-dedim.
Evə qayıtdım.Vəziyyətim hələ tam sağalmamışdı. Abışova zəng etdim. Həmişə şaqrar, məlahətli, şirin danışıq sarı sim notları üstündə köklənmişdi. O şirinlik, lətafətə "acılıq”qatılması aydın sezilirdi.
Salamlaşdıq, hal-əhval tutduq.
-Sabah xəstəxanaya gələcəyəm. Zəfər həkimin təyinatını icra edirsən?
-Edirəm. Üç sistem yazmışdı, vurdurdum.
-Bəs dərman yazmamışdı?
-Yox. Ehtiyac yoxdur, dedi..
Həə. Çətin imiş də. Ona görə yaxşılaşmamısan. Sabah gedirsən?
O bilirdi ki, mən sabah Bakıya qayıdacağam.
-Bəli, -dedim.
Götür qələm-dəftər,mən deyim,yaz.
Hər şeyi hazırladım, zarafatından da qalmadı:
-Sən dilçisən, dərmanın adını düzgün yaz, bilərlər, sənə yaxşı olmaz!!
Üç dərmanın adını dedi, yazdım. Xeyli zarafatlaşdıq, xudahafizləşdik!
Sabahı gün Bakıya qayıtdım. Bir aptekə daxil olub, siyahını ona verdim və zarafatla dedim ki, xanım, dərmanların adları düzmü yazılıb?
Xanım "resepti” bir də oxuyub dilləndi:
-Bəli,düzgündür.Bunu həkim yazmayıb ki?
-Xeyr,dilçi müəllim yazıb.
Əhvalatı danışdım, bir qədər gülüşdük!
Yazdıqlarım son olanlardandır. Abışovun haqqında da silsilə xatirələr yazacağam, inşallah!
Rövşən Ağayev
Əməkdar müəllim