Donald Tuskun səfəri Aİ-nin Azərbaycanla əməkdaşlığa nə qədər böyük əhəmiyyət verdiyini göstərir

Donald Tuskun səfəri Aİ-nin Azərbaycanla əməkdaşlığa nə qədər böyük əhəmiyyət verdiyini göstərir

"Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə səfəri həm Azərbaycan üçün, həm də Avropa-Azərbaycan əlaqələri üçün çox mühüm hadisələrdən biri idi".

Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədov qeyd edib ki, bu, Avropa İttifaqı Şurası prezidentinin Avropa ölkələrindən kənara ilk xarici səfərlərindən biri, bəlkə də birincisi idi: "Bu da Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa nə qədər böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirir”.

PA rəsmisi deyib ki, bu səfərlə bağlı əvvəlcədən müəyyən razılaşma var idi: "Səfər əslində Avropa Oyunları zamanı baş tutmalı idi. Avropa İttifaqı Şurası prezidentinin bu Oyunlara da baş çəkmək niyyəti var idi. Lakin həmin vaxt, iyun ayında Yunanıstanda baş verən hadisələrlə bağlı çox mühüm bir vəziyyət əmələ gəldi. Bununla bağlı Avropa İttifaqının rəhbərləri yığışmalı oldular. Böhran vəziyyəti idi. Ona görə də bizə xəbər göndərdi ki, gələ bilmədiyinə görə üzr istəyir və səfəri bir qədər təxirə salır”.

N.Məmmədov vurğulayıb ki, son vaxtlar, xüsusilə, bu ilin əvvəlindən Azərbaycanla Avropa İttifaqının strukturları, eləcə də bəzi qərb strukturlarının bir sıra məsələlərə fərqli yanaşmaları var idi: "Bunun da əsas səbəbini bununla izah edirik ki, Azərbaycan müstəqilliyini qazandığı ilk gündən Avropa İttifaqı, o cümlədən, Avropa dövlətləri ilə bütün sahələrdə və bir sıra çox mühüm strateji sahələrdə ən uğurlu, ən möhkəm və sıx əməkdaşlıq edən dövlətdir. Mən şəxsən bunu qeyd edirəm ki, postsovet məkanında olan dövlətlər içərisində Avropa strukturları, Avropa dövlətləri ilə Azərbaycan qədər uğurlu, hərtərəfli əməkdaşlıq edən ikinci bir dövlət göstərə bilməzsiniz”.

PA rəsmisi bildirib ki, Azərbaycan Avropa İttifaqı, Avropa dövlətləri ilə bir neçə sahədə strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq edir: "Onlardan biri enerji sahəsidir. Bu illər ərzində enerji sahəsində həyata keçirilən layihələr çox böyük layihələr olub və onlar ümumiyyətlə həm regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə, həm də Avropanın müəyyən mənada enerji təhlükəsizliyinə töhfə verib. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə terrorizmə qarşı çox səmərəli mübarizə aparır”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az