Qarabağ-Avropa xətti və böyük qələbənin ilk işartıları - TƏHLİL

Qarabağ-Avropa xətti və böyük qələbənin ilk işartıları - TƏHLİL
Bayram tətilinin sərinlətməyə çalışdığı ortam, yeni həftənin ilk günü ilə birdən-birə gərilməyə başladı. Yola saldığımız ayın əsas mövzusu olan Azərbaycan-Avropa siyasi-diplomatik qarşıdurması ayın son günlərində Azərbaycan-Ermənistan sərhədində və işğal olunmuş ərazilərdəki təmas xəttində ağır döyüşlər və hər iki tərəfdən verilən itkilər əsas gündəm xəbərinə çevrildi.
Cəbhədə zaman-zaman baş verən mövqe döyüşləri, erməni qoşunlarının atəşkəsi pozması vərdiş edilən hallardan olsa da, bu dəfə artıq ağır silahların, raket-artilleriya qoşunlarının və minaatanların da iştirakı ilə cəbhə bölgəsində ağır döyüşlər baş verdi. Atəşkəsi pozan düşmənə layiqincə cavab verən silahlı qüvvələrimiz keçən gün 7 erməni əsgərini məhv etdi və ondan çox erməni işğalçısını da yaraladı. Ermənistanda ciddi təşvişə səbəb olan ordumuzun bu cavab zərbəsi işğalçı dövlətin rəhbərləyini belə qorxuya saldı. Döyüş xəttindəki silahlı qruplaşmalarının psixoloji və mənəvi cəhətdən deqradasiyaya uğradığını görən Ermənistan rəhbərliyi, adət üzrə Rusiyanın qapısını çaldı. Son zamanlar Azərbaycanla hərtərəfli əlaqələr quran Rusiya baş verənlərə münasibətdə soyuqqanlılığını qorudu və KTMT-nin xətti ilə İrəvana "xoruzlanmaq üçn əsas verən" heç bir bəyanat vermədi. Təcavüzkar siyasətinin yavaş-yavaş iflasa uğradığını və sındığını görən cinayətkar erməni hökuməti növbəti dəfə Rusiyanı şantaj etmək qərarına gəldi.
Döyüş xəttindəki itkilər və silahlı birləşmələri arasında təşviş və qorxudan fərarilik halları artan Ermənistan rəhbərləri, gec də olsa, yenidən Risiya ilə müharibə vəziyyətində olan Qərbin qapısını döymək qərarına gəldi. Rusiyanın diqqətini yenidən üzərinə çəkmək və Moskvaya "tarixi qəyyumluq borcunu" xatırlatmaq istəyən Sarkisyan, tələsik ABŞ-ın yolunu tutdu. Erməni diasporunun böyük əziyyətlə əldə etdiyi dəvət çərçivəsində erməni separatçısı Sarkisyanın aşağı vəzifəli Ağ ev məmurları ilə qısa görüşlər keçirəcəyi gözlənilir. Rusiyanın bu addımdan qorxacağını zənn edən erməni hökuməti, əslində Moskvanın bu hərəkətdən hiddətlənəcəyini ağlına belə gətirə bilməzdi. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmalara kifayət qədər laqeyd yanaşan Rusiya mediası bu dəfə rəsmi agentlikləri vasitəsi ilə yadığı xəbərlərdə sırf Azərbaycanın rəsmi mövqeyini işıqlandırdılar. Rosbalt, İtar-Tass və digər KİV-lərin erməni ordusunun döyüş xəttində verdiyi itkiləri Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən manşetdən verməsi ikiüzlü və riyakar ermənilərə Moskvanın verdiyi xırda bir mesaj idi.

Döyüş bölgəsində Azərbaycan ordusundan yediyi ağır zərbələrdən sonra artıq gücsüzlüyünü və işğal etdiyi Azərbaycan torpaqlarını biabırçı məğlubiyyət nəticəsində tezliklə geri qaytarmaq məcburiyyətində qalacağını dərk edən Ermənistan hakimiyyəti Azərbaycanla Avropanın siyasi strukturları arasındakı müvəqqəti anlaşılmazlıqdan istifadə edərək, Qarabağ məsələsində Avropa İttifaqı ölkələrini revanş götürmüş rəsmi Bakıya təzyiq etməyə sövq etmək üçün uğursuz qeyri-peşəkər həmlələrə başladı. Azərbaycan rəhbərliyinin və ictimaiyyətinin xarici təzyiqlərə qarşı yumruq kimi birləşməsi Avropanın tərəqqipərvər qüvvələrini bir qədər ayıltdı və Avropa ölkəmizə qarşı tutduğu mövqeyini yumşaltmaq məcburiyyəti qarşısında qaldı. 

Əvvəlcə Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi qrupu göndərməkdən imtina edən Avropa, daha sonra bu qərarından vaz keçərək seçkiləri izləmək üçün müşahidəçilərin göndəriləcəyini elan etdi. Azərbaycanın sərt mövqeyindən sonra ölkəmizə təzyiqlər yolu ilə heç bir diktəni qəbul etdirə bilməyəcəklərini, özlərinin enerji təhlükəsizliklərini təhdid altında qoyduqlarını bir daha dərk edərək, ritorikalarını və verdikləri bəyanatlarının tonunu aşağı salmaq məcburiyyətində qaldılar. Avropa Rusiya ilə gərginləşən münasibətləri fonunda və qışın qapıya dirəndiyini anlayaraq, həm də ölkəmizdə öz "çaldıqlarına" oynamaq üçün satqın qüvvə tapa bilmədiklərinə görə, dövlətimizin sərt mövqeyi və müstəqil siyasəti ilə razılaşmağa məcbur oldular. 
 
P.S. Baş verən son prossesləri təhlil edərkən iki nüansa xüsusi diqqət yetirmək lazımdır. Birinci nüans ondan ibarətdir ki, Azərbaycan son illər apardığı hərbi islahatların nəticəsi kimi, faktiki olaraq regionun ən güclü dövləti halına gəlib və döyüş bölgəsindəki vəziyyət bunun bariz nümunəsidir. İkinci nüans isə nəhəng Rusiyanın iqtisadiyyatını sanksiyalarla çətin duruma salan Avropanın geosiyasi müstəvidə Azərbaycana qarşı başladığı həmlələrə son vermık məcburiyyətində qalmasıdır. Bu, ölkəmizin son 10 il ərzində nə qədər gücləndiyini, əhəmiyyətinin nə qədər artdığını və regionumuzda gedən geosiyasi və geoiqtisadi prosseslərdə əsas oyunçu dövlətlərdən birinə çevrildiyini göstərir.

Bakuinfo.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az