"Azərbaycan və Avropa İttifaqı çox yaxşı iki ticarət tərəfdaşıdır”.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Aİ Şurasının prezidenti Donald Tuskla keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın xarici ticarətinin demək olar ki, yarısı Avropa İttifaqı ölkələri ilə aparılır: "Aİ ölkələri həmçinin bizim əsas investorlarımızdır. Çünki ölkəmizə sərmayələrin 50 faizindən çoxu məhz Avropa İttifaqından gəlir. Bu iqtisadi əməkdaşlığı digər sahələrə də aid etmək lazımdır. Potensial əməkdaşlıq sahələrindən biri də daşımalar sahəsidir. Artıq dəmir yolu xətti layihəsi bitmək üzrədir. Beləliklə, Azərbaycan, Türkiyə və Gürcüstan birləşəcək, qədim İpək Yolu bərpa olunacaq, iki qitə arasında ticarət dövriyyəsi artacaq. Azərbaycan tranzit ölkəsi kimi bunda öz mühüm rolunu oynayacaq”.
Prezident görüşdə enerji təhlükəsizliyi məsələlərinin də müzakirə
olunduğunu söyləyib: "Avropa ilə yaxşı tərəfdaşıq. Cənub Qaz Dəhlizi
layihəsi ötən il təqdim edildi. Azərbaycan öz təşəbbüsü ilə bu layihəni
irəli sürüb. Hazırda tərəfdaşlar, qonşu ölkələr və sərmayədarlarla
birlikdə işləyirik ki, bu layihəni vaxtında icra edək. Bizim
təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. "Şahdəniz” qaz
yatağının ehtiyatı 1 trilyondan artıqdır. Bu da gələn on illər ərzində
bizi qazla təmin edəcək. Cənubi Qaz dəhlizi layihəsi ölkələri
birləşdirən layihədir. Bu isə istehsalçı, istehlakçı və tranzit ölkələrə
xidmət edən bir layihədir. Ölkələr arasında tarazlıq təmin edilməlidir.
Bu, fevral ayında Bakıda məşvərət şurasının iclasında qəbul edilən
bəyannamədə öz əksini tapıb. Bu ilin mart ayında TANAP layihəsinin tikintisi başlayıb. Biz işləri vaxtında aparırıq. Enerji
təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı ola bilməz. Bu layihə həm də
enerji diversifikasiyası layihəsidir və nəinki marşrutların, həmçinin
mənbələrin də şaxələndirilməsi deməkdir. Azərbaycan öz ehtiyatları,
infrastrukturu və təcrübələri ilə belə bir meqalayihəni həyata keçirmək
əzmindədir. Biz şadıq ki, Azərbaycanın bu sahədə rolu Avropa İttifaqının bu yaxınlarda qəbul edilmiş sənədlərində öz əksini tapıb”.