4 qat dünya çempionu olan azərbaycanlı polis kapitanı bıçaqlandı
İyulun 29-da Qaradağ rayonu ərazisində 11 qat Azərbaycan çempionu olmuş,
K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4 qat dünya çempionu və
beynəlxalq dərəcəli idman ustası, polis kapitanı Kamil Şərifov xidməti
vəzifəsini yerinə yetirərkən bıçaqlanıb.
Bu barədə çempionun dostu, tanınmış məşqçi Kamil Zeynallı məlumat verib.
Məlumata
əsasən, Qaradağ rayonunun Qobu qəsəbəsində oğurluq hadisəsini araşdıran
polis kapitanı Kamil Şərifov tək başına beş nəfər şübhəli şəxsi
saxlamaq istəyib. Şübhəli şəxslər polisə tabe olmayaraq, ona hücum
ediblər və cinayətkarlardan biri polis kapitanına qəflətən 3 bıçaq
zərbəsi endirib.
11 dəfə Azərbaycan çempionunu bıçaqlayan şəxslər ərazidən uzaqlaşıblar.
Onun
sözlərinə görə, 4 qat dünya çempionu təcili tibbi yardım avtomobili ilə
1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, orda da əməliyyat
olunub.
K.Şərifov hazırda Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunur.
K.Şərifovun
yaxın dostu, məşqçi Kamil Zeynallı öz İnstagram səhifəsində onun
xəstəxana çarpayısında uzanıqlı vəziyyətdə fotosunu yayıb.
Fotonun yanındakı şərh bölümündə isə yazılıb:
"Allah
şəfa versin, qardaşım. 2 saat keçən əməliyyatdan sonra yaxşıdır hər
şey. Səni belə incidənlər çox getməz, qardaşım. "Prince Baku”, daima biz
dostların sənin yanındayıq... Gecə saat 1-də vəzifə borcunu yerinə
yetirərkən 5 şübhəlini saxlayıb, sonda əlbəyaxa olublar, 3 bıçaq zərbəsi
alıb”.
Qeyd edək ki, K.Şərifov idmançılar arasında "Prince Baku” ləqəbi ilə də tanınır.
oxu.az