Ramiz Alıyev: "Bunu müxalifətdən olan siyasi partiyalar da yaxşı başa düşürlər”
Bu günlərdə yeni bir qurum-Strateji Araşdırmalar İnstitutu
fəaliyyətə başlayıb... Strateji Araşdırmalar İnstitutu (SAİ) adı altında
fəaliyyət göstərəcək təşkilatın görəcəyi işlər, qarşısına qoyduğu
məqsədlər və s. barədə SAİ-nin rəhbəri Ramiz Alıyevlə söhbətləşdik.
-Ramiz müəllim, Strateji Araşdırmalar İnstitutunun yaradılması hansı
zərurətdən meydana çıxdı və institut əsasən hansı istiqamətlərdə
fəaliyyət göstərəcək?
-Bu cür institutlar və bu kimi beyin mərəzlərinin olması hər bir ölkənin
siyasi həyatı üçün vacib olan məsələlərdəndir. Ümumilikdə bunu etiraf
etməliyik ki, dünyanın inkişaf etmiş ölkələrində istər dövlətin
tabeçiliyində olan beyin mərkəzləri, istərsə də müstəqil beyin
mərkəzləri kifayət qədər çoxdur. Qeyd etdiyim kimi inkişaf etmiş
ölkələrdə olan beyin mərkəzləri ölkəsi və dövləti üçün, onun xeyrinə
olan fəaliyyətlə məşğul olurlar. Yəni çox hallarda onlar üçün
iqtidar-müxalifət anlayışı olmur, əsas dövlətçilik öndə olan məsələdir.
Xüsusilə qeyd etməliyəm ki, ölkəmiz də daxil olmaqla bütün inkişaf etmiş
və inkişaf etməkdə olan dövlətlərdə bu cür beyin mərkələrinə, araşdırma
institutlarına ehtiyac duyulur və dövlət tərəfindən lazımı dəstəklər
göstərilir. Bu amillər bütün ölkələrdə nəzərə alınır. Bəzən isə
hakimiyyətlə dövlət anlayışını səhv salıb həm həmin dövrdə olan
hakimiyyətə, həm də dövlətinə qarşı müxalif mövqedən çıxış edərək
ölkəsinin imicinə zərər vururlar. Mənim fikrimcə cəmiyyətdə hansı
sahədə fəaliyyət göstəririksə göstərək, ən ümdə olan məsələ
dövlətçiliyimizə bağlı olmaqdır. Hər birimiz bu amalla yaşamalıyıq.
Strateji Araşdırmalar İnstitutunun yaradılmasında əsas məqsəd də məhz
ölkəmizə və dövlətimizə öz fəaliyyət istiqamətimizlə layiqincə xidmət
göstərməkdir. Fəaliyyət dövründə tərəfimizdən müxtəlif araşdırmalar
aparılacaq, konsepsiyalar hazırlanıb aidiyyatı qurumlara təqdim
olunacaq. Media nümayəndələri, xaricdə yaşayan lobbiçilik fəaliyyəti ilə
məşğul olan həmyerlilərimizlə sıx əməkdaşlığımız olacaq ki, güclərimizi
birləşdirərək xaricdə Azərbaycanın daha da yaxşı tanıdılması və təbliğ
olunması üçün daha yaxşı işlər ortaya qoya bilək. Ermənistan –Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq
ərazi bütövlüyümüz çərçivəsində həll olması istiqamətində beynəlxalq
təşkilatlarla da işlər aparılmasını düşünürük. Dünyanın gözü qarşısında
bizim bir milyon vətəndaşımızın hüquqları pozulub. Bu istiqamətdə də
fəaliyyətimiz olacaq və hüquqları pozulmuş vətəndaşlarımızın
hüquqlarının bərpa olunması yolunda beynəlxalq təşkilatlara lazımı
sənədlər və etirazlar göndəriləcək. Yəni görəcəyimiz işləri dövlətimizin
gördüyü uğurlu fəaliyyətə bir növ dəstək olmaq kimi də düşünmək olar.
Cənab Prezidentin dediyi kimi, hər bir vətəndaş öz işi ilə Azərbaycan
dövlətinə bu yolda dəstək olmalıdır. Ölkə daxilində də müxtəlif
araşdırmalar olacağını qeyd etmişik. Belə ki, əhalinin daha rahat
yaşaması və fəaliyyəti ilə bağlı bir neçə araşdırma aparıb aidiyatı üzrə
təklif şəkilində qurumlara təqdim edəcəyik.
-SAİ ölkənin siyasi həyatı, qarşıdan gələn parlament seçkiləri və
seçkiqabağı vəziyyətlə bağlı da araşdırma, təhlillər aparacaqmı?
-Əlbəttə ölkə daxilində də siyasi, iqtisadi və s. araşdırmalar
aparılacaq. Aparılan araşdırmalar mütəmadi olaraq media vasitəsilə
ictimaiyyətə çatdırılacaq. Məlumdur ki, bu il ölkəmizdə parlament
seçkiləri keçiriləcək. Seçkilərin noyabr ayında keçirilməsi artıq bəyan
olunub. Ancaq etiraf etməliyik ki, ölkəmizdə fəaliyyət göstərən əlli
siyasi partiyanın hələlik əksəriyyətində canlanma müşahidə olunmur. Əgər
həqiqətəndə belədirsə onda nəyə lazımdır bu qədər siyasi partiya?
Ümumiyyətlə, siyasi pariyalar öz işlərini və seçkiyə hazırlıqlarına
iştirak etdikləri seçkidən dərhal sonra start verməlidirlər. Yəni oturub
seçkiyə bir ay qalmış hazırlıqlar aparmaq heç bir zaman fayda verməz.
Siyasi partiyalar və seçkidə iştirak edən bloklar bu şansdan lazımı
səviyyədə yararlanmalıdır. Azərbaycanda hansısa xarici dairələrə
güvənərək və yaxud silahlı güclə hakimiyyətə gəlmək mümükün olmayacaq.
Bunu əminliklə deyə bilərəm. Ona görə ki, hazırki hakimiyyət və
hakimiyyətə başcılıq edən şəxs Prezident Cənab İlham Əliyev xalqın gücü
ilə hakimiyyətdə olduğu üçün bu cür qətiyyətli siyasət yürüdə bilir.
Bunu açıq demək lazımdır. Diqqətlə fikir versəniz özünüz də müşahidə edə
bilərsiz. Belə ki, hazırki siyasətlə heç bir güc sahibi olan ölkəyə
vassal olmamışıq, iqtisadiyyatımız inkişaf edir. Hansısa güc sahibi
olan bir dövlət ölkəmiz haqqında səhv fikirlər söyləyərkən hakimiyyətin
ən yüksək dairələrindən ona kəskin cavab verilir. Bütün bunlar ona
görədir ki, hazırki hakimiyyətin arxasında xalq dayanıb və o,
səlahiyyəti də hakimiyyətə xalq verib. Bütün dövlətlərdə xalq tərəfindən
bu cür etibarı, inamı qazanan liderlər və onun komandası hər zaman uzun
müddətli hakimiyyətə sahib olurlar. Bu gün Azərbaycanda hazırki
hakimiyyətə qalib gələ biləcək güc yoxdur və bunu müxalifətdən olan
siyasi partiyalar da yaxşı başa düşürlər.
-SAİ-nin seçki ərəfəsində təsis olunması belə deməyə əsas verirmi ki,
institut daha çox ölkədə keçiriləcək parlament seçkiləri, həmin ərəfədə
cərəyan edəcək siyasi proseslərə xüsusi diqqət ayıracaq?
-Əslində belə deməzdim ki, əsas planlarımız bir neçə ay sonra
keçirilməsi planlaşdırılan parlament seçkilərinə görə qurulub. Əsas
məqsədimiz dövlətimizin apardığı uğurlu siyasətə dəstək olmaq, ölkəmizin
xaricdə layiqincə tanıdılmasına və təbliğ olunmasına dəstək olmaqdır.
Həmçinin hüququ pozulmuş bir milyon qaçqın və məcburi köçkünlərimizin
hüquqlarının bərpa olunması yolunda beynəlxalq təşkilatlarla əməkdaşlıq
qurmaq, erməni lobbisinin ölkəmiz haqqında həyata keçirdiyi qarayaxma
konpaniyasına qarşı tutarlı faktlarla dolu layihələr həyata keçirmək
nəzərdə tuturuq. Bu il ölkəmizdə baş tutacaq parlament seçkiləri ilə
bağlı araşdırmalarımız və təhlillərimizin olması da normal hal kimi
qəbul olunmalıdır.
-SAİ-nin tərkibində əsasən hansı peşə sahibləri təmsil olunacaq və
institutun apardığı araşdırmalar, təhlillər cəmiyyətə hansı formada
çatdırılacaq?
-Strateji Araşdırmalar İnstitutu ixtisası siyasət, tarix, iqtisadiyyat,
hüquq, jurnalistika və s. olan peşəkar, dövlətinə, vətəninə, xalqına
sədaqətlə bağlı olan şəxslərlə əməkdaşlıq edəcək. Gücümüzə güc qatıb
ölkəmiz üçün uğurlu işlər görəcəyimizə inanıram. Xaricdə yaşayan və
ölkəmizin imici üçün yaxşı fəaliyyətləri olan həmyerlilərimizlə də sıx
əlaqələrimiz olacaq. Qeyd etdiyim kimi media ilə də əməkdaşlığımız
olacaq. Haqqımızda və fəaliyyətimizlə bağlı olan yeni məlumatlar dərhal
media vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. Ancaq müasir imkanlardan
istifadə edərək sosial şəbəkələrin də imkanlarından yararlanmağı
düşünürük. Artıq facebook sosial şəbəkəsində İnstitutun rəsmi səhifəsi
yaradılıb
-SAİ-nin dünyanın tanınmış nüfuzlu strateji araşdırmalar mərkəzləri ilə
hansısa formada əməkdaşlığı nəzərdə tutulurmu və həmin əməkdaşlıq əsasən
hansı istiqamətlərdə özünü ehtiva edəcək?
-Təbii ki, əsas məqsədlərimizdən biri də dünayanın tanınmış beyin
mərkəzləri ilə qarşılıqlı əməkdaşlıqların qurulmasıdır. Ancaq əlbəttə ki
dövlətimiz və ölkəmizin maraqlarına zidd olan beyin mərkəzləri ilə
deyil. Ölkəmizi və dövlətimizi sevən, ərazi bütövlüyümüzə və
hüquqlarımıza hörmətlə yanaşan beyin mərkəzləri ilə əməkdaşlıqlarımızı
geniş formada həyata keçiriləcəyini planlaşdırmışıq. Həmin beyin
mərkəzlərinin nümayəndələrinin ölkəmizə dəvət olunması və bizim
ekspertlərin həmin mərkəzlərə dəvət olunması kimi fəaliyyətlər, birgə
beynəlxalq konfransların keçirilməsi və s. nəzərdə tutulur.