"Dünyanın heç bir ölkəsi hansısa bir vətəndaşın və yaxud da jurnalistin ölümündən sığortalanmayıb. Baş verən hadisə hər ölkədə ola bilər. Nə dövlət, nə də hakimiyyət ölkə əhalisinin hər birinin gün ərzində nə edəcəyini araşdıra və yaxud planlaşdıra bilməz”. Bu fikirləri SİA-ya Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev "ann.az” saytının əməkdaşı Rasim Əliyevin ölümü ilə bağlı radikal müxalifət mətbuatının qərəzli yazılar dərc etməsinə, eləcə də bir sıra Qərb təşkilatlarının məsələni siyasiləşdirməsinə münasibətini bildirərkən deyib.
Politoloq qeyd edib ki, əgər belə bir cinayəti hakimiyyət nümayəndəsi
və ya hansısa siyasi partiyanı təmsil edən şəxs etsəydi, o zaman
müxalifət cinayət hadisəsində siyasi motiv axtara bilərdi: "Amma hansısa
futbolçunun jurnalistə qarşı cinayət əməli törətməsinə siyasi don
geyindirmək özü bir məsuliyyətsizlikdir. Hadisəyə siyasi don geyindirmək
acizlikdən, riyakarlıqdan başqa bir şey deyil. Ortada bir cinayət əməli
var və cinayətkarlar öz cəzalarını alacaqlar. Buna heç kimin şübhəsi
olmasın. Bu cür siyasi şou ilə məşğul olan yerli və xarici dairələr
bilməlidirlər ki, jurnalistin ölmünə səbəb olmuş hadisəyə ölkə
Prezidenti cənab İlham Əliyev anında reaksiya verdi və hadisədə əli olan
hər kəsin cinayət məsuliyyətinə cəlb olunmasına görə göstəriş verdi.
Bununla da cənab Prezident bir daha göstərdi ki, hər bir azərbaycanlının
prezidenti və hər bir jurnalistin dostudur. Ölkə başçısı hər zaman
xalqının yanındadır. Ona görə də bəyanatlar verən beynəlxalq təşkilatlar
öz şoularından əl çəksələr yaxşı olar. Həmin təşkilatlara və dairələrə
məsləhətimiz bu olardı ki, hadisə ilə bağlı dəqiq informasiya alıb sonra
bəyanat verməyə hazırlaşsınlar. Futbolçu nə zamandan bəri dövlət və
hakimiyyət orqanlarını təmsil edir ki, onun etdiyi səhvi hakimiyyətin
adına yazırsız?! O bəyanatları verən təşkilatların ölkələrində bu cür
hadisələr dəfələrlə baş verib. Heç görəsən həmin ölkənin başçısı öz
vətəndaşına belə diqqət və qayğı ilə yanaşıbmı? Bütün bunları nəzərə
alaraq qeyd edirəm ki, beynəlxalq təşkilatların verdikləri bəyanatlar
növbəti ikili standartların göstəricisidir”.