Vətəninfo.az Azpolitika.info-ya istinadən bildirir ki, Prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin
iclasında AZAL-ı sərt tənqid etməsindən, aviabiletlərin qiymətlərinin
süni şəkildə qaldırıldığını deməsindən sonra Cahangir Əsgərovun özünü
xilas etmək üçün çabaları onu düşdüyü vəziyyətdən xilas edə bilməyib.
Demək olar ki, hər gün AZAL-la bağlı mediada yazılar dərc olunur,
şirkət rəhbəri Cahangir Əsgərovun fəaliyyəti hakimiyyətə yaxın
deputatların ciddi tənqidinə tuş gəlir. Hərdən elə təəssürat yaranır ki,
uzun illərdir ki, özünü "göyləri kralı” hesab edən şirkət rəhbərinin
vurulması üçün sanki bir yerlərdən düyməyə basılıb.
İyulun 29-da ATV-nin əsas xəbər buraxılışında "AZAL-ın bilet fırıldağı”
başlığı ilə təqdim edilən geniş araşdırma materialının yayımlanması
C.Əsgərovun taleyinin indi yalnız prezidentin bir imzasından asılı
vəziyyətə düşdüyünü göstərdi.

ATV-nin
hakimiyyətdəki ikinci soyada yaxın olduğunu nəzərə aldıqda, bu o
deməkdir ki, C.Əsgərov iqtidar daxilində ən ciddi dəstəyini də itirib.
İddialara görə, C. Əsgərovun məlum dəstəkdən məhrum edilməsinin əsas
səbəblərindən biri qiymətlərin qaldırılması barədə iradlara AZAL-ın
"Avropa Oyunlarına idmançıları pulsuz gətirmişik” izahatı olub. Bu,
iqtidarın son illər ən uğurlu projesi olan Avropa Oyunlarına "kölgə
salmaq” kimi dəyərləndirilib və C.Əsgərovun özünün, necə deyərlər,
"bileti kəsilib”.
C.Əsgərovun hədəfə gəlməsinin daha bir mühüm səbəbi AZAL-ın vergi
ödəmələrində maliyyə maxinasiyalarına yol verməsidir. Məlum olub ki,
AZAL-ın 2014-cü il üçün vergi ödənişləri 29.7 milyon manat hesablansa
da, faktiki ödəniş 14.6 milyon manat olub. Ölkənin ən gəlirlə işləyən
sahələrindən biri olan AZAL-ın vergi ödəmələrində "borclanması”
hakimiyyətdə C.Əsgərovla bağlı ciddi şübhələr yaradıb. Üstəlik, nə qədər
qəribə səslənsə də, AZAL-ın rəsmi qeydiyyata düşməyən "qaçaq uçuşlar”
həyata keçirməsi barədə də hakimiyyətə məlumatlar daxil olub.
Təsadüfi deyil ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin rəisi Kamran Əliyev ötən həftə keçirdiyi mətbuat konfransında
AZAL-la bağlı da məsələyə toxunub. "AZAL-ın bilet qiymətləri ilə bağlı
əsaslı şikayət olarsa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində ümumi qaydada araşdırma aparıla bilər” deyə, idarə rəisi
bildirib. Kamran Əliyev bu açıqlaması ilə Cahangir Əsgərovun
"toxunulmazlıq” statusunu itirdiyinə işarə etmiş oldu.

AZAL
prezidentinin mövqelərinin sarsılması onun əzəli rəqiblərini də
hərəkətə keçirib. Məlumdur ki, AZAL ölkə başçısının 5 avqust 1998-ci il
tarixli 743 saylı fərmanı ilə yaradılan Nəqliyyat Nazirliyinin
strukturuna daxildir. Amma bu illər ərzində AZAL rəhbəri Nəqliyyat
Nazirliyinin kollegiya iclaslarında iştirak etməyib. Halbuki Əsasnaməyə
görə, Nəqliyyat Nazirliyinin kollegiya iclaslarında quruma daxil olan
digər strukturlar kimi, AZAL rəhbəri də iştirak etməlidir. C.Əsgərovun,
bu, yumşaq desək, sayğısızlığını nəqliyyat naziri Ziya Məmmədov heç vaxt
həzm etməyib.
Nəqliyyat Nazirliyi AZAL-ın işinin tənzimlənməsi prosesindən tam
kənarlaşdırılıb. Bununla barışa bilməyən Z.Məmmədov bir neçə dəfə məsələ
qaldırsa da, C.Əsgərovun "qoruma altında olması” nazirin istədiyi
nəticəni verməyib. Məlumatlara görə, bu səbəbdən uzun illərdir ki,
nazirlə AZAL prezidenti arasında münasibətlər gərgindir. C. Əsgərovun
hakimiyyətin gözündən düşməsi onun rəqibləri sırasında ən çox Z.
Məmmədovu sevindirib.

C.
Əsgərovun "vurulmasının” səbəbləri sırasında onun baş nazirin keçmiş I
müavini Abbas Abbasov və yəhudi əsilli milyarder Telman İsmayılovla
dostluğunu hələ də davam etməsi ola bilər. Xatırladaq ki, Cahangir
Əsgərov vaxtilə "AST Telman”ın ad günündə ona üstü brilyant qaşlarla
bəzədilmiş çox bahalı hədiyyə etməsi ilə yadda qalmışdı.(musavat.com)
Qeyd edək ki, hökumətə yaxın mənbədən "AzPolitika.info”-ya daxil olan
məlumatda da, AZAL şefinin yaxın vaxtlarda istefaya göndəriləcəyi
bildirilir. "Bununla bağlı artıq siyasi qərar verilib. Onun
yerinə hazırda AZAL-da yüksək vəzifə tutan şəxslərdən birinin
gətiriləcəyi gözlənir” -deyə mənbə qeyd edir.
Mənbəmiz Cahangir Əsgərov hansı səbəbdən hədəfə çevrilməsi barədə bilgi
verməsə də, onun hakimiyətdəki bütün dayaqlarını itirdiyini vurğuladı.
Cahangir Əsgərovun gələcək taleyi barədə hansı qərarın verildiyi isə
hələlik məlum deyil.