Ramiz Alıyev “Strateji Araşdırmalar İnstitutu“nun rəhbəri oldu
Politoloq Ramiz Alıyev "Strateji Araşdırmalar İnstitutu"nun rəhbəri
olub. İnstitutun rəhbəri tanınmış gənc politoloq Ramiz Alıyev bizimlə
söhbətində "Strateji Araşdırmalar İnstitutu"nun məqsədi və görəcəyi
işlərə toxunub: "Qarşıda duran məqsəd yalnız ölkə səviyyəsində deyil,
beynəlxalq əlaqələrimizdən də istifadə edib daha geniş formada ölkəmizi
tanıtmaq və dünyada güclü mövqeyə malik olan siyasi mərkəzlərlə
əməkdaşlıq etməkdir. Bu asan bir proses olmasa da qarşımıza qoyduğumuz
məqsədə çatmalıyıq. Ona görə də savadlı və intellektual səviyyəli
gənclərimizin bilik və bacarığından maksimum yararlanmağı düşünürük.
Eyni zamanda onu deyə bilərəm ki, vətənpərvər, dövlətinə bağlı savadlı
araşdırmaçı gənclərə aramızda xüsusi yer veriləcək. "Strateji
Araşdırmalar İnstitutun"a ixtisası siyasət, tarix, iqtisadiyyat, hüquq,
jurnalistika olan peşəkarlar cəlb ediləcək. Xarici mətbuatda ölkəmizin
təbliği üçün müxtəlif məqalə və yazıların müəllifi olan KİV
nümayəndələri ilə, xaricdə yaşayıb ölkəmizin təbliğatçısı olanlarla sıx
əməkdaşlıq edərək bu imkanlarımızı genişləndirib birlikdə yararlanmağı
düşünürük. Təbii ki, müxtəlif hadisələrlə bağlı siyasi araşdırmalar,
təhlillər apararaq yerli və xarici mətbuata çıxmağı da planlaşdırmışıq.
Düzdür, çətinliklərimiz, nöqsanlarımız da olacaq, təbiidir. Amma ümid
edirəm ki, dövlət və dövlətçiliyimizin qorunmasında hər bir çətinliyin
qarşısında duruş gətirməliyik. Əsas məqsədimiz hər zamankı kimi
dövlətçiliyə xidmət, cənab Prezidentin apardığı uğurlu siyasətə dəstək
olaraq ölkəmizin təbliğatını gücləndirmək olacaq. Düşünürəm ki, bu da
hər birimizin ən ali borcudur!”