Saat

Saat
  Aydın Canıyev


Növbənöv saatlar var: "Raketa", "Luç", "Kvarts". Qola taxılanı, divardan asılanı, stolun üstünə qoyulanı. İndi təzə saat ixtira ediblər: komendant saatı. Nə divardan asılır, nə stolun üstünə qoyulasıdı, nə də qola bağlanası. Bu saatın markası və təyinatı elədi ki, gərək xalqın belinə bağlayasan. Özü də hər xalqın belinə gəlmir. Məsəl üçün, Rusiya istehsalı olan bu saatı gürcü batono Eduard Amvrosiyeviç Şevardnadze (o dünənə qədər SSRİ xarici işlər naziri idi və başa düşdü ki, day onun diplomatlığı heç nəyə yaramır, nöşün ki, özü demişkən, diplomatiya hadisələri qabaqlayır, onçun da isefa verdi - A.C. ) bəyanat verdi ki, bu saat gürcü xalqına yaraşmır, olmaz! Və komendant saatını açdılar gürcülərin belindən. Əmbə  görünən budu ki, bu saat yoldaş Məmmədin xalqının belində yaxşı qalır. Onçun da bizə ard-arda bu saatı belimizə bağlamağı həm tövsiyə, həm də bizdən tələb edirlər.
Hə, onu da deyim ki, bu saat ancaq gecələr işləyir və gündüzlər "zaryadka" yığır.
O axşam da evə gedəndə komendant saatının işlədiyi vaxt idi. İşdən - "Kommunist" qəzetini çapa verib payi-piyada nəşriyyatdan Qoqol, 3-dəki (indi "Mado" açılıan binaya - A.C.) kirayə qaldığım evə gedərkən yolda "komendant saatının əqrəbləri" - rus əsgərlərinin "hərəkətinə" mane oduğum və "narahatlıq" yaratdığım üçün biri fitlə məni səslədi və barmağının işarəsi ilə hüzuruna çağırdı...
... Bir Mirzə Məmmədov olub - maarif naziri. Mircəfər Bağırovla şeş-beş oynayalardandı. Həm də bizim indiki kiril əlifbasına keçid üzrə dövlət komissiyasının rəhbəri. Ona qədər isə İranda konsulumuz işləyib. Səfirliyin tədbirlərinin birində SSRİ-nin İrandakı səfiri Matveyev bunu şəhadət barmağının işarəsi ilə çağırır. Lerikli balası Mirzə Məmmədov özünü görməzliyə vurur. İkinci dəfə də Matveyev onu hədəqarışıq şəhadət barmağının işarəsi ilə yanına çağırır. Mirzə müəllim üzünü əks tərəfə çevirir. Bundan hirslənən Matveyev yaxınlaşıb əsəbi şəkildə Mirzə müəllimdən niyə vəzifə və rütbəcə ondan böyük olan Matveyevə etinasızlıq və saymazyanalıq etdiyini soruşur. Mirzə müəllim "tovariş Matveyev, İranda ərbab nökərini şəhadət barmağı ilə çağırır, mən sənin nökərin deyiləm, sən də səfir - vəzifə və rütbəcə böyük biri olaraq təmsil etsdiyin ölkəni təmsil olunduğun ölkədə rüsvay etməmək üçün buranın adət-ənənələrini bilməlisən".
"Yoldaş Məmməd" - Mirzə müəllim konsulluqdan geri çağırılır və Mircəfər Bağırov əhvalatdan hali olandan sonra şeş-beş oynaya-oynaya Mirzə müəllimə deyir: "Deyə bilmirdin Matveyev, mat tvoyu...?"
... Mən fit səsiylə və şəhadət barmağıyla məni çağıran "komendant saatının əqrəbinə" - əsgərə heç nə demədim. Deyə bilməzdim. O saat da "saatın əqrəbləri" - avtomatlar dillənəcəkdi. Həm də onlar mənimlə bir ölkənin vətəndaşı idilər. Bu ölkədə iş mexanizminə, qanunun işləməsinə mane olmaq cinayət məsuliyyəti yaratdığı kimi, saatın da belimizdəki rahatlığına etiraz etmək olmazdı... Və mən də, sadəcə, general Tyaqunovun imzaladığı buraxılış vərəqini təqdim edib, icazə veriləndən sonra evə doğru addımladım...
Evə çathaçatda gördüm ki, siçanlar çörəkbişirmə sexinin ətrafında sakitcə gəzişir, pişiklər onları marıtdayır, itlər ləlöyün-ləlöyün gəzir, pis oldum. Bu ölkədə itlər, pişiklər və siçanlar belə azaddırlar...
Adamın ürəyindən keçir ki adam... it, pişik, siçan ol...mamaq üçün azad olmalıdır. Azad olmaq üçün isə... adam özünə özünə layiq olan saatı yaraşdırmalıdı!
1991-ci il.
YAZIYA ƏLAVƏ: "Azərbaycan" nəşriyyatından evə redaksiyanın xidməti maşını gətirməliydi. Sürücü Əzim dayı yaşlı kişiydi və ən axıra da qəzetin buraxıcısı olaraq mən qalmışdım. Əzim dayı 9-cu mikrarayondan təzədən nəşriyyata, ordan "Torqovı"ya, "Torqovı"dan təzədən evinə qayıtmasın və həm də mən daha iki saat yubanmayım deyə risk edib (bəzən rus əsgərləri xəbərdarlıq etmədən də atəş açırdılar - A.C.) piyada yarım saata çatacağım evə tələsirdim. Ki... saatyarım artıq yatım. Çünki səhər dərsə gedəcəkdim BDU-nun jurnalistika fakültəsinə, ordan çıxıb "Ədəbiyyat" qəzetinə buraxıcılıq etməyə. Gecə də... nəşriyyatın sexində qəzet boşaltmağa. Bir gündə üç yerdə, ümumilikdə dörd yerdə işlədiyim dönəmlərdən bu günün, daha doğrusu, ən azından, son beş ilin işsizliyindən sonra fikirləşirəm ki, bu ölkədə dəyişən heç nə yoxdu. Bizi yenə də fitlə səsləyirlər, şəhadət barmaqlarıyla çağırırlar. Çağıranlar ruslar, iranlılar olmasa da, özümüzkülərdir və onlar vəzifəcə və rütbəcə böyükdürlər!
İndi biz həm də işsizik!
İndi biz həm də müstəqilik!
İndi biz yenə də... adam olmağı arzulayırıq!
İndi biz... belimizdə Amerika istehsalı olan "demokratiya saatı" gəzdiririk!
2017
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az