Xaçmazda “saray çevrilişi”nə bərabər toplantı
Parlament seçkiləri ilə bağlı siyasi səhnədə ciddi
aktivlik müşahidə olunmasa da pərdəarxasında gizli planlar qurulur. Bu
proseslərdən biri haqda cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub.
Belə ki, söhbət Xaçmaz rayonu və seçkidən sonra bu rayonda baş tutacaq
kadr dəyişikliyi ilə bağlıdır.
Vətəninfo.az xəbər verir ki, Xaçmazdakı mənbələrdən Cumhuriyyət.az-a daxil olan məlumata görə, Xudat şəhər
icra nümayəndəsi Akif Mərdanov öz yaxın ətrafı arasında tezliklə rayon
icra hakimiyyətinin başçısı olacağı haqda təbliğata başlayıb. Belə ki,
A.Mərdanov özünə yaxın bildiyi şəxslər arasında parlament seçkilərindən
sonra hazırki icra başçısı Şəmsəddin Xanbabayevin vəzifədən azad
olunacağını və onun bu posta təyin ediləcəyini bildirir. Bu haqda
məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiklərinə görə hazırki şəhər
merinin icra başçısı olacağına dair əminliyi bir müddət öncə Xaçmazda
baş tutmuş bir toplantı ilə bağlıdır: "Bir neçə gün öncə Xaçmaz
şəhərində yerləşən məşhur "Çeşmə” restoranında rayonun və bölgənin bir
neçə vəzifə sahibləri toplaşıb. Öncədən planlaşdırılan bu toplantıda 56
saylı Xaçmaz kənd seçki dairəsindən deputat mandatı almış İlham Əliyev
də iştirak edib. Burda deputat növbəti seçkilərdə də eyni dairədən
namizədliyini verəcəyini və seçkidən sonra bu rayonun kurtatorluğunu da
ələ keçirəcəyini bildirib. Toplantıda iştirak edənlər arasında seçkidən
sonrakı kadr islahatları zamanı vəzifə bölgüsü aparılıb və bu bölgüdə
A.Mərdanov Xəçmaz rayonunun gələcək icra başçısı kimi təqdim olunub.
Maraqlıdır ki, bu tədbirə icra başçısı Ş.Xanbabayev qatılmayıb”.
Mənbəmiin sözlərinə görə A.Mərdanovun öz ətrafına
verdiyi müjdə də bu toplantıdan qaynaqlanır. O hətta icra başçısı
olacağına ən yüksək səviyyədə vəd verildiyini də bildirib. Nəzərə alsaq
ki, İ.Əliyev sıradan bir deputat deyil və PA rəhbəri Ramiz Mehdiyevin
yaxınıdır, onda Xudat merinin iddialarının hardan qaynaqlandığı bəlli
olar. Onu da bildirək ki, bir müddət əvvəl Xaçmaz rayon icra
hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin birinci müavini işləmiş
Akif Mərdanov bir sıra səs-küylü məsələlərdən sonra öz vəzifəsindən azad
olunub. Lakin çox keçmədən Xudat şəhər inzibati ərazisinin nümayəndəsi
təyin olunan bu şəxsin vəzifəsindən çıxarılması və rayon icra başçısı
barədə yayılan şaiyələrlə bağlı müxtəlif söz-söhbətlər dolaşır. Bütün
bunlar haqda isə növbəti yazımızda.
Bizi izləyin…
Vətəninfo.az