"Fuad deyirdi ki, biz pul almalıyıq Əli Kərimlini istefaya göndərək"

AXCP EQTK-nın sədri Razi Nurullayevdən sensasion iddialar

AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayevin AXCP-dən ayrıldığı gündən etibarən verdiyi açıqlamalar, atdığı addımlar müzakirə mövzusudur. Son olaraq iki gün öncə R.Nurullayev Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə müraciət edib. O, AXCP-nin Nərimanov şöbəsinin sədr müavini Bəhruz Tağızadənin cebhe.info-ya verdiyini müsahibədən sonra partiya rəhbərliyi tərəfindən şantaj olunması və az qala özünəqəsd vəziyyətinə gətirilməsi məsələsinin ciddi araşdırılmasını rica edib. Son günlər R.Nurullayevin atdığı addımlar və AXCP rəhbərliyi ilə bağlı verdiyi açıqlamaların aktuallığını nəzərə alıb, onu redaksiyamıza dəvət etdik. "Yeni Müsavat”ın əməkdaşlarına müsahibəsində R.Nurullayevsensasion açıqlamalar verdi.

-Bəs, "Azadlıq” qəzeti kollektivin durumu niyə hər zaman ağırdır?

Qəzetə gələn maliyyədən redaksiyaya çatmayıbmı? - "Azadlıq” qəzetində şəxsiyyətinə hörmət bəslədiyim insanlar da var. Onlar nə zamansa çay süfrəsi arxasında etiraf ediblər ki, heç bir zaman bu qəzetə gələn pullar bizimlə paylaşılmadı. Amma gələn pullar hər zaman hansısa məqsədlərə görə xərcləndi. Bunu "Azadlıq” qəzetində işləyən həmkarlar səsləndiriblər. Onlar canını ortaya qoyublar, işləyiblər, amma buna baxmayaraq, həyatlarında, sosial durumlarında hər hansı dəyişiklik olmayıb.

-Hər halda son vaxtlara qədər KİVDF-dən də ciddi maliyyə ayrılırdı qəzetə.Onlar nəyə sərf olunurdu?

-Mənə deyilən məlumat budur ki, o fondun pulunun üzərində Əli Kərimli fərman verib. O pulun xərclənməsinə Əli Kərimli nəzarət edib və o, qəzetə çatmayıb. Necə olsun, necə paylanılsın… özü qərar verib. Amma o puldan jurnalistlərə heç nə verilməyib. Ola bilsin ki, araşdırma yazıları verilib, amma onlara pul çatmayıb.

-Daim əməkdaşlıq etdiyiniz beynəlxalq təşkilatlar sizin bu son addımlarınızla bağlı nə deyirlər?

-Beynəlxalq təşkilatlar, səfirliklər diplomatik korpuslardır. Bu səbəbdən də onlar susmağa üstünlük verirlər. Amma bu gün siz onlardan "Əli Kərimlini yox, Razi Nurullayevi dəstəkləyirik” açıqlamasınıeşitməyəcəksiniz. Bu, baş verməyəcək. Diplomatlar heç zaman belə açıqlama vermirlər. Onlara bu barədə sual versəz də, deyəcəklər ki, "bu, məhkəməpredmetidir, özləri dil tapar, danışarlar”. Mən partiyada sədr müavini olduğum zaman da səfirliklərdə, beynəlxalq təşkilatlarda görüşlərim olurdu. Orada da mənə yaxın xeyli adam vardı və deyirdilər ki, siz özünüzə ayrıca partiya yaratsanız, təşkilatlansanızdaha yaxşı olar. Eyni simalarla bir yerdə qalmaq heç bir nəticə verə bilməz. Steynar Gilin fikri vardı ki, "mən səfir olanda da ölkədə eyni adamlar idi, indi də”. Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, diplomatik korpuslarınhamısı eyni düşüncədədir.

-Razi bəy, siz Əli Kərimliyə qarşı bir cəbhə açmısız, açıqlamalar, bəyanatlar verirsiz. Amma Əli Kərimli ona xas olmayan bir şəkildə adekvat cavablar verə bilmir, təklənmiş kimi görünür. Əvvəl xorla cavab verirdilər, indi isə səslər çox zəif gəlir.

- Hesab edirəm ki, Əli Kərimli hazırda bizimlə apardığı qeyri-ciddi və ədalətsiz mübarizədə uduzub. Məncə atıq ictimaiyyət bunu görür. Əli Kərimli zamanında dəstək aldığı adamlardan dəstək ala bilmir. Biz monitorinq aparmışıq. Bizə olan media, jurnalist dəstəyi 92-93 faizdir. İnsan özünü necə yıprada bilər ki, onu ancaq "Azadlıq” qəzeti müdafiə etsin?

-Gültəkin Hacıbəyli, "Azadlıq” qəzeti, sosial şəbəkədəki bir neçə nəfər…

-Gültəkin Hacıbəyli məsələsinə toxunum. Xanım açıqlama vermişdi ki, Əli Kərimli möhürünü verə bilər, o, özü bir möhürdür, satıla bilməz və s. Mən heç kimin şəxsiyyətinə yönəlik demirəm. Amma bu, bir balladadır ki, Əli Kərimli Azərbaycana siyasi satqınlığın düsturunu gətirib. İlk dəfə o, hakimiyyətlə danışıqlara girərək, parlamentdə yer almaq ənənəsini qoyub. Hakimiyyətdən pul almaq və paylaşmamaq ənənəsini qoyub. Bu gün Əli Kərimli bəlkə də yeganə partiya sədridir ki,paylaşmağı bacarmır.Əli Kərimli hər zaman o qədər alıb ki, ona elə gəlir, ona hər zaman nəsəverilməlidir və heç kəslə paylaşmamalıdır. Əgər siyasətçi özü nəsə alıb, hər zaman yaxşı yaşayırsa, kondisionerli maşında gəzirsə, firavan həyat tərzi keçirirsə, övladları xaricdə və bahalı məktəblərdə oxuyurlarsa, o zaman başqalarından məhrumiyyətli həyat yaşamağı tələb edə bilməz. Necə ola bilir ki, Əli Kərimli hakimiyyətin üzərinə bu qədər gedir və eyni zamanda yaxşı yaşayır? Bahalı maşını, cangüdəni var, bazarlığını edir, media orqanı var, qəhrəmanlıq edir, hakimiyyət isə buna mane olmur. Çünki bu gün də hakimiyyətin müəyyən qolu ilə oyun içərisindədir. Yenə də onun bağlı olduğu məqamlar, saxlamaq istəyənlər var. Siz bu gün gedin YAP-la, prezidentlə bağlı sosial şəbəkədə şərh yazın, onun içərisində də azca təhqir elementi olsun, dərhal həbs olunacaqsız. Necə olur ki, Fuad Qəhrəmanlı təhqir yağdırır, Əli Kərimli hakimiyyətdəkilər, hakim komanda haqda ən sərt sözləri deyir, amma ona toxunmurlar?

-Deyirsiz, bu, razılaşmanın şərtidir?

- Təbii ki. O qədər insan günahsız yerə tutulub, bunlara niyə toxunulmur? Bunların üzərində mələk əli var? Hansıdır bu mələk əli? Bunu müəyyənləşdirmək lazımdır ki, bunları qoruyan kimdir? Niyə hakimiyyətdən onlardan da çox narazı insanlar var ki, narazılığını ürəyində saxlayır, qorxusundan heç nə yazmır, demir. Amma bunlar "tormozsuz”, heç bir əngəlsiz istədiklərini deyir, yalançı qəhrəmanlara çevrilirlər, heç vaxt tutulmurlar?!Necə oldu,2 apreldə Fuad Qəhrəmanlı tutulmadı? Halbuki hadisələrin önündə gedirdi, təşkilatçılığı da eləmişdi. Onu tutmayıb şərti iş verdilər, amma qalanlarını damladılar. O cümlədən, Arif Hacılı həbsə girdi...

-Elə bu dediyiniz şayiələr yaransın deyə, hakimiyyət Əli Kərimlini bu cür gözdən salmaq üçün ona və yaxın ətrafına toxunmaya da bilər…

-O şayiələrin yaranması hakimiyyətə nə verir ki? Nə xeyri var hakimiyyətə? Onunla Əli Kərimlini zəiflətdilər, satqın obrazı yaratdılar? Ona görə də əgər dediyiniz kimi, bu, bir taktikadırsa, bu, çox qeyri-peşəkardır. İnanmıram ki, hakimiyyət belə qeyri-peşəkar davransın. Fuad Qəhrəmanlı ilə mənim söhbətim olub. O özü şəxsən mənə deyib ki, "Razi, hakimiyyətdən daha bir dayaq tapmaq lazımdır, hal-hazırda mənə verilən pul mənə bəs etmir. 6 min dollar müqabilində müəyyən məsələləri edərəm”. Yəqin Fuad ürəyində düşünür ki, mənim bu dediklərimlə bağlı əlimdə audio sübutlar var. Amma mən onun kimi düşüncəsiz və mədəniyyətsiz deyiləm. Əgər Fuadı bitirmək istəsəm, bitirərəm. Amma məsələ burasındadır ki, mən onu şəxsiyyətimə, insan şəxsiyyətini bu formada alçaltmağı öz şəxsiyyətimə sığışdırmıram. Bilsin ki, onu bitirmək üçün…

-Bu, Fuad Qəhrəmanlıya hədədir?

-Xeyr, hədə deyil. Mən bunu facebookdada yazmışdım. Məndən ona, ondan da mənə mesajlar aparan şəxslər var.

-Əlinizdə onu bitirəcək nələrsə var?

-Bəli. Və nəinki mənim, çox adamın əlində onu bitirəcək məqamlar var. Mənə də maraqlıdır ki, bu, niyə olmur? Məsələn, mən bunu edə bilmərəm. Çünki insan şəxsiyyətini alçaldan, sərt məsələlərin üzərinə getmək istəmirəm.

-Fuad Qəhrəmanlı 6 min dolları niyə istəyirdi?

-2018-ci ilə qədər sağ qalmaq üçün. Deyirdi ki, "artıq siyasətdə durğunluq yaranır. 2015-ci ildə seçkilərdə bizə yer verilməyəcək. Biz hakimiyyətə bir yol tapmalıyıq. Biz pul almalıyıq və sonra 2018-ci ildə Əli Kərimlini istefaya göndərə bilərik. Ondan əvvəl bunu bacarmayacağıq”.

-Yəni, Fuad Qəhrəmanlı liderini satmağı ayda 6 min dollara təklif etmişdi?

-Bəli, bu təklifi edib. Yalan detektorunda bunu deməyə, üz-üzə gəlib, bütün bu detalları açıqlamağa da hazıram. Hətta mən orda Fuada dedim ki, Fuad, sənin haqqında hakimiyyətə yol tapman barədə söhbətlər gəzir. Sən başqa hansı yoldan danışırsan? Dedi ki, mənim əlaqəm var, amma o pul mənə bəs etmir. Əli Kərimlinin də bundan xəbəri var. Belə bir ifadə işlətdi ki, əgər belə bir şey baş tutsa, yəni, ayda 6 min dollarlıq axın baş versə, bundan Əli Kərimlinin xəbəri olmasın. Çünki ona bir mənbəni deyirsən, onda sənə inam yaranır. İnam yaranandan sonra da işini gör. Əli Kərimli inansın ki, sənə nəzarət edir. O biləndə ki, sənə nəzarət edir, sənin barəndə gedib ona nəsəçatdırsalar da, heç bir faydası olmur. Çünki deyir ki, onsuz da bilirəm. Yəni, Əli Kərimlinin gözündə toxunulmaz şəxs olmaq üçün nələrisə ona təqdim et, sonra gəl öz işində ol. Əsas odu, inamını qazan. Bu, Fuadın siyasətidir. Bunların hamısını açıq şəkildə deyib. Bunu necə danışmışıq? Fuad piyada gəzməyi sevir. Biz iki dəfə Azadlıq metrosundan Gənclik metrosuna qədər piyada gedib-gələndə bu haqda söhbətimiz olub.

-Əli Kərimlinin yanında olan, müxalifət düşərgəsi ilə vuruşan şəxslərdən biri də Rafiq Daşdəmirov idi. O, indi də sizin yanınızdadır. Əli Kərimliyə görə böhtan atdığı, şər yazdığı heç kimdən də üzr istəmədi. Bəs indi o, sizə nə deyir? Maraqlıdır ki, indi onun özünə qarşı eyni, öz metodları ilə mübarizə aparılır…

-Rafiq bəy çox mədəni və intellektual şəxsdir. Onun övladı da tutulandan sonra ona qarşı şər-böhtanın yürüdülməsi olduqca ağırdır. Özü bu barədə heç nə danışmaq istəmir. O cür mədəniyyətdə, canını partiyaya qoymuş, hamı ilə Əli Kərimliyə görə düşmən olmuş şəxs bir qələmdə silinib atılırsa partiyadan, bu, artıq hər şeyə cavabdır.

-Seçkilərdə namizədliyinizi irəli sürəcəksinizmi?

-Belə bir fikrim var. Açığı, namizədliyimi verməyi düşünürəm. Amma YAP-ın siyahısına baxmaq istəyirəm. Ona görə də hansısa bir dairəni deməyi də istəmirəm. Azərbaycan siyasətində parlament seçkilərinin nəticələri bəri başdan bəlli olur. Siyahını ona görə gözləyirəm. Bəlkə mənim namizədliyimi vermək istədiyim dairədən elə adam namizəd olacaq ki, bəribaşdan təyinatını alıb? Ona görə də tələsmirəm, seçki reallığını bilirəm. Ümumi vəziyyəti müşahidə edirəm. Vəziyyətə uyğun hərəkət edəcəm.

-Təşkilatla bağlı son hədəfiniz nədir?

-Azərbaycan Xalq Cəbhəsi Partiyasının hüquqi təmsilçiliyini əldə edəcəyik. Rayon konfranslarımız keçirilir, uğurlu kampaniya apara bilirik. Avqustun 19-dan bu günə qədər gündəmi təşkil edən bizim fəaliyyətimizdir.

-Möhür və ştampı alacağınızı demisiz. Bunun üzərindən yarım aydan da çox vaxt keçib. Bu, sizə real görünürmü? Gəldiyiniz nəticə nədir: çoxmu çətin işin altına girmisiz?

-Qənaətim budur ki, əgər ən sadə insan qarşısına 2 ay ərzində Amerikaya gedib, Barak Obama ilə şəkil çəkdirməyi məqsəd kimi qoysa, bunu amala çevirsə, bunu edəcək. Başqa yolu yoxdur. Bu gün bizim üçün də bu, prinsipdir. Şəxsi prinsipimiz deyil. Bu, həm də müxalifətin xilasıdır, Azərbaycan gələcəyinin Əli Kərimli imitasiyasından qurtuluşudur. Çünki indiyə qədər xalq hər zaman gözləyib ki, Əli Kərimli nəsə edəcək. Amma o, bəzi məqamlarda fəallaşıb, bəzən isə dayanıb, yıprana-yıprana gedib. Əgər bir şəxs özünü lider hesab etdiyi halda, ölkə üçün bu qədər dar bir məqamda xalqı ətrafına yığa bilməyibsə, uğursuz adamdır. Uğursuz siyasətçidən uzaq durmaq lazımdır. Əli Kərimli yaxşı insan, ailə başçısı ola bilər. Amma onun apardığı siyasət iyrəncdir intriqalarla doludur. Bu intriqalar Azərbaycan müxalifətini yıpradır. Onu nə qədər uzaqlaşdırıb neytrallaşdırsaq, dövlətimizin, gələcəyimizin xeyrinədir. musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az